Belə namərd üsullarla rəqiblərini susdurmağa çalışanlar bir gün haqq etdikləri cəzanı alacaqlar!
İndi də AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənanı narkotika ilə şərləyib həbs etdilər. Məqsəd Rafiq bəyə təzyiq etməkdir. Rejimin arsenalında müxalifətçilərin yaxınlarını girov götürmək də varmış. İki-üç ay bundan qabaq AXCP Mətbuat Xidmətinin rəhbəri Natiq bəyin qardaşı Muradı da ona təzyiq üçün həbs ediblər.
Rəqiblərin ailə üzvlərini oğurlatdırmaq, girov götürmək orta əsrlərdə geniş yayılmışdı. Azərbaycandakı rejim rəqibləri ilə müasir siyasi vasitələrlə rəqabət aparmaq qabiliyyətində olmadığından orta əsrlərin bu çirkin, əxlaqsız mübarizə vasitəsini yenidən həyata qaytarıb. Amma anlamırlar ki, indi 21-ci əsrdir. Siyasi rəqiblərlə belə alçaq üsullarla davranmaq xalq tərəfindən qəbul olunmur. Qəbul olunmur demək azdır. Belə hərəkətlər onları edənlərə qarşı cəmiyyətin nifrətini yaradır.
Belə görünür ki, hökumət son mitinqlərimizin uğurlu alınmasından pərt olub. Bu şəkildə bizdən qisas alır. Heç şübhəsiz ki, məqsəd bu təzyiqlərlə Rafiq bəyi mübarizədən, AXCP-dən ayırmaqdır. Rafiq bəy özü bir dəfə bu rejim dövründə siyasi məhbus həyatı yaşayıb. O, həbsdə olanda atası dözmədi, dünyasını dəyişdi. İndi də onu oğlu ilə sınağa çəkirlər.
Övladı ilə cəzalandırılan Rafiq bəyə hamımız dəstək olmalıyıq. Ləyaqətli insanlar indi də danışmayıb, etiraz etməyib, bəs nə zaman danışacaqlar? Mən şəxsən mütləq ədalətə inanıram. Belə namərd üsullarla rəqiblərini susdurmağa çalışanlar son nəticədə qalib ola bilməzlər. Bir gün haqq etdikləri cəzanı alacaqlar!