İlham Əliyevin “media kapitanı” və GONGO-ları siyasi məhbuslar üzərində qələbəni necə qeyd etdi?
Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələri Vətəndaş Cəmiyyəti Forumunun Batumidə keçirilmiş iclasında Azərbaycanla bağlı baş verən qalmaqalın əks-sədası hələ də davam edir.
Noyabrın 20-də keçirilən iclasda Azərbaycandan gedən hökumətyönlü QHT-lər (GONGO) Forumun üzvlərindən birinin – Çexiyanın “People İn Need” (qısaca – PİN) təşkilatının Azərbaycanda siyasi məhbuslarla bağlı qurduğu stendlərə etiraz edib, dava-dalaş salaraq onları dağıdıb və hətta vicdan məhbusu İntiqam Əliyevin fotosu olan posteri cırıblar.
Yaranan qalmaqal barədə ilk xəbəri iclasa jurnalist kimi dəvət almış “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu yaydı. Xəbərdə baş verənlər “ermənipərəst təşkilatın” Azərbaycana qarşı aksiya təşkil etməsi və Azərbaycan nümayəndə heyətinin bunun qarşısını alması kimi təqdim olunurdu. PİN-in “ermənipərəst” olması isə xəbərin içində Azərbaycan nümayəndə heyətinin rəhbəri Vüqar Bayramova istinadla verilirdi.
Bu xəbər yayılan kimi Azərbaycanın bir sıra tanınmış ictimai fəalı stendlərin dağıdılmasını pislədi və Rauf Arifoğlunu hadisənin təqdimatında hökumətin mövqeyindən çıxış etməkdə suçladı. Facebook-da qızışan müzakirə-mübahisələr o istiqamətə yön aldı ki, PİN Azərbaycanda siyasi məhbuslar problemini qabartdığı üçün “ermənipərəst” damğası ilə gözdən salınır və “Yeni Müsavat”ın baş redaktoru da bu kampaniyada iştirak edir. Baş redaktor isə PİN-ə qarşı “ermənipərəst” ittihamının ona yox, Forumda Azərbaycanı təmsil edən şəxsə aid olduğunu təkrarlaya-təkrarlaya, qəzetində bu təşkilatın “ermənipərəstliyinə” dair materialların dərci ilə səhv olmadıqlarını sübut etməyə çalışdı.
Arqumentlər ümumi şəkildə bunlardan ibarət oldu ki, PİN ermənilərə yardım edib və Dağlıq Qarabağ ermənilərinin Forumda müstəqil təmsilçiliyinə təşəbbüs göstərib. Artıq PİN-in koordinatoru İvana Skalova azərbaycanlı jurnalist Aynur İmranovaya müsahibəsində Batumidə əslində nələrin baş verdiyinə aydınlıq gətirib və təşkilata qarşı ittihamlara cavab verib. Amma buna qədər də Azərbaycanın həqiqi vətəndaş cəmiyyəti təmsilçiləri araşdırmalar aparıb, ortaya çıxardılar ki, PİN nə Dağlıq Qarabağ ermənilərinin Forumda müstəqil təmsilçiliyinə təşəbbüs göstərib, nə də ermənilərə yardım məsələsində xüsusi fərqlənir.
Məsələn, vəkil Xalid Bağırov təşkilatın hansı ölkələrə nə qədər yarım etdiyini göstərən qrafiki paylaşaraq ironiya ilə yazdı ki, PİN əslində əfqanpərəst, suriyapərəst və konqopərəstdir. Çünki qrafikdən göründüyü kimi, təşkilatın humanitar yardım fəaliyyətində ilk 3 yeri Əfqanıstan, Suriya və Konqo tutur.
