Baş redaktor hakimiyyəti xilas etmək istərkən özü “batdı”; Avropa Birliyi də ifşaedici bəyanat verdi
Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunun noyabrın 20-də Batumda keçirilən iclasında baş verənlər ictimai-siyasi gündəmin əsas mövzusuna çevrilib.
Xatırladaq ki, Batumda keçirilən iclasda Çexiyanın “People in need” hüquq-müdafiə təşkilatı azərbaycanlı siyasi məhbusların fotoları və onlara azadlıq tələb edən şüarlardan ibarət sərgi təşkil edib. Azərbaycandan getmiş hökumətyönlü QHT (GONGO) təmsilçiləri isə buna görə dava salıb, sərgini dağıdıb, plakatları cırıb. Sonradan bəlli olub ki, plakatı cıran YAP-çı “qeheteşnik” Səlim Babayevdir.
Tədbirdə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da iştirak edib və baş verənlər barədə ilk xəbərləri o yayıb. Arifoğlunun yaydığı xəbərlərdə sərgini təşkil edən “People in need”in “ermənipərəst təşkilat” kimi tanındığı, azərbaycanlı siyasi məhbuslarla bağlı aksiyaya erməni nümayəndənin “dirijorluq etdiyi” kimi qeydlər yer alıb. Azərbaycanın ictimai-siyasi sektorunu təmsil edən bir sıra fəallar isə buna görə baş redaktora kəskin etirazlarını bildiriblər. Rauf Arifoğlu tədbirdən sırf jurnalist kimi öz qəzeti üçün xəbərlər hazırladığını, deyilən qeydləri isə Azərbaycan nümayəndələrinə istinadən verdiyini bildirsə də, ictimai fəallar onu hökumətin mövqeyindən çıxış etməkdə qınayıb. Əsas müzakirələr də “facebook”da gedib.
Satılmalarına susaq, yoxsa ifşa edək?
Tanınmış araşdırmaçı jurnalist Xədicə Ismayıl yazıb ki, siyasi məhbusları müdafiə edən təşkilatlara “erməni” damğası vurmaq hökumətin çoxdankı adətidir. Onu təəccübləndirən isə “Rauf Arifoğlunun bu sifarişi yerinə yetirməsinə təəccüblənənlərdir”.
Xədicə Ismayıl eyni zamanda, “Yeni Müsavat”dakı dostlarına mesaj da ünvanlayıb: “Hələ də ”Yeni Müsavat”da imzasının görünməsindən utanmayan dostlarıma mesajım var. Əzizlərim, indi diapazonu genişləndirə bilərsiniz. Artıq “Yeni Azərbaycan” qəzetinə də yaza bilərsiz, “Səs” qəzetinə də. Heç fərqi yoxdur. Əksinə, bir az daha səmimidir…”
Xədicə Ismayıl bu mövzuda başqa bir “facebook” statusunda bunları yazıb: “Anladığım qədər hökumət ələ aldığı, qorxutduğu adamlara susub çəkilmək haqqı tanımır. Indi biz onların qorxularını anlayışla qarşılayıb susaqmı satılmalarına, yoxsa ürəkbulandıran nala-mıxa vurmalarını ifşa edək?”
“Rauf Arifoğlu bu məqsədlər üçün istifadə olunacaq”
REAL Vətəndaş Hərəkatının Idarə Heyətinin üzvü, vəkil Xalid Bağırovun isə məsələyə münasibəti belə olub:
“Yeni Müsavat”ın növbəti şedevri – “People in Need”in ermənipərəst olması sübut olundu. Bu təşkilat Spitak zəlzələsi zamanı Ermənistana kömək edib:)
Bəs o vaxt Ermənistana köməyə getmiş azərbaycanlılar kim idi?
“Yeni Müsavat”çı Rauf Arifoğlunu yeni azərbaycançı Səlim Balayevlə yanaşı görəndə anlamaq lazım idi. Birincisinin gur-gur guruldayan vaxtları var idi, ikincisinin “Hüriyyət” qəzetində şlyapadakı adam obrazı. Indi bu adamlar yanaşıdırlar. Maraqlıdır, kim enib, kim yüksəlib?
Yeri gəlmişkən, Müsavatın Divanı partiyanın siyasi kursuna əməl etmədiyi üçün adamları çıxarır. Rauf Arifoğlu Müsavatda qalırmı? Onun fəaliyyəti Müsavatın proqramına uyğundurmu?
