AXCP sədrinin müavini Fuad Qəhrəmanlı facebook səhifəsində bu partiyaya qarşı təxribatlardan yazıb:
Xalq Cəbhəsinə qarşı hər çirkin üsula əl atırlar. Axtarıb-arayıb nə zamansa AXCP üzvü olmuş və sonradan partiya ilə əlaqəsini tamam kəsmiş kimlərəsə partiyadan cıxmaq barədə bəyanat verdirirlər. Bununla da kifayətlənmirlər. Birini tapanda onunla birlikdə guya 50 nəfərin istefa verməsi barədə uydurma xəbər əlavə edirlər.
Bu işdə rəqabət aparan iqtidaryönlü media arasında “Yeni Müsavat” hamıdan öndə olduğunu sübut edib, “keçici qızıl bayrağı” artıq neçənci dəfədir qazanır. Demək, Ramiz müəllimin müşavirələrində iştirak boşuna deyilmiş.
Ancaq bir az “yavaşlayın”. Sanki 70-ci llərdə “pripiska” yolu ilə pambıq planı doldurursunz. Kimi aldadırsınız? Axı, sizin ictimai etimad olmayan mətbuat orqanlarında yaydığınız bu yalan məlumatlar dərhal ifşa olunur.
Bəlkə bu da bir korrupsiya növüdür. AXCP-dən adam qoparmaq üçün ayrılan pulları mənimsəyir, sonra saxta rəqəmlərlə yeyintini gizlətməyə çalışırlar. Daşdan pul çıxarmağı eşitmişdik, müxalifətdən pul çıxarmağı da bunlardan gördük.
AXCP minlərlə üzvü olan böyük təşkilatdır. Minlərlə insanın içərisindən hər zaman 1-2 nəfər dönük tapmaq olar. Ancaq AXCP-dəki mənəvi mühitin sağlamlığına, ideya-əqidə saflığına baxın ki, bu qədər təzyiqlər qarşısında öz kütləviliyini, təşkilati strukturlarını və kadr potensialını qoruyub saxlayır. Görünür, AXCP-nin məhz ictimi rəydəki birmənalı üstünlüyü və narazıların Xalq Cəbhəsi ətrafında getdikcə daha çox təmərküzləşməsi perspektivi hakimiyyəti narahat edir. 12 oktyabr mitinqdən sonra bu narahatlıq daha da artıb.
Heç istəmədikləri bir vəziyyət yaranıb. Artıq uzun illərin pərakəndəliyindən sonra siyasətdə ikiqütblü sistem formalaşıb – bir tərəfdə AXCP-Milli Şura, o biri tərəfdə iqtidar. Yerdə qalanların ictimai rəyə artıq heç bir təsiri yoxdur. Belə bir şəraitdə AXCP-nin təbliğat resursları qarşısında iqtidar mediasının dediyi topa qarşı raqatka effekti verir. Çünki hakim düşərgənin himayəsində olan mətbuatın sözünə cəmiyyətdə heç bir etimad qalmayıb. İstəsələr də, istəməsələr də bu bir reallıqdır ki, ictimai rəy AXCP-nin qiymətləndirməsi ilə formalaşır.
İndi də yeni bir yalan uydurublar. Guya AXCP üzvü Türkiyə bayrağını yandırıb. Görək bu yalan məlumatı yaymaqda bu dəfə “keçici qızıl bayrağı” kim alacaq?
2009-cu ildə Türk şəhidliyində Türkiyə bayraqlarını bu iqtidar endirən zaman yalnız AXCP buna etiraz etdi, şəhidlikdə aksiya keçirdi, bayrağın yerinə asılmasını tələb etdi. O hadisədən sonra Türkiyədə səfərdə olmuşdum və Türkiyənin hakim partiyası da daxil olmaqla görüşdüyümüz siyasi dairələr buna görə AXCP-yə, onun liderinə təşəkkürlərini çatdırmağı xahiş etmişdilər. Bu yalan vasitəsilə Türk cəmiyyətində AXCP-yə qarşı mənfi rəy yaratmaq cəhdləriniz də boşa gedəcək. Çünki AXCP-nin Türkiyə ilə bağlı mövqeyi həmişə xalqımızın maraqları ilə üst üstə düşüb.