Lakin bu cür ironiyalar “erməni” kartı ilə silahlanıb Azərbaycan hökumətini insan haqları ilə bağlı tənqidlərdən qorumaq istəyənlərə təsir göstərə bilməzdi. Onlar israr edirlər ki, PİN Dağlıq Qarabağ ermənilərinə yardım göstərib, onları və Şərq Tərəfdaşlığı ölkələrindəki digər separatçıları (yəni Abxaziya, Cənubi Osetiya və Dnestryanı “respublikaları”) müstəqil subyekt kimi qəbul edir.
Lakin təşkilatın rəsmi saytından aydın olan bunlardır: PİN Ermənistanda 2006-cı ildən humanitar yardım istiqamətində çalışır. Azərbaycanda isə 2013-cü ildən və insan haqları istiqamətində işləməyə başılayıb. İşlədiyi regionlar sırasında separatçı rejimlərdən yalnız Dnestryanı göstərilir ki, o da Moldovanın tərkibində, onun ərazisi olaraq. Dağlıq Qarabağ isə ölkələrlə bağlı məlumatlardakı xəritədə Azərbaycanın ərazisi olaraq göstərilir. Bu müzakirələrə qoşulan jurnalist Seymur Kazımovun sözlərilə desək, “Yəqin ki, “DQR”ə simpatiyaları olsaydı, onu da ayrıca region kimi göstərərdilər” (Hərçənd, Dnestryanı regionu da ayrıca göstərmək ona simpatiya ilə bağlı deyil, sadəcə, Dnestryanı təmsilçiləri Moldova nümayəndə heyətinin tərkibində Forumda iştiraka razılıq verib, bunun üçündür).
Dağlıq Qarabağ ermənilərinə yardım isə 1992-ci ildə 80 min dollar məbləğində olub – müharibədən əziyyət çəkmiş dinc insanlara yardım kimi. PİN-i Azərbaycanda siyasi məhbus problemini qabartıdğına görə vurmaq üçün bundan istifadə edənlər nədənsə, həmin illərdə Qarabağı alıb ermənilərə verən və bu gün də onun arxasında duran Rusiyanı indi yaman simpatiya ilə yad edirlər. Ukraynanın seçiminə görə bütün demokratik Qərb dünyası ilə cəngə qalxan Rusiya prezidenti Putini həmin çevrələr qəhrəman kimi görür və belə də təbliğ edir.
Bu məqama jurnalist Aynur İmranova müzakirələrdən birində bu şəkildə toxunur: “Hansı beynəlxalq təşkilat Ermənisyanla işləmir ki? O gün Rusiyada “Dağlıq Qarabağ Respublikası”nın Moskvadakı nümayəndəsini efirə çıxarmışdılar, onda belə çığır-bağır görmədim…
Əgər Dağlıq Qarabağ ərazisində yaşayan əhaliyə humanitar yardım göstərməyə görədirsə bu ittiham, Qırmzı Xaç və Qırmızı Ayparaya da eyni münasibət göstərilməlidir…”.
Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov isə müzakirələr zamanı PİN-ə niyə məhz Batumidə təşkil etdiyi sərgidən sonra “ermənipərəst” ittihamı ilə hücum edildiyinə diqqət çəkib: “Hər kəs bilir ki, “ermənipərəst” leksikonu hakimiyyətin repressiyalara görə olan beynəlxalq tənqidlərə qarşı istifadə etdiyi anti-tezisdir. Müsavatçı dostlar xatırlamamış deyillər ki, 2010-cu ildə hakimiyyət bundan Müsavata qarşı istifadə edib, Ermənistandakı həmkarı ilə imzaladığı müqaviləyə görə haqsız olaraq onun üzərinə gəldi. Bu gün “ermənipərəst” leksikonu işlədənlərin eyni mahiyyətli məsələyə 4 il əvvəl necə mövqe sərgilədiyini axı hər kəs bilir. İndi də icazə verin, deyək ki, bu dəfə yanlışsız, hakimiyyətlə eyni yanaşma sərgiləyirsiz və insanların da təbii etirazı yaranır”.
