Yeni açılan su şəhərciyində qiymətlər “od tutub” yanır
Bakı Bulvarında uzun müddətdir təmirə dayanan “Venesiya su şəhərciyi” istifadəyə verilib. Şəhərciyin ərazisi 1000 kvadrat metr də artırılaraq 10 minə çatdırılıb.Bulvar idarəsinin rəsmisi Elşən Səmədov “Azadlıq” radiosuna açıqlamasında su şəhərciyinin yenidən qurulduğunu bildirib: “Körpülər, tunellər, hətta restoranlar belə yenidir. Italiyadan 8 qayıq gətirilib. Bu qayıqları təlimatçılar idarə edir”.
Ötən gün “Venesiya”ya gedib, oradakı vəziyyətlə maraqlandıq. Şəhərciyin girişi iki gözəgəlimli 2 mərtəbəli bina olan restoranlarla açılır. Biri “Venesiya”dı, o biri “Sədəf”. Hər yan isə su ilə əhatələnib. Bəziləri isə buranı “ada” da adlandırırlar. Kiçik qayıqlar gözə dəyir. Qayıq sürənlər əllərindəki torla sudan zibilləri yığırlar. Onlara yaxınlaşıb qayıqla “səyahət” etmək istəyimizi deyirik. Məlum olur ki, hələ istifadəyə verilməyib. Ancaq bir-iki qayıqçı şəhərcikdə ora-bura vurnuxaraq, sanki məşq edirlər. Öyrənirik ki, yaxın günlərdə qayıqlar müştərilərin ixtiyarına veriləcək. O da məlum olur ki, qayıqla gəzmək istəyənlər 20 dəqiqəyə beş manat ödəməlidilər. Qayıqçını da nəzərə alsaq, qayıqda səndən başqa iki nəfər otura bilər.
“Venesiya”da beş-on nəfər gözə dəyir. Kimi şəkil çəkdirir, kimi təmiz hava almaq üçün su şəhərciyində dolaşır, kimisi də ərazini seyr edir.
Biz ərazidə bir az var-gəl edəndən sonra restoranlara baş çəkirik.
“Venesiya”nın aşbazları Italiya, “Sədəf”dəkilər isə milli mətbəxlə müştəriləri salamlayır.
“Vensiya”ya daxil olub menyü ilə tanış oluruq. Ləziz salatlar, soyuq qəlyanaltı, isti yeməklər, pitsalar, içkilər və başqaları… Ancaq burada qiymətlər nəinki aşağı təbəqənin, heç orta təbəqənin də cibinə uyğun deyil. Pittsalar 9-15 manat, isti yeməklər 12-18 manat, soyuq qəlyanaltı 9-15 manat, salatlar 8-15 manat rasında dəyişir. Içkilərin 50 qramı 4-15 manatdır. Menyüdəki qiymətlərlə bizi tanış edən şəxsə burada 50 nəfərlik banket keçirmək istəyimizi deyirik. Siyahıda göstərilən yeməklərin hərəsindən iki-üçünün süfrədə olmasını da arzulayırıq. Hesablama aparılır. Məlum olur ki, 50 nəfərlik bir banket zalına 806 manat pulumuz çıxacaq. Bu hələ harasıdır. Sən, içki və şirə də tələb etsən, ən azı 1000 manatını “Venesiya”da qoyub getməlisən.
“Venesiya”da olan qiymətlər “Sədəf”ə də aiddir. Burada qiymətlər od tutub yanır. Sadəcə “Sədəf”in bir üstünlüyü var ki, o da menyünün bol olmasıdır.
Hər iki restoranda müştəri azlığı gözə dəyir. Bunun səbəbini isə administrator belə izah edir: “Cəmi dörd gündür fəaliyyət göstəririk, ona görə müştəri azdır”.
“Venesiya”dan ayrılıb, Bulvara üz tuturuq. Düzü “Venesiya” da Milli Parkda yerləşir, ancaq adama elə gəlir ki, bura ayrıdır, ora ayrı…
Hələ “Eurovision” musiqi yarışması ərəfəsində Ilham Əliyev Bulvarda qiymətlərin aşağı olmasıyla bağlı göstəriş vermişdi. Deyəsən, ölkə başçısının dediyi elə söz olaraq qaldı. Yəni burada heç nə dəyişmədi. Qiymətlər necə var elədir, hətta deyə bilərik ki, bir az da bahalaşıb. Mağazalarda 20 qəpiyə olan yarım litrlik qazlı və qazsız su Milli Parkda 50 qəpiyə satılır. Dükanlarda 30 qəpiyə satılan kiçik meyvə şirələri 80 qəpikdən ucuz deyil. “Coca-Cola”, “Fanta” və “Sprite”ın yarım litr üçün 80 qəpik, bir litri üçün isə 1 manat 60 qəpik ödəməlisən. Qaynadılmış qarğıdalı 1-2 manata, “popkorn” 50-60 qəpiyədir.
Ən ucuz kafedə oturub, bir qab mürəbbə ilə bir çaynik çay içmək 5 manatdır, Orta səviyyəli kafelərdə isə bu, 15 manatadır. Bulvarda kabab yemək istəyənlər bir şiş üçün 6-8 manatından keçməlidir.
Atrakksionlar və yelləncəklərin qiymətləri hər kəsin cibinə münasib sayıla bilməz.
Uşaqlar üçün dairəvi atlar 2 manat, “Karnaval”, “Viking” və “Karusel”in qiyməti 8 yaşına qədər olanlar üçün 1, böyüklər üçün 2 manatdır. Hündürə tullanmaq üçün Çindən gətirilən (camaat onu ”kitayski” adlandırır) “kitayski”dən kimi məşq üçün istifadə edir, kimisi də əylənmək. Ancaq bütün hallarda yarım saatı 5 manatdır.
Gəmi ilə gəzmək istəyənlər 1 saata 4 manat, uşaqlar üçün 2 manat verməlidirlər. Gəmi ilə yarım saat da “səyahət” etmək olar, bu dəfə isə qiymətlər iki dəfə aşağı düşür.
Körpələrini “5D -film məkanı”na gətirənlər 10 dəqiqə üçün 5 manat verməlidir.
Bulvarda təbii ehtiyaclarını ödəmək üçün ayaq yoluna gedənlər məkanından asılı olaraq 20-40 qəpik veməlidirlər.
***
Bax, belə. Bakı Bulvarının son durumu bu cürdür. Bir sözlə, Milli Parka aşağı təbəqənin nümayəndələri ancaq gəzmək üçün gələ bilərlər. Istirahət və əylənmək onların cibinə uyğun deyil.
“Venesiya”dan söz açmağa dəyməz. Oradakı qiymətlər elə Italiyanın Venesiya şəhərindəki qədər bahadır.
Bulvarda satılan, cibə uyğun olan şey ancaq dönərdir, yəni şəhərdəki qiymətədir – 1 manat 60 qəpiyə. Biz də bir dönər alıb Bulvarı tərk edirik…
Ramin DEKO