Vəkil Adil İsmayılov Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli barəsində çıxarılan məhkəmə hökmünün qanunsuz olduğuna dair açıqlama yayıb. Vəkil özünün facebook səhifəsində müvafiq sənədlərin suratini də paylaşmaqla yazıb:
“Günel Həsənli 2013-cü ildən iş təcrübəsi olan GƏNC məhkəmə-tibb eksperti Müşfiq Həmzəliyevin aşagıda şəklini təqdim etdiyim iki rəyinə əsasən Yasamal rayon məhkəməsinin 2013-cü ildən iş təcrübəsi olan GƏNC hakimi Akşin Əfəndiyevin 20 fevral 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə sadəcə Cəmil Həsənlinin qızı olduğu üçün etmədiyi cinayətə görə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bunu mən vəkil Adil İsmayılov tam məsuliyyəti ilə deyirəm. Bakı apellyasiya və Azərbaycan Respublikası Ali Məhkəmələrinin savadlı və təcrübəli hakimləri hələ ki bu qanunsuzluğa haq qazandırdılar. Apellyasiya məhkəməsi təkrar ekspertiza keçirməkdən imtina etdi, Ali məhkəmə isə Bakı Apelyasiya məhkəməsinin ilkin məhkəmə iclasının qərarından verdiyim şikayəti təmin etmədi. Bundan sonra kimsə Azərbaycanda müstəqil və ədalətli məhkəmə var deyirsə, buyursun yazdığımı təkzib edib, sübut etsin!”.