Həqiqi vətəndaş cəmiyyəti nümayəndələrinin Batumidə PİN-in sərgisini dağıdan həmkarlarına və bunu “ermənipərəstlərin üzərində qələbə” kimi təqdim edənlərə iradının səbəbi aydındır. Onlar Azərbaycanda insan haqlarının durumundan, vətəndaş cəmiyyətinə olmazın basqılardan, siyasi məhbusların mövcudluğundan narahatdırlar. Özünü vətəndaş cəmiyyəti və azad mətbuat təmsilçisi kimi təqdim edənlərin bu problemlərlə bağlı beynəlxalq kampaniyaları hakimiyyətin uydurduğu “ermənipərəst” kartı ilə gözdən salmaq cəhdi təbii hiddət doğurur.
Məsələn, Bəxtiyar Hacıyev haqlı olaraq soruşur: “Yeni Müsavat qəzetində İntiqam Əliyevin fotosunun kimin tərəfindən cırılması, bunu pisləyən heç bir xəbər görmədim. Əvəzində, fotonu cıranlarla birlikdə Azərbaycan himni sədaları altında “qələbə” ziyafəti videosunu gördüm”.
Batumidə İlham Əliyev hökumətini insan haqları sahəsində düşdüyü bataqlıqdan çıxarmaq üçün İntiqam Əliyevin fotosunu cıranlar isə öz aləmlərində bəraət tapıblar: “Niyə ancaq Azərbaycandakı vəziyyətlə bağlı sərgi təşkil edilmişdi? Məgər Şərq Tərəfdaşlığının o biri ölkələrində problem yoxdur?”.
Problem əlbəttə, bütün ölkələrdə var. Amma Azərbaycandakı kimi kritik durum heç birində yoxdur və PİN-də diqqəti məhz buna yönəltmək istəyib. Bunu təşkilatın rəsmisi İvana Skalova da müsahibəsində izah edib. Bu “arqumentə” daha orijinal cavabı isə vəkil Xalid Bağırov verib: “Bunlar bizi lap biabır etmək istəyirlər. Elə bilirlər müqayisə üzümüzü ağardacaq. Təsəvvür edin Gürcüstanla bağlı stenddə 4 (bir-iki il öncə bu ölkədə daha çox siyasi məhbus var idi), Belarusla bağlı stenddə 7 (4 ay öncə 11 olub), Ermənistanla bağlı stenddə 17, Azərbaycanla bağlı stenddə isə 98 siyasi məhbus olardı. Moldova və Ukrayna ilə bağlı stendlər ümumiyyətlə boş qalardı. (Birincisi 2000-lərin ortasında artıq bu problemi həll etdi, ikincisində isə bu ilin fevralında 23 məhbusun hamısı buraxıldı)”.
Məsələyə vicdan məhbusu İntiqam Əliyevin qızı Nərmin Kamilsoy da bu konteksdən yanaşıb: “Azərbaycan özünü regionun lideri, hegamon dövləti adlandırır, öz inkişafından ağız dolusu danışır. Lider dövlətin bu qədər siyasi məhbusu olar? 98 nəfər hələ siyahıda olandır… Gürcüstan və Ermənistanda siyasi məhbuslar Azərbaycandakından azdır. Əgər PİN belə kiçik bir göstəri vasitəsilə diqqəti Azərbaycana yönəltmək istəyirsə və keçən il mükafatı erməni yox, azərbaycanlı hüquqşünasa verirsə, deməli, həqiqətən də Azərbaycandakı proseslərdə maraqlıdır, siyasi məhbus probleminin qaldırılmasını istəyir…”.
