Sahibkarlardan şəxsiyyət vəsiqələrinin surətini tələb edirlər
«Bunun da məqsədi həm ticarətçilər arasında xof yaratmaq, həm də pul qazanmaqdı»
“Binə” üsyanından sonra yarmarkada gərginlik davam edir. “Azadlıq”a daxil olan məlumata görə, ötən gün obyekt işlədən sahibkarlara şəxsiyyət vəsiqələrinin surətini gətirmək tələb olunub. Bu barədə “Azadlıq”a məlumatı sahibkarlardan biri verib. Onun sözlərinə görə, şəxsiyyət vəsiqəsinin surətinin yığılmasında əsas məqsəd ticarətçiləri bir-bir polis idarələrinə çağırmaqdı:
“Bunun da məqsədi həm ticarətçilər arasında xof yaratmaq, həm də pul qazanmaqdı. Çünki aksiyaya çıxanlardan bir neçəsindən 3-4 min manat arası pul alınıb. Bəzi dükan sahiblərindən daha çox pul istənilib. Deyilənlərə görə, şəxsiyyət vəsiqəsindəki şəkillə videodakı kadrları tutuşduracaqlar”.
“Azadlıq”a daxil olan başqa bir məlumata görə, yanvarın 22-si “Binə” ticarət mərkəzində bir neçə ticarətçi həbs olunub. Onları məlum aksiya zamanı polisə daş atdıqlarına görə saxlayıblar. Ticarətçilər təhlükəsizlik kamerası ilə müəyyən edilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “musavat.com”a açıqlamasında bildirib ki, dünən kimlərinsə saxlanılmasından xəbərsizdir. O hazırda “Binə” olayları ilə bağlı istintaq tədbirlərinin davam etdirildiyini bildirib: “Kiminsə aparılan istintaq tədbirlərinə cəlb olunması o demək deyil ki, həmin şəxs həbs olunur”.
Moderator.az saytının yazdığına görə, bir neçə ticarətçi mağazalardan əlləri qandallanaraq aparılıb. Sayt yazır ki, müşahidə kameraları yoxlanılaraq, haqqını tələb edən sahibkarlar və satıcı gənclər həbs ediliblər.
“Binə” üsyanına görə, həbs olunan ticarətçilərə ictimai dəstək gəlib. Artıq siyasi partiyalar və bir neçə QHT hakimiyyətin zorakı hərəkətini pisləyib.
Ötən gün Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzi də həbsləri pisləyən bəyanatla çıxış edib. Bundan başqa, hüquq müdafiəçisi Oqtay Gülalıyev də hüquq müdafiəçilərinə və mediaya sələnib: “Hüquq müdafiəçiləri və jurnalistlər yarmarkaya gedərək orada çalışan, 19 yanvar aksiyasının iştirakçıları və digər satıcılarla görüşək, həmin insanların problemlərini, onları narahat edən məsələləri dinləyək, araşdıraq və həlli yolunda onlarla birgə fəaliyyət imkanlarımızı müzakirə edək”.
Ramin DEKO