İrəvanda çəkilmiş foto Bakıdakı kimi təqdim olundu
Hakimiyyət AXCP-ni ləkələmək üçün ermənilərin saxta soyqırımından yararlandı
Hakimiyyətin AXCP-yə qarşı hazırladığı çirkin təxribatlar davam edir. Oktyabrın 29-da partiya fəalı, jurnalist Xalid Qarayevin həbsi ərəfəsində sosial şəbəkələrdə daha bir iyrənc məlumat yayılıb.
Müxtəlif saxta profillər vasitəsilə tirajlanan bu məlumatda guya AXCP Ali Məclisinin üzvü Laçın Əskərlinin oğlunun Türkiyə bayrağını yandırdığı xəbər verilir. L.Əskərli bildirib ki, heç bir əsasa söykənməyən bu iyrənc təxribat, onun siyasi fəaliyyəti ilə bağlıdır.
Laçin Əsgərli oktyabrın 28-də telefonla hədələnib. Bir gün sonra isə belə bir təxribatçı məlumat yayılıb. Üstəlik, Laçın Əsgərli facebook-da hədələyici mesaj da alıb. “Sragün mənə zəng edib hədələdilər. Dünən isə məlum hadisələr baş verdi. Bu gün səhər inboksumu açanda isə belə bir hədəyə rast gəldim: “ağlını başına yığmasan səni aradan götürəcəyik. əclaf”. Müəllif gah Samir Genceli, gah da Facebook istifadəçisi adıyla göstərilir”, – deyə Laçın Əsgərli bildirib.
Maraqlıdır ki, təxribatçı məlumatı facebook-da yayanlardan da biri “Samir Genceli” adlı istifadəçidir. Onu yaymaqda canfəşanlıq edən facebook istifadəçilərindən biri isə “Nigar Nigar Hesenova”dır. Hər iki profilin saxta olduğu açıq-aşkar görünür.
Tirajlanan məlumat üzərinə “Bakıda AXCP üzvü türk bayrağını yandırdı” yazılmış Türkiyə bayrağının yandırıldığını göstərən bir foto ilə müşaiyət olunur. Araşdırma nəticəsində bəlli olub ki, həmin foto bu ilin 24 aprelində Ermənistanın paytaxtı İrəvanda çəkilib. Həmin gün ermənilər saxta soyqırım günləri ilə bağlı Türkiyə əleyhinə aksiya keçiriblər. Aksiyada Türkiyə bayraqları cırılıb və yandırılıb. Üzərində AXCP əleyhinə montaj aparılmış həmin foto da aksiyadan çəkilib. Bu barədə xəbər və məhz həmin foto Türkiyənin bütün media oraqnlarında elə hadisənin baş verdiyi gün tirajlanıb (Məsələn, Milliyet http://www.milliyet.com.tr/turk-bayragi-yakildi/dunya/detay/1871935/default.htm və Hürriyet http://www.hurriyet.com.tr/dunya/26285394.asp qəzetlərində baxın).
Xəbər Azərbaycan mediasında da yayılıb (Məsələn, faktxeber.com saytında http://faktxeber.com/ermnistanda-trkiy-bayra-yandrld_h446543.html).
İnternet resurslarında həmin aksiyanın videoçəkilişləri də var (http://www.youtube.com/watch?v=FCvd00OoGqM).
Beləliklə, hakimiyyətin AXCP-yə qarşı budəfəki təxribatının işində erməni izi üzə çıxır. Belə çirkin əmələ əl atanlar, görünür, qardaş Türkiyəyə münasibətdə hər zaman birmənalı mövqe sərgiləyən AXCP-ni ləkələmək məqsədi güdərkən, iki ölkənin insanları arasındakı münasibətlərə nə qədər zərər vuracaqlarını da nəzərə almayıblar.
azadliq.info