Yaxud, Aydın Mirzəzadənin «aydınlıq» gətirdiyi məqamlar
Çox qəribədir ki, bütün dünyanı ikili standartlarda, qərəzdə ittiham edən hakimiyyət, istənilən məsələyə münasibətdə ikili yanaşma sərgiləyir, qərəzli fikirlər ifadə edir. Bugünlərdə YAP-çı deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a açıqlama verib və sualları cavablandırıb. Amma bütün mühüm məqamlara kölgə salmağa, mətləbdən yayınmağa çalışıb.
Məsələn, son günlər ölkə gündəmini zəbt edən Lamiyə Quliyeva olayı ilə bağlı suala cavab verməkdən yayınıb. “Mən bu məsələyə münasibət bildirmək istəmirəm. Bu məsələlər mənim maraq dairəmdə deyil. Hər halda Azərbaycan cəmiyyəti tək o şəxsdən ibarət deyil”- deyə Aydın Mirəzəzadə bildirib.
Bəli, Şəmkirin keçmiş icra başçısı, YAP Siyasi Şurasının üzvü Aslan Aslanovun əməlləri, Penitensiar Xidmətin biabırçı açıqlamaları, şəxsi maraqların qurbanına çevrilmiş insan taleləri millət vəkilinin maraq dairəsində deyil. Normal bir ölkədə, xalqdan mandat almış bir deputat məsələyə belə münasibət bildirməkdən ehtiyat edərdi. Çünki, lamiyələr də bu millətin bir fərdidir və Aydın Mirzəzadə də millətə vəkillik etmək iddiasına düşənlərdəndi. Amma reallıq budur ki, hakimiyyət sözçülərinin maraq dairəsi demokratiya tələb edənləri ləkələmək, fərqli fikrin daşıyıcılarını aşağılamaq, korrupsiyaya haqq qazandırmaqla məhdudlaşır. Amma Aydın Mirzəzadənin sözündə bir həqiqət var ki, Azərbaycan cəmiyyəti tək Lamiyədən ibarət deyil. Bu ölkədə Lamiyənin taleyini yaşayanlar, kiçik padşahların cinayətinə qurban gedənlər, sifarişli məhkəmə hökmləri ilə azadlıqlarını itirənlər çoxdur. Yəqin buna görədir ki, belə məqamlar Aydın müəllim üçün adiləşib. Bu ölkədə millət vəkilləri hökuməti millətdən qorumaq missiyasını yerinə yetirir.
Daha sonra YAP-çı deputat iqtidar-müxalifət “dialoq”una münasibət bildirib və “dilaoq”da iştirak etməyənləri qınayıb: “Bu, ilk növbədə ondan irəli gəlir ki, həmin partiyalar görüşə hazır deyillər. Dialoq onlar üçün sadəcə şüar idi. Onlar dialoqda maraqlı deyillər”.
Çox maraqlıdır, özünü real müxalifət adlandıran, ölkədə demokratiyanın bərqərar olunmasını istəyən adamlar, bu dialoqda niyə iştirak etməlidir? Siyasi məhbus məsələsi qaldırılanda “bizdə siyasi məhbus yoxdur”, insan haqları məsələsi gündəmə gələndə “Azərbaycanda insan hüquqları yüksək səviyyədə qorunur”, monopoliyaların ləğvi tələb ediləndə “ölkədə azad sahibkarlıq üçün bütün şərait yaradılıb” cavabı verilirsə, bu hakimiyyət bütün mühüm tələblərdən imtina edirsə, bu dilaoqun mənası nədir? Belə çıxır ki, müxalifət həmin tədbirə Əli Həsənovun simasına tamaşa etmək üçün getməlidir? Məqsəd budursa, biz hökumət təmsilçilərinin simasını virtual olaraq da görürük.
Digər tərəfdən, heç kimə sirr deyil ki, o tədbirdə müxalifət adı ilə təmsil olunanların heç birinin hakimiyyətlə dialoqa ehtiyacı yoxdur. Əksəriyyətinin mandatı, yaxşı dolanışığı və hökuməti tərif edən dili var. Müxalifəti söyə-söyə, “ermənipərəst” adlandıraraq dialoqa çağırmaq, həmin müxalifət liderini təhqir etmək, sındırmaq məqsədi daşıyır. Eyni zamanda sındırılmışların hesabına hakimiyyət mənfəət də əldə edir və demokratik islahat görüntüsü yaradır. Məsələn, Aydın Mirzəzadə ilə Asim Mollazadənin hakimiyyətə münasibətində hansı fərq var? Yəni bu ölkədə real müxalifətin də, qeyri-real dialoqun da şüarı məlumdur.
Daha sonra Aydın Mirzəzadə şərlənərək həbs edilmiş QHT rəhbərləri ilə bağlı məsələyə toxunaraq deyir: “Bu o demək deyil ki, həmin insan ictimai fəal olduğuna görə ona qanun tətbiq edilə bilməz. Məsələn, bir neçə nəfər var ki, onlar qanunsuz sahibkarlıqla məşğul olublar. Son illərdə milyonlarla pul onların hesabına oturub, ondan vergi verməyiblər, fəaliyyətləri barədə müvafiq orqanları məlumatlandırmayıblar”.
Əvvəla, millət vəkilinin diqqətinə çatdırmaq istəyirik ki, bu adamlarla bağlı məhkəmə prosesi hələ davam edir. Məhkəmə hökmü olmadan kimlərisə ittiham etməyin özü böyük qanunsuzluqdu. Eyni zamanda məhkəmə proseslərinin gedişi də göstərir ki, bu adamlara qarşı heç bir arqument tapa bilmirlər. Vəziyyət o həddə çatıb ki, məcburi şəkildə “zərərçəkn”lər axtarmağa başlayıblar. Zərərçəkən qismində məhkəməyə çağırılanlar isə bundan imtina edir. Xədicə Ismayıla qarşı “intihar həddinə çatdırma” maddəsiylə cinayət işi qaldırıldı. Indi isə jurnalist fəaliyyətinə görə mühakimə olunur. Bundan öncə isə “şərəf və ləyaqətin təhqir olunmasında”, “dövlət sirrini yaymaqda” ittiham olunurdu. Yəni məhkəmə proesləri, irəli sürülən ittihamlar o qədər absurddur ki, tez-tez yeniləri ilə əvəzlənir.
Digər tərəfdən, bir vicdanlı QHT rəhbərinin fəaliyyətində manat axtarışına çıxan hökumət, sərvətinin dəyəri milyonlarla ölçülən məmuru niyə təftiş etmir? Nazirlərin yüzlərlə şirkəti, dünyanın müxtəlif yerlərindəki villaları, bahalı avtomobilləri necə əldə olunub. 100-cü dərəcəli bir məmuru 100 manat rüşvətə görə həbs edənlər, 1-ci dərəcəli vəzifəlini milyardlara görə istintaqa niyə çəkə bilmir? Müxalif fəalın cibindən 2 qram narkotika çıxardanlar, 3 ton heroinin mənbəyini niyə tapa bilmir? Aydın Mirzəzadənin təmsil olunduğu parlamentdə xaricdən milyonlarla qrant alan deputat yoxdurmu? Həmin deputatın bu milyonları necə sərf etdiyi şəffafdırmı? Məmurlar gəlirləri haqqında hesabat vermirsə, onların vergi ödəmələri necə tənzimlənir?
Yaxşı olar ki, Aydın Mirzəzadə haqsız həbslərə don geynidirməkdənsə, haqlı iradlara cavab versin.
Akif