Gültəkin Hacıbəyli
"Yarıtmaz idarəçilik, səriştəsizlik hər birimizin həyatına öz damğasını vuracaq. Geci, ya tezi var. Xətai rayonunda üzərinə sağlamlıq üçün zərərli və təhlükəli plastik örtük çəkilmiş bina yandı və 60 mənzil külə döndü, 60 ailə küçədə qaldı. Bu dəfə, xoşbəxtlikdən, xəsarət alan olmayıb, ancaq şəhərdə bu tipli "üstü bəzək, altı təzək" binaların çoxluğunu nəzərə alsaq, gələcəkdə belə halların olması da istisna deyil. Məsələ ondadır ki, belə ucuz və keyfiyyətsiz üzlüklər hədsiz dərəcədə tez alışıb yanmaq xüsusiyyətinə malikdir, buna görə də çox təhlükəlidir və onlardan müasir inşaatda istifadə olunmur. Lakin bunu düşünən kim idi? Əsas o idi ki, büdcədən ən rahat pul silməyin yollarından birini tapmışdılar. Nəticədə, insan faciələri yaşanır. Mən hələ binaların üzərinə vurulmuş "aqlay" daşların nə vaxtsa qopub piyadaların başına düşəcəyindən də çox qorxuram, çünki əminəm ki, onları yapışdıran zaman da texnologiyalara və standartlara tam əməl edilməyib. Allahın ümidinə qalmışıq…" Bu statusu mən 11 aprel tarixində, birinci bina yananda yazmışam. O zaman xoşbəxtlikdən insan itkisi olmadı, lakin ikinci dəfə tale bizə bu şansı tanımadı. Cəmi bir ay öncə onlarla insan dedi, yazdı, həyəcan təbili çaldı, ancaq eşidən olmadı. Çünki, artıq ölkə rəhbərliyi səviyyəsində etiraf edildiyinə görə, çox yüksək vəzifəli bir məmurun ailə üzvləri bu işdən milyonlar qazanıb. İki yaşlı Ayxanın məsum görünüşlü cəsədinin yanğınsöndürənlər tərəfindən çıxarıldığı anı həkk edən o ürəkdağlayan fotonu çoxunuz görmüsünüz. Yazıq deyildimi o körpə? Yazıq deyildimi 3 yaşlı Fərəh, 5 yaşlı Ayan, yaş yarımlıq Ömər?! Bunu edənlər vicdansızdır, Allahsızdır, dinsizdir, anladıq. Bəs Bakı Şəhər İcra Hakimiyyəti hara baxırdı? Bəs FHN-yi niyə tədbir görməyib? Bəs Baş prokurorluq nə ilə məşğul olurdu, ancaq üzə adam qoymaqla, işverənlərin verbovkası iləmi? Niyə 16 nəfərin diri-diri yanmasına, 64 nəfərin ağır yanıq xəsarətləri almasına və zəhərlənməsinə, yüzlərlə insanın həyatının burnurdan gəlməsinə şərait yaradılıb? İndi məlum olub ki, binaların sağlamlıq və həyat üçün təhlükəli materialla üzlənməsi FHN-nin razılığı olmadan, yerli icra hakimiyyəti ilə razılaşdırılmadan həyata keçirilib. Azərbaycan reallığını bilən hər kəsə bu iddia lətifə kimi görünəcək! Axı az qala vətəndaşların öz şəxsi mənzillərində apardıqları təmirə müdaxilə edən strukturlar ölkənin bütün böyük şəhərlərində, Bakının isə az qala hər yerində həyata keçirilən bu "minalanma" əməliyyatından necə xəbərsiz ola, ona necə göz yuma bilərdilər? Axı söhbət insan talelərindən gedir. Niyə bu kütləvi qətlin qarşısı bu qədər xəbərdarlıqlardan sonra da vaxtında alınmadı?! Axı Baş prokuror Zakir Qaralov özü də etiraf edib ki, sonuncu, Xətai rayonundakı hadisə də daxil eyni səbəbdən bir neçə daha kiçikmiqyaslı yanğın hadisəsi baş verib. Göründüyü kimi, bu birinci belə hal deyil və bu sintetik üzlüklərin böyük faciələr törədəcəyi ilə bağlı hakimiyyət orqanlarına çoxsaylı müraciətlər, xəbərdarlıqlar edilmişdi. Bunu bilə-bilə, niyə dövlət səviyyəsində hansısa bir məmurun harınlamış ailə üzvlərinə günahsız insanları diri-diri yandırmaq, kütləvi şəkildə məhv etmək haqqı tanınıb? Axı hətta çox qüdrətli bir məmurun kommersiya maraqları vətəndaşlarımızın həyatından və dövlət təhlükəsizliyi maraqlarından üstün tutula bilməz! Bəli, Zakir Qaralov zəhmət çəkib bu cinayət əməlini düzgün tövsif etsin- bu