Vidadi Mirkamal: «Artıq Avropada birmənalı qaydada o qəbul olunub ki, Azərbaycan demokratiyadan çox uzaq dövlətdir»
Artıq bununla necənci dəfədir ki, dünyanın tanınmış siyasətçiləri Əliyev rejimi ilə əlaqələrinə görə sərt tənqid olunurlar. Britaniya şahzadəsi Endrunun Azərbaycan hakimiyyəti ilə münasibətləri bir müddət əvvəl onu beynəlxalq mətbuatın hədəfinə çevirdi. Bu dəfə isə bu hədəfə Britaniyanın keçmiş baş naziri Toni Bleyer gəlib. O, “gəlirləri və gizli maliyyə imperiyası barədə” parlament qarşısında sorğu-sual ediləcək.
Britaniyanın “Sunday Times” qəzeti yazır ki, keçmiş baş nazir “Azərbaycanın despotik rejimi”nin dəstəklədiyi qaz kəmərinin “məsləhətçisi” kimi qazanmağa hazırlaşdığı milyonlarla funt sterlinq pulla əlaqədar suallara cavab verməli olacaq.
Parlament təşəbbüsü qaydasında təklif olunan müzakirədə söhbət baş nazirlərin vəzifədən getdikdən sonra xarici ölkələr üçün gördükləri işin müqabilində əldə etdikləri gəlirlərin şəffaflığından və hesabatlılığından gedəcək.
Bəs beynəlxalq aləmdə tanınmış siyasətçilərin Əliyev rejimi ilə münasibətlərinə görə bu cür sərt təpkilərə məruz qalması nəyin görsənişidir?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, təşkilatın Hüquq Komissiyasının rəhbəri Vidadi Mirkamal vurğuladı ki, bu cür münasibətin sərgilənməsi Azərbaycan hakimiyyətinin beynəlxalq aləmdə avtoritar rejim kimi tanınmasından irəli gəlir: “Artıq Avropada birmənalı qaydada o qəbul olunub ki, Azərbaycan demokratiyadan çox uzaqdır. Ona görə də diktatura idarə üsulu ilə ölkəni idarə etmək fikrində olan rəhbərlərlə demokratik dəyərləri üstün tutan Avropa siyasətçilərinin hər hansı əlaqəsi ayıb sayılır. Bu, Avropanın Azərbaycana bir baxışıdır. Qərb Azərbaycanı demokratik ölkə kimi tanımır”.
Xəyal