Siyavuş Novruzova görə bu uğurlu səfər, iqtisadçı ekspert Məhəmməd Talıblının fikrincə isə geriyə atılmış addımdır
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Prezident Ilham Əliyevin Səudiyyə Ərəbistanına səfərinin nəticələrinə münasibət bildirib. YAP-çı deputat Publika.az-a açıqlamasında deyib ki, Ilham Əliyevin Səudiyyə Ərəbistanına səfəri uğurlu və müqəddəs ziyarət idi. Onun sözlərinə görə, keçirilən rəsmi və qeyri-rəsmi görüşlər böyük əhəmiyyət kəsb edir: “Prezident Ilham Əliyevin Səudiyyə Ərəbistanında keçirdiyi həm rəsmi görüşlər, həm də müqəddəs yerlərin ziyarəti çox uğurlu olub. Hər bir müsəlmanın da ən böyük arzusudur ki, bu cür Ümrə ziyarəti həyata keçsin”.
S.Novruzov Səudiyyə Ərəbistanının dünya siyasətində böyük rola malik olduğunu söyləyib: “Bilirsiniz ki, Səudiyyə Ərəbistanı dünya siyasətində öndə gedən ölkələrdən biridir. Istər iqtisadiyyatı, istər neft siyasəti, istərsə də Yaxın və Orta Şərqdə baş verən proseslərə təsir etmək baxımından rolu və əhəmiyyəti böyükdür. Ona görə də Azərbaycan Prezidentinin indiki məqamda Səudiyyə Ərəbistanına səfəri çox vacib və səmərəlidir”.
Siyavuş Novruzov Ilham Əliyevin eyni zamanda Azərbaycan və Səudiyyə Ərəbistanı bankları arasında birgə fəaliyyəti ilə bağlı müzakirələr apardığını bildirib: “Cənab prezident həmçinin Azərbaycan və Səudiyyə Ərəbistanı bankları arasında birgə fəaliyyəti ilə bağlı müzakirələr aparıb və razılıq əldə olunub. Müştərək banklar olacaq. Yəqin ki, Səudiyyə Ərəbistanı banklarının Azərbaycanda filialları açılacaq. Detallar mənə tam bəlli olmasa da, bu istiqamətdə danışıqlar getdiyini bilirəm. Ona görə də səfər çox uğurlu olub”.
Lakin iqtisadçı ekspert Məhəmməd Talıblı hesab edir ki, istər Səudiyyə Ərəbistanı, istərsə digər inkişafda olan ölkələrlə iqtisadi münasibətlər heç bir perspektiv vəd etmir: “Iqtisadiyyatın qan-damar sistemi hesab olunan bank sektorunun və pul-kredit sisteminin necə həyata keçirilməsi ölkə iqtisadiyyatı üçün olduqca önəm kəsb edir. Azərbaycan hökuməti vaxtilə Qərb və Avropa ölkələrilə kreditlərin cəlb edilməsi baxımından bu ölkələrin Azərbaycanın bank sektoruna inteqrasiya etməsilə bağlı qanunvericilikdə müəyyən məhdudiyyətlər tətbiq edib. Xarici kapitallı bankların ölkəmizə daxil olması ilə əlaqədar həm sığorta kompaniyası, həm də bəzi banklarla ciddi administrativ maneələr mövcuddur. Amma onu da qeyd edim ki, hazırda bu maneələrlə bağlı prosesdə yumşalma müşahidə olunur. Hazırda Azərbaycan əsəsən inkişaf etmiş ölkələr kateqoriyasına aid olmayan ölkələrdən kredit əldə edilməsinə nail olmağa çalışır. Bu, əslində geriyə atılmış bir addımdır. Bu addım dünyanın mütərəqqi hissəsinin getdiyi avrointeqrasiya və qərb strukturları istiqamətində atılması olan addımlarla müqayisədə effektiv hesab olunmur. Hesab edirəm ki, Azərbaycan iqtisadi-sosisal inkişafa nail olmaqçün avropa strukturlarına real məzmunlu inteqrasiya həyata keçirməlidir.
Bu baxımdan konkret Səudiyyə Ərəbistanı ilə istər bank, istər iqtisadiyyatın digər sektoru vasitəsilə iqtisadi inteqrasiyanı məzmunlu deyil, formal bir əməkdaşlıq platforması adlandırardım. Hesab edirəm ki, mövcud vəziyyəti nəzərə alsaq, bu iqtisadi siyasət geriyə atılmış addım hesab olunur".
Emil