Fuad Qəhrəmanlı: “Azərbaycan hakimiyyətinin vədlərinə, yaratdığı xoş təəssürata aldanmaq olmaz”
Azərbaycandakı insan haqları və demokratiya məsələsi artıq bir müddətdir ki, Qərbin diqqət mərkəzindədir. ABŞ dövlət katibini müavini Nulandın Bakı səfəri zamanı insan haqları müzakirə mövzusu olmaqla yanaşı, insan haqları problemlərini müzakirə edəcək qurumun yaradılması da qərara alındı. Hiss olunur ki, artıq Qərb Azərbaycan hakimiyyəti ilə təmasda insan haqları problemini təkbətək danışıqların predmetinə çevirib. Və bu yol ilə problemin həllinə çalışılır. Dövlət başçısı İlham Əliyevin Avropa Birliyinin insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı müzakirə predmeti olan məsələlər də bu mülahizələri təsdiq edir.
Dünən baş tutan görüşdə Azərbaycan ilə AB arasında əlaqələrin inkişafı müzakirə olunub. Söhbət zamanı enerji, nəqliyyat, insan hüquqları, demokratiya və digər sahələrdə vəziyyət və perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bəs Qərblə insan haqları sahəsində aparılan budəfəki danışıqların nəticəsi necə ola bilər? Hakimiyyət insan haqlarının bu formada gündəmə gətirilməsindən yayına biləcəkmi? Verilən vədlərin bu dəfə yerinə yetirilməməsi nəylə nəticələnə bilər?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, hakimiyyətlə təmaslarda Qərbdən insan haqları və demokratiya ilə bağlı təşəbbüslərin gəlməsi təqdirəlayiq yanaşmadır. F.Qəhrəmanlının fikrincə, bu cür səylərin olması Azərbaycanda demokratik proseslərin gələcəyinə diqqəti artırır. AB nümayəndə heyətinin Azərbaycanda keçirdiyi müzakirələrin bu istiqamətdə atılan növbəti addım adlandıran F.Qəhrəmanlı qeyd etdi ki, amma reallıq tam başqadır: “Hakimiyyət əvvəllər bu cür təşəbbüsləri qəbul etmir, qarşıdurma siyasətinə üstünlük verirdisə, hazırda dialoq imitasiyası ilə müəyyən vaxt qazanmağa çalışır. Bu Qərblə qarşıdurmada Rusiyanın mövqeyinin zəifləməsi, daxildə manatın məzənnəsinin aşağı düşməsi, neftin qiymətinin enməsi hakimiyyətin də mövqelərini zəiflədib. Belə bir zəifləmə şəraitində hakimiyyət Qərblə açıq qarşıdurma mövqeyindən geri çəkilərək, danışıqlar yolu ilə problemi həll etmək görüntüsünü yaratmağa çalışır”.
F.Qəhrəmanlının fikrincə, Nullandın Azərbaycana səfərindən sonra AB nümayəndə heyətilə aparılan danışıqlar hakimiyyətin özünü konstruktiv, insan haqları problemini çözmək tərəfdarı kimi təqdim etməsi bir imitasiya cəhdidir: “Azərbaycan iqtidarı insan haqlarının çözülməsi istiqamətində hər hansı addım atmayacaq. Bu addımların atılması rejimə qarşı daha ciddi addımların atılmasından asılıdır. Bu tənqidlər həm cəmiyyətin fəallığı ilə ölkə daxilində, həm də eyni zamanda beynəlxalq birlik tərəfindən davamlı nümayiş etdirilməlidir. Beynəlxalq birlik növbəti dəfə o tələyə düşməməlidir ki, hansısa danışıqlar, müzakirələr gedir. Sonda da məlum olur ki, bu müzakirələrin sonunda heç bir nəticə əldə olumur. Yaqlandın siyasi məhbuslarla bağlı yaratdığı komissiyanın uğursuz fəaliyyəti, Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə sədrlik etdiyi müddətdə demokratik islahatların aparılacağı ilə bağlı ümidlərin puça çıxması göstərir ki, Azərbaycan hakimiyyətinin vədlərinə, yaratdığı xoş təəssürata aldanmaq olmaz. Avropa Birliyinin hakimiyyətlə apardığı müzakirələr sanksiyalarla, təzqiqlərlə müşayət olunmasa real nəticə gözləməyə dəyməz”.
Xəyal