Ziyalılar Forumunun növbəti toplantısı keçirildi
Ziyalılar Forumu dünən ölkədəki vəziyyətlə bağlı toplantı keçirib. Toplantının aparıcısı professor Rafiq Əliyev gündəlikdə üç məsələnin olduğunu bildirib: “Birinci, gündəmin portretini vermək, mövcud vektor hansı istiqamətdədir və ölkəni hara aparır? Mənim fikrimcə, vektorun istiqaməti ürəkaçan deyil, həm iqtidar, həm müxalifət, həm də bütövlükdə ziyalılar üçün.
Çünki o qədər spontan proseslər gedir ki, hamımız ”quyruqdayıq”, gedişat maraqlı olsada, mən qansız olmasını istərdim. Ikinci, tanınmış dramaturq Rüstəm Ibrahimbəyovun ad günüdür, üçüncü hissədə ziyafət olacaq”.
Ölkənin ictmai-siyasi vəziyyəti haqqında danışan forumun üzvü Eldar Namazov bu günlərdə hakimiyyətin ən yüksək səviyyəsində Ziyalılar Forumuna qarşı kampaniyanın aparılması haqqında qərar verildiyini deyib: “Forumun rəhbərliyi məsələni müzakirə etdi, qərara gəldik ki, fəaliyyətimizi davam etdirəcək və genişləndirəcəyik. Konkret olaraq, ilin əvvəlindən Kinematoqrafçılar Ittifaqına qarşı cinayət işi qaldırıldı və rəsmi qərar olmadan, izah etmədən qurumu ofisindən çıxartdılar. Indiyə qədər forumun üzvlərinə qarşı kampaniyalar olmuşdu, son həftə isə xalq yazıçısı Əkrəm Əylisliyə qarşı kampaniyayla yadda qaldı. Məqsədlərdən biri də odur ki, gündəmi dəyişib diqqəti cəmiyyəti narahat edən məmur özbaşınalığından, növbəti seçkilərin necə keçiriləcəyindən yayındırmaqdır”.
Eldar Namazov daha sonra yeni hərəkat – “El Hərəkatı” ilə bağlı məsələyə toxunub. Onun sözlərinə görə, bununla bağlı təşkilatı işlər artıq başa çatmaqdadır və yaxın 10 gündə rəsmi təqdimat olacaq.
Eldar Namazov daha sonra bildirib: “Biz noyabr ayında verdiyimiz bəyanatda yerli və beynəlxalq ictimaiyyətdə seçkilərlə bağlı tədbirlər planını açıqlamışdıq. Hazırda Azərbaycan cəmiyyətinin beynəlxalq ictimaiyyətə müraciəti hazırlanır. 100 ünvana göndəriləcək sənədin məğzi ondan ibarətdir ki, Azərbaycanda yaranmış durum ictimaiyyəti iki seçim arasında qoyub: prezident seçkiləri ya demokratik olacaq, demokratiyaya keçid başlayacaq, ya da kortəbii proseslər başlayacaq. Ona görə də beynəlxalq ictimaiyyətə olan müraciətdə bu məsələlər üstünlük təşkil edəcək: birinci, Avropa Birliyinin Azərbaycan məmurlarıyla bağlı qətnaməsini əsas tutaraq ABŞ Konqresinin ”Maqnitski Aktı”na insan haqlarını pozan rəsmilərin adı salınsın. Ikinci, Venessiya Komissiyasının tövsiyələrini və müxalifətin seçki haqqında memorandumunu nəzərdə tutaraq hakimiyyətdən seçki islahatları tələb edilsin. Üçüncü, prezident seçkilərində beynəlxalq qurumların səslərin paralel sayılması və exit-polların həyata keçirilməsi təmin edilsin. Müraciəti yaxın günlərdə aparıcı partiyalar, müstəqil QHT-lər və gənclər təşkilatları ilə müzakirə edib 100 ünvana göndərəcəyik”.
Yazıçı Zümrüd Yağmur vurğulayıb ki, Azərbaycanda dəyişiklik istəyən qüvvələr üçün ən vacib məsələ birlikdir. “Bizim nicatımız birgə mübarizədədir. Təsəvvür edin ki, hakimiyyətdəkilər hətta Gülər Əhmədovaya sahib çıxdılar, amma biz kiminsə bir səhvi olursa, o saat kənara atırıq”, – deyə yazar əlavə edib.
Forumun üzvü Gültəkin Hacıbəyli son 20 ildəki təlatümləri ötən aya sığdırmağın mümkünlüyünü bildirib: “Mübaliğəsiz deyək ki, qışın ən soyuq ayı olmağına baxmayaraq ictimai fəallıq baxımından çox isti keçdi. Təəssüf ki, qorxularımız tədricən öz yerini alır. Ziyalılar Forumuna heç kimə düşmən deyil, amma bizə düşmən gözüylə baxdılar. Biz Quba və Ismayıllı olaylarını yaşamamaq üçün dəfələrlə xəbərdarlıqlar etmişdik. Düzdür, son bir neçə gündə administrasiyadan icra başçılarına əhaliylə normal davranmaq göstərişi verilib və gələn xəbərlər bunu təsdiqləyir. Biz də onu deyirdik ki, məmurlar insanlarla kölə kimi davranırlar. Proseslər bölgələrdən ona görə başladı ki, rayonlarda insanlar icra başçısının, polisin və prokurorun məhkəmənin zülmü altındadır. Yəni icra başçısının razılığı olmadan məktəb süpürgəçini də işə götürə bilmir, çünki hər şeyin öz ”haqqı” var. Böyük şəhərlərdə bu mənada vəziyyət fərqlidir. Rafiq müəllim deyir ki, hakimiyyətdəkilər özlərini ağıllı göstərdilər, amma dünya tarixində bir nümunə gətirin ki, demokratiya prosesi əks istiqamətdə inkişaf etsin. Dünyanın inkişaf axarının istiqaməti birdir, sadəcə zaman məsələsi var”.
Forumun üzvü Eldəniz Quliyev Əkrəm Əylisliyə qarşı kampaniyanı zəiflik və miskinlik hesab etdi.
Gülnarə Qurbanova Azərbaycanda ən böyük problem məmurların vətəndaşlara “get hara şikayət edirsən et” sözləridir: “Bununla məmurlar insanların qəlbini qırırlar. Bundan sonra insanlar yaşamağa ümidlərini də itirirlər. Bu gün insanlar var ki ”azərbaycanlı olmağa utanıram” deyirlər.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev də Azərbaycanda dəyişikliyə nail olmaq üçün demokratik qüvvələrin birgə mübarizə aparmalı olduğunu bildirib: “Biz vahid orqanzim kimi fəaliyyət göstərməliyik. Əks təqdirdə hansısa uğurlu nəticələr əldə etmək xeyli çətin olacaq”.