Meydanı həm də onların fotoları bəzəyirdi
Milli Şuranın 15 mart mitinqinin əsas şüarı bahalaşmaya son olsa da, aksiyanın qətnaməsində yer alan tələblərdən biri də siyasi məhbsulara azadlıq idi. Meydanda iştirakçılar bütün siyasi məhbusların şəkillərini qaldırmışdılar. Çıxışçılar da bu problemi qabardaraq ölkə hakimiyyətindən siyasi məhbusların azadlığa buraxılmasını tələb etdilər.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli isə çıxışında bu problemə xüsusi yer ayırdı. O, bildirdi ki, bu gün Azərbaycandakı yüzdən artıq siyasi məhbus var. Onları ona görə həbsə atılıblar ki, ölkənin sərvətlərini rahat şəkildə talan etsinlər. AXCP lideri xalqı siyasi məhbuslara daha fəal şəkildə arxa durmağa da çağırdı:
“Əziz həmvətənlər, mən düşünürəm ki, bu hakimiyyət niyə bizimlə bu qədər saymazyana rəftar edir. Siz də düşünün. Bəlkə ona görə ki, 10 il bundan öncə Elmarın ağzından güllə ilə vurub onu susduranda biz ona arxa durmadıq? Bəlkə ona görə ki, Azərbaycanın əzilən insanlarının səsini bütün dünyaya yayan Leyla Yunus ahıl yaşlarında hər gün biraz da öldürülərkən biz ona layiqli dəstək verə bilmirik? Bəlkə ona görə ki, Azərbaycan hakimiyyətinin korrupsiyasını cəsarətdə ifşa edən Xədicə İsmayıl bu gün məhbəsdədir, biz isə ona layiqli dəstəyi verə bilmirik? Əzilən insanların hamısının yanında olmağı bacara bilmirik. Hamımız bəzən öz növbəmizi gözləyirik. Bəlkə səbəb budur? Bəlkə səbəb bizim səfərbər ola bilməməyimizdir?
Əziz həmvətənlər, bilək ki, bu gün ölkədə yüz nəfərdən artıq siyasi məhbus var. İntiqam Əliyev, Anar Məmmədli, İlqar Məmmədov, Tofiq Yaqublu, Seymur Həzi, Rəsul Cəfərov, Asif Yusifli, Bəşir Süleymanlı, Rauf Mirqədirov, Arif Yunus, Rəşadət Axundov, İlkin Rüstəmzadə, Ömər Məmmədov, Rəşad Həsənov, Hacı Mövsüm Səmədov, Hacı Taleh, Hacı Abgül və onlarla qeyrətli insanlar bu gün ona görə həbsdədirlər ki, hökümət bu ölkənin sərvətlərini rahat talan etsin”.
Emil