Gözəl Bayramlı: «Hakimiyyətin onlara qəzəbi daha böyükdür»
Şahin Həsənli, Sahib Kərimov, Vidadi Isgəndərli və son olaraq da Əhəd Məmmədlinin 14 saylı cəzaçəkmə müəssisəsinə göndərilməsi hakimiyyətin bu şəxslərə qarşı qəzəbinin göstəricisidir. Bunu, AXCP sədrinin müavini Gözəl Bayramlı deyir.
Qeyd edək ki, AXCP Rəyasət Heyətinin üzvü Ş.Həsənli, partiya sədrinin müşaviri S.Kərimov, hüquq müdafiəçisi Vidadi Isgəndərli və Müsavatın Gənclər Təşkilatının sədr müavini Ə.Məmmədli hazırda Bakının ən pis cəzaçəkmə müəssisəsi sayılan 14-cü kalonda saxlanılırlar. G.Bayramlı hesab edir ki, onların 14-cü kalona göndərilməsi təsadüf deyil: “Hakimiyyət seçmə üsulu ilə hərəkət edib. Məsələn, Şahin Həsənli AXCP-nin demək olar ki, bütün aksiyalarının təşkilatçısı olub. Həmişə fəallığı, fədakarlığı ilə fərqlənib. Sahib Kərimov hər zaman aksiyaların önündə olub. Mətbuatda da hakimiyyətə qarşı sərt çıxışlar edib. Vidadi Isgəndərliyə gəlincə, hamı bilir ki, o həm seçki kampaniyası dövründə, həm də ondan sonra hakimiyyəti konkret faktlarla ifşa edib. Onu da buna görə cəzalandırırlar. Son olaraq Əhəd Məmmədlini 14-cü kalona göndərdilər. Əhəd də bu aksiyaların həmişə önündə gedən biri olub. Xaraktercə çılğın, prinsipial bir gəncdir. Məhkəmə prosesləri zamanı bu dörd fəalın çıxışı xüsusilə seçilirdi. Onlar hakimiyyətin ünvanına qorxmadan, faktlarla, arqumentlərlə öz fikirlərini deyirdilər. Sanki hakimiyyət onları yox, onlar hakimiyyəti ittiham edirdilər. Mən o məhkəmənin gedişində hiss etmişdim ki, onlar daha ağır cəzalandırılacaqlar. Onları 14-cü kalona göndərəndə də demişdim ki, mən nəticənin belə olacağını əvvəldən bilirdim”.