«Azərbaycan Iran münasibətlərində gərginliyin aradan qalxması ehtimalı çox azdır»
Bugünlərdə rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Irandan qayıdan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov iki ölkə arasında qarşılıqlı anlaşma və birinin daxili işinə qarışmamaq kimi ortaq nöqtə tapdıqlarını yenicə bəyan etmişdi ki, cənub qonşumuzdan maraqlı ultimatum gəldi. Iranda təzyiq qruplarından biri kimi tanınan “Ənsari-Hizbullah” təşkilatının Təbriz bölməsinin rəhbəri Ruhullah Becani prezident Mahmud Əhmədinejada açıq məktub yazaraq “Ya Ilham Əliyevin əl-ayağını yığışdırırsınız, ya da bu ölkənin səfirliyini Britaniya səfirliyinin gününə salacaqlar” mesajını verdi.
Azərbaycan prezidenti Ilham Əliyevin ünvanına kobud ifadələr işlədən Becani məktubunda Azərbaycan respublikasının varlığının Iran Islam Respublikasına böyük təhlükə olduğunu da bəyan etdi.
Iki ölkə arasında əldə olunan məlum razılıqdan dərhal sonra Iran tərəfinin bu anlaşmanı niyə pozduğu ilə bağlı Ə.Həsənovun da mövqeyini öyrənməkçün PA rəsmisinə müraciət etdik. Onunla günün ikinci yarısında əlaqə saxlamağımızı istəyən Ə.Həsənov sonradan zəngimizə cavab vermədi. Bu səbəbdən də onun məsələ ilə bağlı mövqeyi naməlum qaldı. Siyasi ekspertlər isə hesab edir ki, Azrəbaycanla Iran arasındakı gərginliyin bu cür ikitərəfli görüşlərlə aradan qaldırıldığını iddia etməyə dəyməz: “Münasibətlərin bu qədər gərginləşməsi regiondakı proseslər, həmçinin Iranın Qərb ölkələriylə münasibətlərinin pisləşməsiylə bağlıdır. Vəziyyətin gərginləşməsi Iran rəhbərliyini daha aqressiv siyasət yürütməyə məcbur edir. Onsuz da, Azərbaycan-Iran münasibətləri yaxşı olmayıb. Təəccüblüsü odur ki, Əli Həsənov Tehrandan qayıdır və bəyanat verir ki, biz problemləri həll etmişik. Problemlər necə həll oluna bilər? Göründüyü kimi də, Əli Həsənovun bu tələsik bəyanatı boşa çıxdı. Bu bəyanatdan dərhal sonra Hizbullahın məlum ultimatumu üzə çıxdı. Əslində iki ölkə arasındakı gərginliyin bir səfərlə aradan qalxacağına ümid etmək də sadəlöhvlükdür”.
Iran elitasının özündə parçalanmanın olduğunu deyən ekspertlər hesab edirlər ki, bu səbəbdən də hər hansı məsələ ilə bağlı vahid razılığa gəlmək mümkün deyil: “Iranın daxilində elə problemlər var ki, kimlərləsə razılığa gəlmək o demək deyil ki, məsələ bununla bitəcək. Bir tərəflə razılıq olacaq, başqa birisi o razılığı pozacaq. Ona görə, Azərbaycan Iran münasibətlərində gərginliyin aradan qalxması ehtimalı çox azdır”.