Hüquq müdafiəçiləri Binədə həbs olunan sahibkarları müdafiə edəcək
Hökumət Binə Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlara dünən əməlli-başlı divan tutdu. Döyülmələr, həbslər, gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə və nəhayət saxta cinayət işinin başladılması. Bütün bunlar da ticarət mərkəzinin bir qrup işçisinin bazarda kassa aparatlarının qoyulmasına etiraz etməsi ilə bağlı idi.
Sahibkarların dediyinə görə, əvvəllər topdansatışa görə vergini ticarət mərkəzinin rəhbərliyi özü ödəyirdi. Indi isə rəhbərlik mağazalara-anbarlara kassa aparatları qoydurmağa, bütün yükü sahibkarların boynuna yıxmağa çalışır. Bir sözlə, hökumət Azərbaycan vətəndaşının öz haqqını tələb etməsinə yenə repressiv üsullarla cavab verdi.
Hüquq müdafiəçisi Leyla Yunus deyir ki, Azərbaycandakı rejim nəinki kriminaldır, o həm də camaatla işğalçı bir rejim kimi davranır: “Əgər öz haqlarını tələb edən vətəndaşlara qarşı bu cür qəddar üsullar tətbiq olunursa, deməli onlar insanlara kriminal rejimin işğalı altında yaşadıqlarının mesajını verməyə çalışırlar. Çox təəssüf ki, bizdə çox vaxt insanlar problem birbaşa onlara aid olanda etiraz edirlər. Nə vaxta qədər ki xalq rejimin bu özbaşınalıqlarına qarşı həmrəylik nümayiş etdirmədi, o vaxta qədər də bunlar öz qəddarlıqlarını davam etdirəcəklər. Başını aşağa salıb bir tikə çörək qazanmaqla kifayətlənmək olmaz. Özlərinin, övladlarının, ölkələrinin aqibətini düşünmək vaxtıdır. Yalnız bu halda işğalçı rejimin qarşısını almaq mümkün olacaq”.
Hüquq müdafiəçisi Vidadi Isgəndərli Azərbaycan hakimiyyətinin növbəti dəfə öz korrupsinoner və avtoritar mahiyyətini ortaya qoyduğunu deyir: “Bu adamlar nə istəyirlər ki? Öz hüquqlarını tələb edirlər. Buna görə onları döymək və ya həbs etmək lazımdır? Insanların haqlı tələblərinə qarşı zor nümayiş etdirmək hansı çərçivəyə sığır? Belə görünür ki, ölkə sosial partlayış ərəfəsindədir. Bu gün Binədə baş verdi, sabah başqa rayonlarda olacaq. Ilham Əliyev bütün bunları görmürmü? Əliyev həddən artıq böyük səhvə yol verdi. O, öz xalqına qulaq asmadı, onun problemlərini görməzdən gəldi. Insanlar bu kriminal hakimiyyətdən təngə gəliblər. Ölkə rəhbərliyi isə siyasi situasiyaya adekvat qiymət vermək istəmir”.
Binədə həbs olunan bütün sahibkarların müdafiə etməyə hazır olduğunu deyən V.Isgəndərli bütün həmkarlarını bu prosesə dəstək verməyə çağırıb: “Hamılıqla bu saxta cinayət işinə qarşı çıxmalı, insanların haqsız yerə cəzalandırılmasının qarşısını almalıyıq”.