PİN-in sərgisinə hücum edən GONGO dəstəsinin başında duran, Forumda Azərbaycan nümayəndə heyətinin rəhbəri omuş (artıq onun səlahiyyət müddəti bitib və indi onu başqası əvəz edəcək) Vüqar Bayramov açıqlamalarında bildirib ki, yalnız bir ölkə ilə bağlı belə sərgilərin keçirilməsinin hər zaman əleyhinə olub, bu sərgi də gərək təşkil olunmazdı. Ona ən tutarlı cavabı yəqin ki, siyasi məhbus, eyni zamanda müsavat başqanının müavini və “Yeni Müsavat”ın yazarı olan Tofiq Yaqublu verib: “Bizimkilər düz etməyiblər, çünki bizdə vəziyyət lap dözülməzdir və bizi önə çıxardıblarsa, yaxsılıq ediblərmis. Əgər stenddə göstərsəydilər ki, Azərbaycanda insan haqlarının vəziyyəti əladır, bax, onda onu cırmaq lazim gələrdi. Çünki bizə pislik etmiş olacaqdılar…”.
Amma sonradan Vüqar Bayramov bütün bu həngamənin arxasında tamam başqa səbəbin durduğunu faş edib. O, deyib ki, sərgidəki birinci stenddə dövlət başçısının şəkili vurulub və qəbulediməz sözlər yazılıb. Söhbət, keçmiş ölkə başçısı Heydər Əliyevlə indiki ölkə başçısı İlham Əliyevin birgə fotosundan ibarət, üzərində “Ailə biznesi” yazılmış plakatdan gedir. PİN stendlərdən birində Azərbaycanda ailə hakimiyyətinin hökm sürdüyü haqda məlumat paylaşıbmış. Təşkilatın rəsmisi İvana Skalova da müsahibəsində açıqlayıb ki, stendlərə hücum edən Azərbaycan GONGO təmsilçisinin başlıca məqsədi məhz həmin plakatı qoparıb qaçmaq olub.
Deməli, Azərbaycandan vətəndaş cəmiyyəti adına Foruma doldurulan hökumətyönlülərin Batumidəki rüsvayçı əməllərinin motivi ortadadır. Onlar elə eyni motivlə də Azərbaycanda vətəndaş cəmiyyətinə basqılar və siyasi məhbusların mövcudluğu haqda Forum adından qətnamənin qəbul edilməsinə də imkan verməyiblər. Bunu onların qulluq etdiyi İlham Əliyev hökimətinin marağı tələb edir və zatən onlar da bu marağı qorumaq üçün QHT sahibi olub, benləxalq tədbirləri gəzirlər. Maraqlı olan bütün bunları “ermənilər üzərində qələbə” kimi təqdim edib, həmin GONGO təmsilçiləri ilə “qələbə ziyafəti” təşkil edən qəzet rəhbərinin güddüyü maraqdır və ölkənin həqiqi vətəndaş cəmiyyəti nümayəndələri də bir neçə gündür ki, bunun hesabını sorur.
Burada bir incə məqam var ki, Batumi rüsvayçılığını pisləyənlər arasında müsavatçılar demək olar, gözə dəymir. Bəlkə, səbəb Xədicə İsmayılın izah etdiyi kimidir? “Müsavat Partiyasında Rauf Arifoğlu ilə bağlı məsələni Yadigar Sadıqov qaldırdı. İndi Rauf Arifoğlunun arxa qapısından çıxdığı Daxili İşlər Nazirliyinin əməkdaşlarının səyləri nəticəsində həbsdədir. İsa Qəmbər tam dəstək verdi Yeni Müsavat redaktoruna. Odur, budur, Rauf Arifoğlu barədə Müsavat partiyasının rəhbərliyindən heç kim heç nə demir. Ya Yadigar bəyin aqibətini yaşamaqdan qorxurlar, ya da həmrəydirlər. Rauf Arifoğlu isə müsavatçıların hesabına hələ də müxalif sayılan qəzetdə vətəndaş cəmiyyətinə qara yaxmağında, Rusiyanı tərifləyən yazılar dərc etməyindədir”.
Başqa bir incə məqam da var: Batumi olayı göstərdi ki, hökumət nə qədər “budasa” da, nə qədər sərt repressiyaya əl atsa da, ölkənin həqiqi vətəndaş cəmiyyəti sıradan çıxmayıb və belə həlledici məqamlarda mövqe sərgiləyə bilir.