Svetlana Alliluyeva atası Iosif Stalin haqda: «Həyatımı məhv etdi!!!»
O, canavar xislətli bir adam idi…
XX əsrin əvvəllərində yaranan və 70 il mövcud olan SSRI-ni 31 il dəmir yumruqla idarə edən, dünya tarixinə ən qanlı totalitar rəhbərlərdən biri kimi düşən Iosif Stalinin qızı Svetlana Alliluyeva sosializmin müdafiəçisi Sovet Rusiyasından qaçaraq, kapitalizmin ürəyi ABŞ-a sığındı və orada bir qocalar evində dünyasını dəyişdi. Noyabrın 22-də vəfat edən 85 yaşlı Alliluyeva xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Atasını “canavar xislətli bir adam” adlandıran və üç dəfə soyadını dəyişən 85 yaşlı Svetlana Alliluyeva soyuq müharibə illərində kommunizmi rədd edərək Mərkəzi Kəşfiyyat Idarəsinin (MKI) köməyilə 1967-ci ildə ABŞ-a mühacirət etmişdi. Onun qaçışı ABŞ-la Sovet Rusiyası arasında diplomatik gərginliyə səbəb olmuşdu…
1953-cü ildə Iosif Stalinin ölümündən sonra qızı “Stalina” soyadından imtina edərək, anasının soyadı olan “Alliluyeva”nı seçmişdi. Alliluyeva ABŞ-da sığınacaq alandan sonra isə Lana Peters adını alıb.
Romanlara mövzu olacaq həyat
Dörd evlilik həyatı yaşayan Alliluyeva Sovet Rusiyasında keçirdiyi illəri iki avtobioqrafiyasında qələmə alıb. Yeri gəlmişkən, bu nəşrlər ən çox satılan kitablar sırasındadır.
Həmin avtobioqrafiyalardan biri olan “Bir dosta 20 məktub” Alliluyevaya 2.5 milyon dollardan artıq gəlir gətirib.
Svetlana mətbuata çox nadir hallarda müsahibə verərdi. O, 1990-cı ildə Ingiltərənin “The Independent” qəzetinə müsahibəsində pulu olmadığını, kitablarından artıq gəlir əldə edə bilmədiyini və qızı Olqa ilə birlikdə başqa bir ailəylə kirayədikləri evdə qaldıqlarını söyləmişdi.
“The New York Times” qəzetinin yazdığına görə, Svetlana Alliluyevanın yaşadığı məkanlar sırasında ABŞ-ın Viskonsin ştatında elektriki olmayan bir ev, Isveçrədə Roma Katolik kilsəsi də olub. Bundan başqa, Svetlana Alliluyevanın 1992-ci ildə Ingiltərənin paytaxtı Londonda yoxsul bir məhəllədə yerləşən qocalar evində qaldığına dair məlumatlar da dolaşırdı.
Svetlananın hansı addımı SSRI-ABŞ gərginliyini artırıb?
Svetlana Rusiyadan qaçmasının əsas səbəbi kimi üçüncü həyat yoldaşına qarşı SSRI rəhbərliyinin pis rəftarını göstərirdi. O, bu səbəbi göstərməklə addımına müəyyən qədər bəraət qazandıra bilmişdi…
Stalinin qızının Rusiyanı tərk etməsi ABŞ üçün kommunist rəqibilə ictimai əlaqələri inkişaf etdirmək baxımından çox əhəmiyyətli bir addım olsa da, Rusiya üçün utancverici idi. Svetlana Nyu-Yorka çatandan dərhal sonra verdiyi ilk açıqlamasında atasının rejimini və SSRI hakimiyyətini sərt tənqid etmişdi: “Bura, uzun illər Rusiyada tapa bilmədiyim ifadə azadlığı üçün gəlmişəm”.
Stalinin qızının bu sözlərinə həmin illərdə SSRI-nin baş naziri Aleksey Kosigın sərt reaksiya verdi. Nazirlər Sovetinin sədri Alliluyevanı “əxlaqi pozğun və xəstə insan” adlandırdı: “Siyasi məqsədlər, o cümlədən SSRI-ni fərqli göstərmək üçün Alliluyevadan istifadə edənlərə yazığım gəlir”.
Atasına qarşı çıxır
Svetlana Stalinin ikinci həyat yoldaşı Nadejda Alliluyevadan olan tək uşağı idi. Altı yaşında anası intihar edən Svetlanaya Nadejda Alliluyevanın “kor bağırsağın iltihabı”ndan öldüyünü deyiblər. Svetlana acı həqiqəti 10 il sonra öyrənib. Gəncliyində ölkəsində olduqca məşhur olan Svetlananın adı minlərlə yeni doğulan körpəyə verilir, onun adını daşıyan ətirlər istehsal olunurdu. O zaman SSRI-yə səfər edən Ingiltərənin baş naziri Uinston Çörçili qarşılayanlar sırasında o da var idi.
Ikinci dünya müharibəsinin başlamasıyla Svetlananın da atasıyla münasibətləri pisləşməyə doğru getdi. Anası haqqında həqiqəti öyrənən Svetlana qardaşı Yakovun faşistlər tərəfindən əsir götürülərək öldürülməsilə daha bir zərbə almış oldu. Qeyd edək ki, Stalin Hitler Almaniyası tərəfindən əsir götürülən oğlunun bir alman generalla dəyişdirilməsi təklifini rədd etmişdi.
