Bu gün AXCP sədri Əli Kərimli ATƏT-in Bakı ofisinin demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Deçlə görüşüb. Bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb. Görüşdə seçki ilə bağlı mühüt, AXCP-nin, İctimai Palatanın, müxalifətin seçki strategiyası müzakirə olunub. Eyni zamanda ölkənin demokratik qüvvələrinin konsolidasiyasına nail olmaq istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparılıb. Demokratik seçkilərin əsas şərtləri, xüsusilə də siyasi məhbus problemi, sərbəst toplaşmaq azadlığının təmin olunmaması, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməməsi, Seçki Komissiyaların yenidən təşkil olunmaması kimi məsələlər ciddi müzakirə mövzusu olub.
Ə.Kərimli ATƏT təmsilçisinin diqqətinə çatdırıb ki, beynəlxalq təşkilatlar normal seçkilərə əngəl olan məqamlarla bağlı indidən münasibət bildirsələr, daha yaxşı olar. Çünki indiki şərait ölkədə demokratik seçkilərin keçirilməsinə zəmin yaratmır. Ona görə Azərbaycan hökumətini daha israrla islahatlara çağırmaq lazımdır. Yaxşı olar ki, ATƏT, Avropa Şurası, Avropa Birliyi bu baxımdan öz fəaliyyətini koordinasiya etsin. AXCP sədri vurğulayıb ki, siyasi məhbus və seçkilərlə bağlı problemlərin aradan qaldırılması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi ən yaxın zamanda həllini tapmalıdır. Çünki bunlar ölkədə demokratik seçkilərin keçirilməsinin ən mühüm şərtləridir.
Görüşdə eyni zamanda AXCP-yə birbaşa olan basqılar, partiyanın ofisi ilə bağlı problemlər, Əli Kərimliyə hələ də ümumvətəndaşlıq pasportunun verilməməsi, onun qaynı Elnur Seyidovun həbsdə saxlanılması, azad mətbuatın problemləri ciddi müzakirə olunub.
Xəyal