«Bəziləri təklif edir ki, faizlər aşağı salınsın, amma bu zaman kölgə bankçılığı yaranır»
Məhəmməd Talıblı: «Bank sektorundakı inhisarçılığın güclü olması bu sahədə rəqabətli mühitin yaranmasına əngəldir»
Azərbaycanda kredit faizlərinin yüksək olması hakimiyyət təmsilçiləri tərəfindən də etiraf olunub. Millət vəkili Siyavuş Novruzov parlamentin iclasındakı çıxışında bunu özünə məxsus formada etiraf edib. “Azərbaycanda krediti qaytarmaq üçün gərək ya silah alveri ilə məşğul olasan, ya narkotika sataşı, ya da insan alveri ilə”, deyə S.Novruzov vurğulayıb.
S.Novruzov bildirib ki, dəfələrlə müzakirə olunsa da, niyə kredit faizləri məsələsinin həllini tapmadığına aydınlıq gətirilməyib. Millət vəkili Vahid Əhmədov isə bildirib ki, Milli Məclisdə bu məsələ dəfələrlə müzakirə olunub və kredit faizlərinin aşağı salınması üçün müəyyən addımlar atılıb. O hesab edir ki, bu tədbirlər öz bəhrəsini verməyib.
Parlamentdəki müzakirələrə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov da münasibətini bildirib. E.Rüstəmov vurğulayıb ki, MB ölkədə sələmçilik yaranmasını istəmir: “Bəziləri təklif edir ki, bank faizləri adminstrativ üsullarla aşağı salınsın. Amma bizim hədəflədiyimiz siyasətlə bunu həyata keçirmək mümkün deyil. Çünki bu zaman kölgə bankçılığı yaranır”.ÿ
ANS PRESS-in məlumatına görə, bunu E.Rüstəmov Milli Məclisdə büdcə layihəsinin mzakirəsi zamanı deyib. O bildirib ki, bəzi ölkələrdə belə bankların payı 30-50%-ə çatır. “Sələmçilik yaranmasını istəmirik və şəffaflığın olmasından yanayıq”, AMB rəhbəri qeyd edib.
Iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, bahalı bank faizləri təkcə monetar hadisə deyil, idarəetmə problemidir.ÿBu baxımdan bəraətqazandırıcı izahatları isə sadəcə səbəb kimi yox, bəhanə və yanlış yozum kimi qiymətləndirilməlidir. M.Talıblının sözlərinə görə, ölkənin “qan-damar sistemi” olan bank sektorunda liberallaşma siyasətinin tətbiq olunması bir neçə baxımdan vacibdir: “Bu zərurətin dərk olunması bir neçə problemə yanaşmada özünü göstərməkdədir. Bank sektorunda mövcud problemlər olmasaydı, heç şübhəsiz ki, liberallaşma zərurətin də əsaslandırmaq mümkün olmazdı. Bildiyimiz kimi banklarda kreditlərin yüksək faiz səviyyəsi vətəndaşları və biznes subyektlərini narahat edən məsələlərdəndir. Ölkədə 26-33 faiz həddində dəyişən kredit faizlərindən istifadə edən benefitlər dövriyyəyə daxil etdikləri bahalı kredit faizləri və nəzərə aldıqları gəlirlərlə bazarda mal və xidmətlərin qiymətini bahalaşdırırlar. Bu bahalaşma dalğasında daha çox itirən vətəndaşlar olur. Bankların bazarda mövqeləri möhkəmləndikcə bahalı faizli kreditlərin artmasını və bankların diktə imkanlarını təşviq edir. Bu isə bank sektorunda geniş rəqabət imkanlarının olmamasından xəbər verir.ÿAdətən bank sektorunda yüksək faiz dərəcələrinin olmasını uçot dərəcələri şərtləndirir”.
Amma uçot dərəcələrinin yüksək olmasının bir fakt olduğunu deyən M.Talıblı vurğuladı ki, bunu 2 amil sübut edir. Birincisi, əvvəlki illərlə müqayisədə uçot dərəcələrində enmələr. Ikincisi, digər ölkələrlə müqayisədə bunun çox da böyük hədd olmaması. Birinci istiqamətlə bağlı onu demək olar ki, qlobal iqtisadi böhran baş verməmişdən əvvəlki ildən başlayaraq enmələr qeydə alınıb: “Belə ki, Azərbaycanda Mərkəzi Bankın uçot dərəcəsi 2007-ci ildə 12%, 2008-ci ildə 10 faiz, 2009-cu ildə 2 faiz, 2010-cu ildə – 3 faiz, 2011-ci ildə – 5,25 faiz, 2012-ci ildə – 5 faiz, 2013-də 4,75 təşkil edirdisə, Mərkəzi Bankın Idarə Heyəti 1 may 2014-cü il tarixindən etibarən uçot dərəcəsinin 4.75%-dən 4.25%-ə endirilməsi barədə qərar qəbul edib. Ikinci istiqamət – digər ölkələrlə müqayisə edəndə məlum olur ki, bizdə uçot dərəcələri Avropa Birliyi ölkələrinin çoxundan yüksək olduğu halda, MDB məkanında heç də yüksək olmayan həddədir. Yalnız Qırğızıstan, Moldova kimi ölkələrdə uçot dərəcələri 3-3,5% arasında dəyişir. Azərbaycanda illər üzrə uçot dərəcələrinin ildən-ilə aşağı düşməsi kredit faizlərinin yüksək həddinin aşağı düşməsinə gətirib çıxarmayıb. Əgər 2008-ci ildə MB-nin uçot dərəcəsi 10 faiz idisə, indi artıq 4,25%-dir. Müqayisədən də görmək olur ki, uçot dərəcəsi 2 dəfə aşağı salınıb”.
M.Talıblının sözlərinə görə, bank sektorundakı inhisarçılıq tendensiyasının güclü olması bu sahədə rəqabətli mühitin yaranmasına ən böyük əngəldir: “Bank sektorunda rəqabətli mühitin hökm sürməsi kommersiya banklarının bazar payının təsiredici gücə malik olmamasındadır.ÿAmma indiki halda biz görürük ki, Azərbaycanda bir neçə bankın bazar payı çox böyük rəqəmlərlə ifadə olunur. Təkcə bank kreditləri ilə bağlı Beynəlxalq Bankın bazar payı 40 faizdən çoxdur. 44 bank içərisində 10 bankın isə bazar payı 72 faizdir(ITYIB). Bu olduqca böyük bir inhisarlaşmanın göstəricisidir. Yaxud digər bir misal isə banklara qoyulan əmanətlərdə bankların payının hansı səviyyədə dəyişməsi ilə ölçmək olar. Təkcə ölkə üzrə banklara qoyulan əmanətlərin 27 faizi Beynəlxalq Bankın payına düşüb(2014). Ona görə də, bir neçə bankın bazar payının azaldılması istiqamətində islahatların, bir qolun da bankların bazar payının optimal həddə tənzimlənməsinə ehtiyac var”.
Xəyal