iki və daha artıq şəxsin qəsddən öldürülməsidir, kütləvi qətliamdır! İnsanların benzindən tez alışan örtüklərlə üzlənmiş binalarda hər an ölümün girovluğunda olduğunu bilə-bilə, kiminsə milyonlar qazanmaq üçün binaları üzləməsinə şərait yaratmaq, buna göz yummaq bu xalqa qarşı düşmənçilik deyilsə, nədir?! Hacıbala Abutalıbov 1000 manat kompensasiyadan necə də pafosla, qürrələnə-qürrələnə danışır?! Ayıb deyilmi?! O kompensasiya ilə Ülkəri geri qaytaracaqsınız ya Ayxanı? Bəlkə, Fərəhin valideynlərinin dərdini ovudacaq 1000 manat? Müəllimin, həkimin 150-200 manat maaş alıb səfalət içində süründüyü bir məmləkətdə yüzlərlə binaya vurulmuş və bir kvadrat metri büdcəyə 150 manata başa gəlmiş bu ölümsaçan üzlüklərin pulunu kim ödəyəcək? Bu, əslində, qəpik-quruş dəyərində olan "kütləvi qırğın silahına" büdcədən bir milyarda yaxın vəsait silinib. Xərclənməyib, məhz silinib. İşə baxın ki,
vətəndaşlarımıza qarşı istifadə olunan "kütləvi qırğın silahını" elə vətəndaşlarımızın özü maliyyələdirməli olub. Müəllimin, həkimin, mədəniyyət işçisinin, tələbənin, pensiyaçının, Qarabağ əlilinin cüzi maaşından, təqaüdündən, pensiyasından, müavinətindən kəsib bir qrup möhtəkirə bir milyard vəsait veriblər ki, "şəhərlərimizin siması gözəlləşsin". Bu dəhşətli faciədən sonra büdcədən, yəni, yenə də vətəndaşlarımızın cibindən bir xeyli vəsait xərclənib o ölümsaçan üzlükləri sökməli və təhlükəli tullantı kimi məhv etməlidirlər. Görünür, bu da həyatın və Azərbaycan reallığının acı istehzasıdır. İndi də bu üzlükərin ekspertizasından danışırlar. O ekspertizanın tüstü-dumanını nəinki Azərbaycan, bütün dünya görmədimi? Daha neçə bina yanmalı, neçə insan həyatla nakam vidalaşmalıdır ki, harın məmurlarımızın gözü doysun?! Yubanmadan, təcili qaydada bütün potensial təhlükə mənbəyi olan üzlüklər sökülməli, kimliyindən asılı olmayaraq günahsız insanlarımızın, məsum körpələrimizin dəhşətli ölümünə səbəb olan, varlanmaq ehtirası ilə vətəndaşlarımızı diri-diri yandıran hər kəs (tək tikinti şirkətinin rəhbərinin həbsi ilə gözdən pərdə asmaq mümkün olmayacaq!) cinayət məsuliyyıtinə cəlb edilməli və qanunun bütün gücü ilə cəzalandırlılmalıdır. Xalqa qarşı biganəliyə, ona yuxarıdan aşağı baxmağa, xalqın faciəsi üzərində milyonlar qazanmaq siyasətinə son qoyulmalıdır!
Və zənnimcə, ən mühüm məqam. Bu qədər düşmənlə əhatə olunmuş bir ölkədə bircə kibrit çöpü, bircə qığılcımla alışıb yanan və özü ilə yüzlərlə, minlərlə, bəlkə on minlərlə günahsız insanı məhv edə bilən belə bir "kütləvi qırğın silahının" hansı potensial təhdid, təhlükə və diversiya mənbəyi, hansı destabilizasiya faktoru olduğunu əlaqədar strukturlar anlayırmı görəsən? Həmin strukturlarda bu hadisənin Riqa Sammiti öncəsi təxribat olmadığı ilə bağlı əminlik varmı? Şəxsən məndə belə bir əminlik yoxdur. 19 may faciəsi sakinlərin işdə, dərsdə olduğu gündüz vaxtı deyil, gecə saatlarında baş versəydi, yanğınsöndürənlərin müdaxiləsi olmasaydı, qurbanların sayı heç şübhəsiz daha çox olacaqdı. Bəs Allah eləməsin, oxşar hadisə eyni zamanda şəhərin müxtəlif istiqamətlərində, bir yox, beş-on binada, özü də gecə saatlarında təkrarlansa, FHN-nin bu miqyasda təhlükəyə operativ reaksiya vermək, bu sayda insanı xilas etmək imkanı olacaqmı? Cavab birmənalıdır. Odur ki, ən qısa zamanda bütün potensial təhlükə ocaqları məhv edilməlidir. Bunu millətimizin və dövlətimizin yaşam və təhlükəsizlik maraqları tələb edir.