«The Huffington Post» Azərbaycandakı repressiyalardan yazır
«Yaxın Şərqdə, Ukraynada nələrin baş verdiyini bildiyi halda, Əliyevin bu cür repressiyalara əl atmasının səbəbini anlamaq çətindir»
Iyunun 12-də Bakıda başlayacaq Avropa Oyunları yaxınlaşdıqca Azərbaycandakı duruma diqqət də artır. Demək olar ki, hər gün xarici mediada Azərbaycandakı durumdan bəhs edən məqalələr yayımlanır. Bu məqalələrdə əsasən turnirə “ev sahibliyi” edən ölkədə insan haqlarının durumundan bəhs olunur. Bu qəbildən olan daha bir məqalə ABŞ-ın “The Huffington Post” qəzetində dərc olunub. Məqalədə Azərbaycandakı repressiyalardan tutmuş, vətəndaşların Avropa Oyunlarında iştirak edən idmançıların xərclərinin ödənilməsindən narazılıqlarına qədər bir çox məsələlərdən bəhs olunur. Məqalənin tərcüməsini təqdim edirik:
***
Üç aydan bir qədər az müddətdən sonra Bakıda ilk Avropa Oyunları keçiriləcək. Təşkilinə 8 milyard dollar vəsait sərf olunan bu idman turniri Avropa Olimpiya Komitəsinin nəzarəti altında keçirilir və iki həftə davam edəcək. Bakıya 50 ölkədən ümumilikdə 6000 idmançı gələcək. Idmanın 20 növü üzrə medallar uğrunda mübarizə aparacaq bu adamların bütün xərclərini təşkilatçı ölkə öz üzərinə götürüb.
Hələ bu da son deyil. Gələn il “Formula 1" yarışı da Bakıda təşkil olunacaq. Həmçinin 2020-ci ildə futbol üzrə Avropa çempionatının dörd oyunu da Bakıda keçiriləcək. Heç kimə sirr deyil ki, Azərbaycan hökuməti 2016 və 2020-ci illərdə keçiriləcək növbəti Olimpiadalara ”ev sahibliyi" etmək istəyirdi. Lakin buna uğursuz cəhdlərdən sonra indi 2024-cü ilin Olimpiadasına göz dikiblər.
Repressiyalar fonunda idman meydanlarına investisiyalar
Son üç ildə Madridin “Atletiko” klubunun futbolçuları meydana üzərində “Azerbaijan – Land of Fire” (Azərbaycan – Odlar Yurdu) yazılmış forma ilə çıxırdılar. Bu yaxınlarda şüar dəyişib “Baku 2015" oldu. Hərçənd, məlumata görə, sponsor müqaviləsi bu ilin sonuna qədər davam edəcək.
Prezident Ilham Əliyev və onun beynəlxalq idman arenalarına yorulmadan qoyduğu investisiya repressiyalar fonunda baş verir. Sovet Ittifaqı dağılandan sonra Azərbaycan müstəqillik əldə edəndən bəri keçən 24 ildə ölkədə repressiyaların ən pik həddə çatdığı bir vaxtda Ilham Əliyev beynəlxalq idman arenalarına investisiyalar qoymaqda davam edir.
Siz Bakı aeroportunda şüşəli terminaldan çıxanda Dondon taksilərilə qarşılaşacaqsınız. Taksilərin üstündə Avropa Oyunlarını simvolizə edən gimnast və nar şəkli görəcəksiz.
Sürücü ilə danışsanız (çox güman ki, qadın olmayacaq), sizin maşındakı kabinəsindən salamlayacaq, müasir avtomagistralla şütüyərək, 64 min adam tutumlu Olimpiya stadionun yanından keçməklə şəhərə aparacaq. Stadionun tikintisi davam edir. O ərazidə yolun kənarında həmçinin atletlərin qalması üçün nəzərdə tutulmuş, bir-birinə az qala yapışıq çoxmərtəbəli binaları, yeni gimnastika mərkəzini, sovet dövründən qalma nimdaş tikililərin üzünə çəkilmiş yeni fasadları, Bakı ətrafındakı gecəqonduları gizlətmək məqsədilə tikilmiş yolkənarı divarları görə bilərsiz.
Az qala, hər tini tikinti meydançası olan şəhərdə bir dəqiqə Moskvada, daha sonra Barselonada, ardınca Dubayda olduğunuzu zənn edə bilərsiz.
Şəhərdə həmçinin brend mağazalar, ənənəvi çay evləri, xalça mağazalarına rast gəlmək olar. Böyük reklam lövhələrində ölkənin keçmiş prezidenti, hakimiyyəti 2003-cü ildə öz oğluna ötürmüş Heydər Əliyevin şəkilləri əks olunub. Bu ölkədə son prezident seçkiləri 2003-cü ildə keçirilib. Bu seçkinin nəticələrinin saxtalaşdırılması beynəlxalq aləmdə geniş müzakirələrə səbəb olub.