Aydındır ki, siyasi məhbus mövzusu bütün dünyanın diqqətindədir. Bununla bağlı kampaniyalar dayanmayacaq. Hər tədbirdə qarşıya çıxacaq. Hər dəfə qətnamələr ortaya çıxacaq. Bunun qarşısını hakimiyyət yanlız bir yolla almağa çalışacaq. Bu kampaniyaları həyata keçirənləri “ermənipərəst” adlandırmaqla. Rauf Arifoğlu bu məqsədlər üçün istifadə olunacaq.
Ümumiyyətlə, mənim heç vaxt şəxslərlə problemim olmayıb. Hətta onlar özlərini satanda belə…
Əgər biri durub, həbsdəki sevdiyimiz insanların, dostlarımızın və yoldaşlarımızın üzərindən alver edəcəksə, o zaman “pardon”. Ona burada “dur” deyəcəksən. “Siyasi məhbuslarımızın adından alver etmək haqqın yoxdur” deyəcəksən. “Sənin adın budur” deyəcəksən.
Bu qədər bəsit.
Gördüyüm qədərilə, bu Forumun ən uğurlu tərəfi ondan ibarət oldu ki, Forum iştirakçıları Fuad Həsənov, Leyla Əliyeva və Əvəz Həsənovun sayəsində ermənilərin müzakirəyə çıxarmaq istədikləri vertolyotun vurulması ilə bağlı qətnamənin qarşısı alındı. Təbii ki, anti-erməni mövqeyinin sadiq döyüşçüsü olan Rauf Arifoğlunun bundan xəbəri yox idi. Adamın başı başqa missiyaya qarışmışdı”.
İsa Qəmbərə Rauf Arifoğlu sualı
REAL-ın Idarə Heyətinin başqa bir üzvü Azər Qasımlı da baş verənlərlə bağlı fikirlərini “facebook” səhifəsində paylaşıb:
“2003-cü ildə prezident seçkiləri ərəfəsində Rauf Arifoğlu hər gün Ilham Əliyevi təhqir edən (tənqid deyil, məhz təhqir!) yazılar yazırdı. Hələ prezident olmayan şəxs haqqında daha nələr demirdi, ən nəlayiq sözlər istifadə edirdi. Bu gün isə ”Yeni Müsavat” qəzetində Əliyevlərin irsi təbliğatı gedir, neomonarxizm təbliğ olunur. Məsələn, nümunə olaraq, balaca Heydər Əliyevin müəlliminin müsahibəsini göstərə bilərik…
Mən Isa Qəmbərdən və Arif Hacılıdan soruşuram: Rauf Arifoğlunun hərəkətlərini və qəzetinin dərc etdiyi yazıları görmürsünüz? Bunlar Müsavatın liberal, nə bilim müxalif xəttinə zidd deyil? Isa bəy, siz hələ də Yadigar Sadiqov məsələsində olduğu kimi “Rauf Arifoğluna qarşı gedən mənə qarşı gedir” deyəcəksiniz?
Ölkəmizi indiki vəziyyətə gətirənlər məhz tənqidlə təhqiri ayırmayan, aşırı radikallıq edib sonra isə asanlıqla hakimiyyətin imitasiya siyasətində iştirak etməyə utanmayanlardır”.
Alçaqlıq…
REAL-ın Idarə Heyətinin başqa bir üzvü, tanınmış iqtisadçı Zöhrab Ismayıl azərbaycanlı hüquq müdafiəçiləri üçün müdafiə aksiyası təşkil edən Çexiya təşkilatına “ermənipərəst” damğası vurmağı “alçaqlıq” adlandırıb.
“Bunu iddia etmək üçün gərək bütün ləyaqətini itirəsən…”
“NIDA” Vətəndaş Hərəkatı Idarə Heyətinin üzvü Ülvi Həsənli də bu mövzuda fikirlərini bölüşüb:
“Yeni Müsavat” və onun baş redaktoru Rauf Arifoğlunun bir gün ərzində bir neçə yalan, dezinformasiya, yarınmaq məqsədilə yaydığı yazılar və onun yazdıqlarını qınayanları “qrantın uşaqları” kimi qələmə verməsı məni vadar etdi ki, bu ad altında açdığı mövzu ilə bağlı fikrilərimi yazı edim.
