Təbrizdəki tədbirdə Azərbaycan Aran bölgəsi adlandırıldı, ölkəmizə vəhhabilik və sionizm mərkəzi deyildi
Təbrizin din hövzəsində Azərbaycan dövləti əleyhinə keçirilən tədbirlər davam etdirilir. Iran KIV-lərinin məlumatına görə, “Şəriət məhkumları” silsiləsindən keçirilən növbəti toplantıda “Azərbaycan Respublikası şiələri Məhərrəm ayında” mövzusunda müzakirələr aparılıb.
Təbrizdəki “Imam Rza” məscidində keçirilən tədbirdə Azərbaycanda müsəlmanların vəziyyətinin qənaətbəxş olmadığı iddia edilərək, Iranın Islam inqilabı qüvvələrinin bu bölgədə baş verənlərə diqqətsizliyi tənqid edilib. Toplantıda Azərbaycan Aran bölgəsi adlandırılaraq, Iranın bir hissəsi kimi təqdim edilib:”Aran regionunda Iran televiziya kanallarının yayımına qadağa qoyulması rus hökumətinin bu bölgədə Iranın varlığına və şiələrə qarşı hərtərəfli hücum etməsinə şəraitin yaratmasına xidmət edir”.
Yığıncaqda dəlillərə söykənilmədən Azərbaycanda vəhhabilərə inkişaf və təbliğat aparmaları üçün şərait yaradıldığı da iddia edilib: “Azərbaycanda şiə müsəlmanlarının çoxluq təşkil etməsinə baxmayaraq, bu ölkə Qafqazda vəhhabilik mərkəzinə çevrilib. Sionizm də bu müsəlman ölkəsində özü üçün fəaliyyət imkanları yaradıb və hər gün öz köklərini Azərbaycanın ictimai-mədəni strukturlarında bərkitməkdədir. Bura yeganə müsəlman ölkəsidir ki, ”Şeytan ayələri” kitabı çap olunub. Məktəbli qızların hicabla dərsə getməsinə də yalnız bu müsəlman ölkəsində icazə verilmir, o cümlədən Islam dininin təbliğində də qadağalar tətbiq edilir.
Belə bir vəziyyətə heç bir şiə müsəlman ölkəsi dözə bilməz. Hazırda çoxlu azəri islamçı fəal əsassız ittihamlarla uzun müddətli həbsdə saxlanılır”.
Tədbirdə Azərbaycan dövlətini təhdid edən fikirlər də səsləndirilib:”Əgər Imam Hüseyn məktəbinin dərslərini öyrənmişiksə, gərək dünya müsəlmanlarının, xüsusilə də Azərbaycan Respublikası şiələrinin məzlum səslərini eşidək və onların fəryadlarına cavab verək. Bu baxımdan Aşura və Kərbəla bizim üçün mühüm məna kəsb edir”.