Azərbaycanlılar Avropa Oyunlarına çəkilən xərclərdən narazıdır
Telekanallarda iyunun 12-də açılışı olacaq Avropa Oyunlarının geniş reklamı getsə də, Bakıdakı sadə vətəndaşlardan bu məsələ ilə bağlı çoxlu müsbət fikirlər eşitmək mümkün deyil.
Ötən ayın sonunda Azərbaycan manatı dollara nisbətdə üç dəfə dəyərini itirdi. Azərbaycanda orta aylıq əməkhaqqı cəmi 400 dollardır. Üstəlik, neftin ucuzlaşdığını və ölkənin gəlirlərinin də azaldığını nəzərə alsaq, Azərbaycanın Avropa Oyunlarında iştirak edəcək bütün idmançıların xərclərini ödəməsinə əhalinin əksəriyyəti razı deyil. Xüsusən, Azərbaycanla müharibə vəziyyətində olan Ermənistanın idmançılarının da xərclərinin ödənməsi hiddət yaradıb.
Adamlarda qəzəb doğuran hallardan biri də sahibkarlardan qeyri-rəsmi ödənişlərin tələb olunmasıdır. Tələb olunan məbləği verməyəndə onlara böyük miqdarda cərimə yazılır. Deyilənə görə, tələb olunan ödəniş son bir neçə ayda xeyli artıb. Bir çoxları hesab edir ki, hökumət Avropa Oyunlarının xərclərini qarşılaya bilmək üçün bu üsuldan istifadə edir. Məlumata görə, hətta tələbələrə verilən aylıq təqaüdlər də kəsilib. Həmin vəsaitlərin də Avropa Oyunlarına sərf olunduğu ehtimal edilir.
“Qorxurdum ki, Xədicəni öldürərlər…”
Prezident Ilham Əliyev bu turnirdən və xarici medianın diqqətindən istifadə edərək, Azərbaycanı beynəlxalq aləmə müasir, dinamik inkişaf edən ölkə kimi göstərməyə çalışır.
Ötən ilin iyununda Ilham Əliyev bəyan etmişdi ki, ölkəsində ifadə, toplaşma, birləşmə azadlıqları tam təmin olunub. Lakin bu ölkədə jurnalistlərin, hüquq müdafiəçilərinin, bloggerlərin, hökuməti tənqid etmək cəsarətində bulunan müxalifət nümayəndələrinin durumu göstərir ki, əslində, Azərbaycanda reallıq onun dediyindən tamamilə fərqlidir. Azərbaycanda xüsusən son bir il bu cür adamların qorxudulması, həbsi, onlara qarşı saxta ittihamlarla müşayiət olunub.
Bu ölkədə hazırda dəmir barmaqlıqlar arxasında ən azı 20 nəfər vicdan məhbusu var. Onların bir qismi məhkəməsini gözləyir. Siyasi motivlə həbs olunanlara qarşı mənimsəmədən tutmuş, narkotik istifadəsi, hətta dövlətə xəyanətə qədər ən müxtəlif saxta ittihamlar irəli sürülür.
Çoxsaylı mükafatların sahibi olan araşdırmaçı jurnalist Xədicə Ismayılova da ötən ilin dekabrında həbs olunub. Ona qarşı “keçmiş həmkarını özünü öldürməyə cəhd həddinə çatdırma” kimi absurd ittiham irəli sürülüb. Xədicə prezident Əliyev və ailəsinin gizli biznesini araşdırırdı, ölkədəki siyasi məhbusların siyahısını yayırdı.
Həbsindən əvvəl də o, yataq otağında çəkilmiş intim videosunun yayılmasıyla hədələnmişdi. Həmin görüntülərin onun evinə hökumət orqanları tərəfindən gizli quraşdırılmış kamera vasitəsilə lentə alındığı ehtimal olunur. Şəkillərlə birlikdə məktub göndərilərək xəbərdarlıq edilmişdi ki, araşdırmalarını dayandırmasa, video yayılacaq.
Xədicənin anası Elmira Ismayılova deyir ki, qızının həbsini gözləyirdi: “Hətta Elmar Hüseynovun başına gələnlərdən sonra qorxurdum ki, Xədicəni də öldürərlər”.
Elmira Ismayılova onu da qeyd edir ki, qızının gördüyü işi həmişə dəstəkləyib: “Mən onunla fəxr edirəm. Hesab edirəm ki, o, düz iş görürdü. Xədicə hələ balaca olanda mən görürdüm ki, o, həqiqət naminə özünü qurban verməyə hazırdır. Bacıları məktəbdəki pis qiymətlərini gizlətməyə çalışanda o, gəlib mənə deyirdi. Yəni, o, uşaqlıqdan bu cürdür”.
“Sərhədsiz reportyorlar”ın hesabatına görə, Azərbaycan söz azadlığı baxımından dünyada ən pis vəziyyətdə olan ölkələrdən biridir. Son altı ayda ən azı 25 jurnalist təhlükəyə görə ölkə tərk edib. Xədicənin anası deyir ki, o, hətta həbsdən buraxılsa da, ölkədən getməyəcək: “Xədicə hesab edir ki, o, öz ölkəsinə lazımdır. O, burada olmalıdır”.