Batumidə Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə Vətəndaş Cəmiyyəti Forumu keçirilib. Çexiyanın “People In Need” beynəlxalq təşkilatı Azərbaycandakı siyasi məhbus problemini diqqət mərkəzinə gətirmək üçün bu tədbirdə stend, plakatlar açıblar (ümumilikdə plakatlarda Azərbaycandakı siyasi məhbusların azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb). Və Rauf Arifoğlu tədbirdə olduğuna görə həmin andaca aksiyadan bir-iki şəkil və erməni nümayəndə heyətindən də bir nəfərin şəklini çəkib yayıb ki, bəs qoymayın, ermənipərəst Çex təşkilatı Azərbaycan dövlətçiliyi əleyhinə kampaniyaya başlayıb, işə də erməni filankəs dirijorluq edir. Məqsədləri də ölkəmizin tər-təmiz imicini ləkələməkdir. Həmin təşkilatın ermənipərəst olmasını isə Rauf müəllimə guya, Azərbaycandan gedən nümayəndə heyətinin aparıcı adamları deyibmiş. Adamın istinad yerinə baxın. Şərə xidmət edən adamlar. Orada iştirak edən nümayəndələrin əksəriyyəti hakimiyyətə yarınan adamlardı. Onlar düz söz deyə bilərlərmi?
Yəqin bilirsiz, hazırda Avropada ən çox siyasi məhbusu olan ölkə Azərbaycandır. 100-ə yaxın siyasi fəal həbsdədir. Təsəvvür edin, Avropanın ən repressiv hökumətlərindən olan Rusiya və Belarusun birgə siyasi məhbusları heç 50 deyil. Yəni, haqlı olaraq, hazırda beynəlxalq təşkilatların diqqət mərkəzində Azərbaycandakı siyasi məhbus problemi və vətəndaş cəmiyyətinin durumudur. Hakimiyyətdən qidalananlar isə maksimum çalışırlar ki, hökuməti bu qınaqlardan qorusunlar.
Hakimiyyətin nəzarətində olan media illərdi demokratiya tələb edənləri, siyasi məhbuslara azadlıq istəyənləri “düşmən dəyirmanına su tökməkdə”, “erməni”, “anti-milli ünsür”, “element” olmaqda ittiham edir. Kütləvi media da o dərəcədə geniş təbliğatla məşğuldur ki, bəzən şüurlu insanları belə, bu mövzuda aldada, problemlərdən yayındıra bilirlər. Bu məsələlər çoxdan bitməli idi. Insan haqları və demokratik dəyərlərin milliyyəti, dini, irqi olmur. Bu dəyərlər ümumbəşəri dəyərlərdi. Kim ki bu dəyərlərin daxili məsələ olduğunu, daxildə həll edilməli olduğunu iddia edirsə, deməli, ya həmin insan savadsızdı, kölədi, ya da qeyri-səmimidi, yaltaqdı və məqsəd avtoritar rejimi müdafiə etməkdir.
Harda insanların haqqı pozulursa, ona qarşı mübarizə aparmaq vacibdir. Başqa ölkələrdə fundamental insan haqları problemlərini həll edib heyvan hüquqları ilə məşğul olurlar. Bizdə isə insan hüquqları ilə məşğul olanlara agent, anti-milli, düşmən, erməni deyirlər. Və özünü mütərəqqi hesab edən “Yeni Müsavat” kimi media orqanları, onların jurnalistləri də bu teatrlarda iştirak edirlər.
Rauf Arifoğlu yazıb ki, onun yaydığı informasiya (əslində, hakimiyyətə yarınan dezinformasiya) “qrant uşaqları”nın xoşuna gəlməyib. “Qrant uşaqları” da deyəndə kim bunların yalanını ifşa edibsə, qınayıbsa, o adamlar nəzərdə tutulur. Adamın gərək abrı ola ki, özü ildə 100 mindən artıq rəsmi olaraq hökumətdən qrant ala, sonra da qrantla əlaqəsi olmayan adamlara “qrant uşaqları” deyə. Bu adamlar birazdan “Səs” qəzeti ritorikasında danışacaqlar bizimlə. Ən yaxşı halda, “düşmən dəyirmanına su tökənlər” deyəcəklər.
Indi bunların etdiyinə nə ad qoyaq? AzTV-likmi, hakimiyyətə yarınmaqmı, yoxsa qeyri-peşəkarlıqmı?..
Əslində, bu tip yazılara təəccüblənmirəm. Çünki çoxdandı bu qəzetin kimlərə xidmət etdiyi açıq aydın görünür. Sadəcə, belə yalançıları ifşa etmək, rahat-rahat yalanı insanlara sırıya bilməyəcəklərini göstərmək lazımdır”.
