Milli Şura ölkədə davam edən repressiyalarla bağlı bəyanat verdi
Demokratik Qüvvələrin Milli Şurası ölkədə repressiyaların güclənməsi, vətəndaş cəmiyyəti fəallarına qarşı edilən təzyiqlər və son həbslərlə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:
“09 oktyabr 2013- cü ildə keçirilmiş son prezident seçkilərini total şəkildə saxtalaşdıraraq növbəti dəfə hakimiyyəti mənimsəmiş İlham Əliyev hakimiyyəti yerli və beynəlxalq ictimaiyyətin təkidli tələblərinə baxmayaraq seçkilərdə yol verilmiş ciddi qanun pozuntularını araşdırmaq və tədbirlər görmək əvəzinə, tənqidi fikirlərə dözümsüzlük nümayiş etdirir, etirazları yatırmaq, ölkədə avtoriar rejimi tam bərqərar etmək üçün repressiyaları gücləndirmək, qanunsuz həbsləri genişləndirmək yolunu tutmuşdur. Son aylar vətəndaş cəmiyyəti fəallarına, tanınmış jurnalistlərə, müxalif siyasi partiya nümayəndələrinə qarşı həyata keçirilən təzyiq və həbslərin xronologiyasına nəzər salsaq Azərbaycandakı mənzərə tam aydın olar. Belə ki;
a) “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” verilişinin əməkdaşı Xalid Qarayev şərlənərək həbs edilərək 25 gün həbsdə saxlanılıb;
b) Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən siyasi fəal, AXCP üzvü Hicran Qasımov qondarma ittihamla həbs edilib. Onun ailə üzvləri, o cümlədən 74 yaşlı anası Rahilə Qasımova və həyat yoldaşı Səadət Qasımovaya zorakalıq və təzyiq edilərək polis bölməsinə aparılıb.
c) AXCP Təşkilat şöbəsinin rəhbəri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirli şərlənərək həbs edilib;
d) Tanınmış vəkil Elçin Namazov Xətai rayon Məhkəməsi tərəfindən 15 sutka inzibati həbs cəzasına məruz qalıb, onun ofisində DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qeyri- qanuni axtarış aparılıb;
e) Milli Şuranın üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevə təzyiq etmək üçün onun az yaşlı övladları ilə bağlı yenidən absurd istintaq hərəkətləri başlanılıb;
f) AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusiflinin oğurlanıb və bir gün sonra gizli şəkildə məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qəti- mkan tədbiri seçilib;
g) Qanunsuz həbsdə olan tanınmış hüquq müdafiəçisi Leyla Yunusa qarşı təcridxanada təzyiqlər davam edib, onun səhhətində yaranmış kritik durumla bağlı hakimiyyət adekvat addımlar atmayıb;
h) Media ilə bağlı qanunun daha da mürtəceləşdirilməsi üçün Prezident Administrasiyası Parlamentə yeni layihə göndərib;
i) “Azadlıq” radiosunun əməkdaşı, tanınmış jurnalist Xədicə İsmayıl külünc ittihamla şərlənib həbs edilib;
j) Vəkillər Kollegiyası Xalid Bağırovun Kollegiya üzvlüyündən çıxarılması üçün məhkəməyə müraciət edib və s.
Göründüyü kimi hakimiyyət vətəndaş cəmiyyətini, ictimai-siyasi fəalları susdurmaq üçün qısa zaman kəsiyində nə qədər anti-konstitusiyon və anti-demokratik addımlar atıb. İnsan haqlarına, vətəndaş hüquqlarına, demokratiya adına, öz insanlarına qarşı Azərbaycanda hakimiyyətin atdığı bu addımları başqa ikinci bir avtoritar ölkə ilə müqayisə etmək çox çətindir.
Bir neçə gün öncə tanınmış jurnalist və vətəndaş hərəkatı fəalı Xədicə İsmayılın absurd və gülməli ittihamla şərlənib həbs edilməsi isə hakimiyyətin insanlıq və demokratiya adına bütün qırmızı xətləri keçdiyini bir daha göstərdi. Əslində hakimiyyət bu addımı ilə vətəndaş cəmiyyətindən, azad mediadan nə qədər qorxduğunu, azad sözün qarşısında necə çarəsizl durumda olduğunu ortaya qoydu. Son zamanlar ABŞ başda olmaqla Qərb dünyasına “meydan oxuyan” Əliyev rejiminin Xədicə İsmayılı həbs etmək üçün cəfəng iddialardan istifadə etməsi, hüquqi anlayışlara məhəl qoymaması məsələnin siyasi tərəfini açıq şəkildə ortaya qoymuşdur. Ən dəhşətlisi odur ki, bütün bunlar XXI əsrdə baş verir və dünyanın dəyişdiyi, hüququn aliliyinə tapındığı bir əsrdə baş verir. Məhz, yeni başlanan əsr cəmiyyətə nümunə vermiş, vicdan meyarlarını önə çıxarmış, öz yazıları və şəxsi keyfiyyətləri ilə mənəvi dəyərə çevrilmiş Xədicə İsmayılın əsridir. Bu gün Xədicə öz həbsi ilə də Azərbaycan cəmiyyətini irəli aparır. Onun jurnalist araşdırmaları və prinsipial məsələlərə münasibətdə iradə nümayiş etdirməsi diktatura rejiminə qarşı mübarizədə bir örnəkdir: vətənə və millətə, xidmətin örnəyi, öz prinsiplərinə və həyat tərzinə sədaqətin örnəyi.
Milli Şura bir daha hakimiyyəti Xədicə İsmayıl və digər ictimai-siyasi fəallara qarşı irəli sürdüyü qondarma ittihamları ləğv etməyə, repressiyaları durdurmağı və həbsdə olan bütün siyasi məhbusları qeyd- şərtsiz azadlığa buraxmağı tələb edir”.