“Bilirdik ki, atamı həbs edəcəklər”
Ölkədə çox hörmətli vəkil və hüquq müdafiəçisi Intiqam Əliyev də ötən ilin yayında siyasi motivli ittihamlarla həbs olunub. Ona qarşı vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlar irəli sürülüb. Intiqam Əliyev Avropa Məhkəməsinə göndərilən çoxsaylı şikayətlərin müəllifidir.
Intiqam Əliyevin oğlu Nəcmin atasının evdəki iş otağında onun öz fəaliyyətinə görə aldığı mükafatları, o cümlədən nüfuzlu Saxarov mükafatını göstərir: “Biz bilirdik ki, onun gördüyü iş risklidir. Digər hüquq müdafiəçiləri və jurnalistlərin həbsi başlayanda bilirdik ki, onu da tutacaqlar. Mənim atam çox səxavətli, xeyirxah adamdır, o, heç bir pis iş görməyib. Biz onun üçün darıxırıq, evimizdə olmasını istəyirik”.
60 yaşlı Leyla Yunus hüquq müdafiəçisi olmaqla, həm də Azərbaycan hökumətinin açıq və sərt tənqidçilərindən biridir. O, ötən ilin iyulunda – Azərbaycanda insan haqlarının acınacaqlı durumuna görə burada keçiriləcək Avropa Oyunlarını boykot etmək çağırışından bir neçə gün sonra həbs olundu. Leyla Yunus hazırda ibtidai istintaq altındadır. Ona qarşı dövlətə xəyanət, vergidən yayınma, vəzifədən sui-istifadə, dələduzluq, sənəd saxtakarlığı kimi ittihamlar irəli sürülüb.
Leyla Yunusdan sonra həyat yoldaşı Arif Yunus da həbs olundu və ona qarşı eynilə həmin siyasi motivli ittihamlar irəli sürülüb.
Leyla və Arif Yunusların qızı Dinara hazırda Amsterdamda yaşayır. O, ötən ilin yayında valideynləri həbs olunandan bəri onlarla görüşməyib: “Mənim valideynlərim 30 ildir ki, həyatlarını insan hüquqlarının müdafiəsinə həsr ediblər”.
Bir video-rolikdə Dinara soruşur: “Cənab prezident, mənə deyə bilərsinizmi ki, niyə anam qarşıdakı Avropa Oyunları ilə bağlı tənqidi çıxışından sonra türməyə salındı? Cənab prezident siz nədən qorxursuz? Siz niyə azadlıq üzərində repressiyaya üstünlük verirsiz?”
“Bəsdir!” – Elmira Ismayılovanın prezidentlə görüşmək imkanı olsaydı, ona belə deyərdi: “Siz bu ölkəni soydunuz. Ailəniz və gələcək nəsilləriniz üçün kifayət qədər yığmısız. Xahiş edirəm, bəsdir, qurtarın…”
Şübhəsiz ki, hökuməti tənqid etdiyinə görə həbsxanaya salınan çoxsaylı digər adamların da ailələri bu fikirləri bölüşür.
Əliyev hökuməti nədən qorxur?
Azərbaycanda keçirilən “Eurovision” musiqi yarışması ərəfəsində bu ölkədə insan haqlarının pozulmasına diqqət çəkmək məqsədilə təşkil olunan “Demokratiya naminə oxu!” kampaniyasının təşkilatçısı, Avropa Oyunları zamanı da bənzər kampaniyanı həyata keçirməyi planlaşdıran hüquq müdafiəçisi Rəsul Cəfərov da ötən ilin avqustunda həbs olunab.
REAL Hərəkatının sədri Ilqar Məmmədov da siyasi motivli ittihamlarla 7 il azadlıqdan məhrum edilib. Keçən həftə Avropa Şurası onun azadlığa buraxılması üçün Azərbaycan hökuməti qarşısında ikinci dəfə tələb qoydu.
Müxalif fəal Fərəc Kərimlinin qardaşı Sirac narkotiklə şərlənərək keçən həftə 6 il azadlıqdan məhrum edildi. Bu faktın özü də fəalların ailə üzvlərinə qarşı təqiblərin göstəricisidir.
Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun rəhbəri Emin Hüseynov təhlükəsizliyinə görə Isveçrənin Bakıdakı səfirliyində qalır.
Bütün bu baş verənlər ölkədə vətəndaş cəmiyyətinin iflic vəziyyətə salınmasına, diskussiya və debatların qapadılmasına gətirib çıxartdı. Yaxın Şərqdə, Ukraynada, indi də Gürcüstanda nələrin baş verdiyini bilə-bilə Əliyev hökumətinin bu cür repressiyalara əl atmasının səbəbini anlamaq çətindir. Çünki müxalifət və hökuməti tənqid edənlər heç bir real təhlükə vəd etmirdi.
Böyük idman turnirində parıltı yaxşı haldı, amma gərək bu, dünyada zədələnmiş imici yumaq cəhdi olmasın.