Stalin qızının ilk sevgilisini necə cəzalandırıb?
Svetlana ilk sevgi həyatını yəhudi əsilli prodüsser Aleksey Kalplerlə yaşayıb. Lakin atası Stalin buna qarşı çıxıb. Qızının prodüsserlə münasibətindən xoşlanmayan diktator Kalpleri 10 il işçi düşərgələrində çalışmaq üçün Sibirə sürgün etdirir. Stalin bir zamanlar “kiçik sərçəm” deyə çağırdığı qızıyla müharibə illərində məsafə saxlamağa, hətta getdikcə pis rəftar etməyə başladı. Atasının istəyinə uyğun olaraq, Moskva Dövlət Universitetinin tarix fakültəsində oxuyan Svetlana, yenə də Stalinin istəyilə ədəbiyyat müəllimi oldu.
Svetlana Alliluyeva ilk ailə həyatını yenə yəhudi əsilli Qriqori Morozov adlı tələbə ilə qurmaq istəyir. Lakin Stalin yenə də bu münasibətə qarşı çıxır, qızının istəyinə baxmayaraq, Morozovla tanış olmağı rədd edir. Buna baxmayaraq, hələ 18 yaşında olan Svetlana atasına qarşı çıxaraq, 1945-ci ildə Qriqori Morozovla evlənir. Iosif adlı bir uşaqları olan cütlük 1947-ci ildə boşanır.
Alliluyeva ikinci evlilik həyatını 1949-cu ildə Yuri Jdanovla qurmalı olur. Stalin bu dəfə yaxın silahdaşı Andrey Jdanovun oğluyla qızının evlənməsinə qarşı çıxmadı. Bu izdivacdan Yekaterina adlı qız dünyaya gəlsə də, cütlük 1 il sonra boşandı.
ABŞ-a qaçmaq üçün ələ düşən ilk fürsət
Üçüncü evliliyini 1964-ci ildə Hind kommunistlərindən olan Briceş Sinqxlə quran Alliluyevanın həyat yoldaşı 1967-ci ildə dünyasını dəyişib. O, Briceş Sinqxin yandırılmış nəşinin külünü Qanq çayına səpmək üçün Hindistana yola düşüb. Bu icazəni SSRI rəhbərliyindən çətinliklə alan Alliluyeva Sovet rəsmilərinin Sinqxlə evlənməsinə qarşı olduqlarını və onunla pis rəftar etdiklərini deyirdi.
Həyat yoldaşının nəşinin külünü Qanq sayına səpdikdən sonra ölkəsinə qayıtmaq istəməyən Svetlana ABŞ-ın Hindistandakı səfirliyinə üz tutub.
“KQB” agentləri Alliluyevanın niyyətini öyrənən kimi ABŞ-ın Dehlidəki səfirliyi mühasirəyə alınıb. Ancaq Mərkəzi Kəşfiyyat Idarəsinin (MKI) bir agentini dövrəyə salan ABŞ sığınacaq icazəsini çıxardıqdan sonra Italiya və Isveçrə vasitəsilə Alliluyevanı Nyu-Yorka gətirir. Kommunistlər bundan şoka düşsələr də, Alliluyevanın qaçışı 1961-ci ildə SSRI-ni tərk edən balet ustası Rudolf Nureyevdən sonra ən böyük “özü-özünü sürgünə göndərmə” hadisəsi kimi qəbul edilib.
ABŞ-a sığınandan sonra Uilyam Peters ilə dördüncü və sonuncu ailə həyatını quran Alliluyevanın 1973-cü ildə sona çatan bu evlilikdən Olqa adlı qızı dünyaya gəlib. Olqanı pansionat məktəbə yazdırmaq üçün Ingiltərəyə gedən və 2 il burada yaşayan Alliluyeva 1984-cü ildə ABŞ-a qaçarkən geridə qoyduğu iki övladı Iosif və Yekaterinayla görüşmək məqsədilə SSRI-yə qayıdıb. Bir il sonra ABŞ-a dönən Svetlana qısa müddət Kaliforniya ştatında yaşadıqdan sonra 1986-cı ildə qızı Olqayla Viskonsin ştatına köçüb. Dünyanın ən qəddar diktatorlarından biri kimi tarixə düşən Iosif Stalinin qızı və nəvəsi bundan sonra diqqətdən kənar, səssiz həyat sürməyə başlayırlar.
“Hər zaman atamın adının siyasi məhkumu olaraq qalacağam”
Ötən il “Wisconsin State Journal” qəzetinə müsahibə verən Svetlana Alliluyeva ABŞ-a qaçdığına görə peşman olmadığını bildirib: “ABŞ-da olduqca şadam. Hara gedirəm gedim – Isveçrə, Hindistan, Avstraliya və ya başqa bir ölkəyə, hər zaman atamın adının siyasi məhkumu olaraq qalacağam”.
Svetlana Alliluyevanın birinci və ikinci nigahdan olan övladlarından oğlu Iosif 2008-ci ilin noyabrından vəfat etsə də, qızı Yekaterina Kamçatka yarımadasında vulkanları araşdıran elm xadimi kimi fəaliyyət göstərir.
Müsahibələrinin birində taleyindən şikayətçi olmadığını, ancaq anasının adi bir insanla evlənmədiyi üçün peşman olduğunu demişdi. Ötən il verdiyi son müsahibəsində atası haqqında danışan Svetlana Alliluyeva bunları deyib: “Həyatımı məhv etdi!!!”
Elxan