Ülvi Həsənli bundan başqa, “facebook”da qısa qeyd də paylaşıb:
“Siyasi məhbuslara azadlıq tələb edən hamı ermənipərəstdir – hakimiyyətin qoltuğunda olanların dediyinə görə. Bunu iddia etmək üçün gərək nə olasan?.. Bütün ləyaqətini itirəsən!..”
“Özünüzü gülməli vəziyyətə qoymayın…”
Demokratik Təşəbbüslər Institutunun rəhbəri, Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov da məsələyə münasibət bildirib. O da “People in Need” təşkilatının “ermənipərəst” adlandırılmasını pisləyib:
“People in Need”in yaradıcılarından biri olan Yeromir Ştetsina əvvəllər Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib deyə, bu təşkilat ermənipərəstdir? Onda mən də sual edirəm, səfir Polad Bülbüloğlu, Prezidentin müşaviri Kamal Abdulla, Fərhad Bədəlbəyli, hüquq müdafiəçisi Əvəz Həsənov, Ramin Hacılı, indi xatırlaya bilmədiyim digər tanınmış şəxslərimiz ermənipərəstdir? Axı onlar da getmişdi Dağlıq Qarabağa.
Nəzərə alın ki, indi internet əsridi, obyektiv durum barədə informasiyanı dərhal dəqiqləşdirmək mümkündür, özünüzü gülməli vəziyyətə qoymayın.
Yaddaşımı vərəqləyəndə mənə maraqlı gələn o olur ki, əcaba, nə dəyişdi də, bir zamanlar gündəlik olaraq “hakimiyyət içdən dağılır”, “komandalar bir-birini vurur”, “hakimiyyətin ömrünə az qalıb” yazanlar həmin bir-birini dağıdan komandaların təbliğat maşınına çevrildilər, hətta o yerə qədər ki, birlikdə, koordinə olunmuş formada fəaliyyət göstərməli oldular, həm də bəzi jurnalist və redaktorları belə, ortaq çalışdırmalı oldular?!”
“Rauf Arifoğlu hökumətə sorğu ünvanlaya bilər ki…”
Müzakirələrə Batumdakı tədbirdə şəkli cırılan vicdan məhbusu Intiqam Əliyevin qızı Nərmin Kamilsoy da qısa qeydlə qoşulub:
“Rauf Arifoğlu, ola bilər ki, insan hüquqlarının, demokratiyanın vətəni, milləti olmadığını bilməsin. Amma hökumətə sorğu ünvanlaya bilər ki, niyə bizi ”ermənipərəstlərin” dilinə salırsız? Amma təbii ki, nəyinə lazımdır bu sualı verib, vəziyyəti gərginləşdirmək. Ondansa atamın orada şəklini cırıb özlərini həqiqi vətənpərvər kimi göstərə bilərlər…”
Forum rəhbərliyindən bəyanat: “Arifoğlunun yaydığı məlumatlar yalandır!”
“Şərq Tərəfdaşlığı” ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunun Koordinasiya Komitəsi isə baş verənlərlə bağlı yaydığı bəyanatda Rauf Arifoğlunun tədbirdəki fəaliyyətinə də qiymət verib. Bəyanatın həmin hissəində deyilir ki, “Yeni Müsavat”ın baş redaktoru Forumun fəaliyyətini işıqlandırmaq üçün Azərbaycan Milli Platforması tərəfindən dəvət olunub:
“Rauf Arifoğlu məlumat yayıb ki, sözügedən sərgi ilə əlaqədar Azərbaycan nümayəndə heyətindən beş nəfər istisna olmaqla, qalanları tədbiri boykot edib. Həmçinin bildirib ki, Gürcüstan prezidenti ”lobbi skandalına” görə tədbirdə iştirakdan imtina edib. Arifoğlunun məlumatına görə, toplantıdakı sərgi ilə bağlı insident Forumun Idarə Komitəsinin üzvü olan Boris Havasardyan tərəfindən təşkil olunub.
Bütün bunlar yalan məlumatlardır. Bu materialda eyni zamanda, “People in Need” təşkilatının nümayəndəsi, Forumun Idarə Komitəsinin üzvü Ivana Skalovanı ləkələyən məlumatlar yer alıb.
Biz bu hadisəni təkcə Forumun Idarə Komitəsinə qarşı deyil, bütövlükdə Vətəndaş Cəmiyyəti Forumuna qarşı əsassız hücum hesab edirik…”.