Elman Mustafazadə adlı mühacirin məntiqindən baxmağa ehtiyacımız yoxdur
Tural Sadıqlı
22 oktyabrda Berlində baş tutan aksiyamız uğurlu alınıb. O qədər uğurlu alınıb ki, artıq hakimiyyətin gözdənsalma, Avropada azərbaycanlıların birliyini dağıtma və s. məqsədli kampaniyaları aksiyadan sonra da davam edib. Lakin bu dəfə birbaşa hakimiyyət mətbuatı və şəxsləri vasitəsilə deyil, sözdə hakimiyyətin tənqidçiləri tərəfindən qınağa məruz qaldıq.
Avropada əvvəllər siyasi oturum almış Elman Mustafazadənin Musavat.com-da dərc edilən məqaləsi bu kampaniyanın tərkib hissəsidir. Aksiya Avropa Demokratiyaya Dəstək Alyansının təşkilatçılığı ilə baş tutduğu üçün Alyansın rəhbəri olaraq bu yazıya cavab verməyi özümə borc bildim. Təsəvvür edin, ona görə qınağa məruz qalırıq ki, Azərbaycanda mövcud rejimin haqsızlıqlarını, insan haqlarını pozulmasını, söz azadlığını boğulmasını avropalı rəsmilər qarşısında səsləndirir və onlardan Azərbaycan hakimiyyəti ilə əlaqəni kəsmələrini tələb edirik, ikili mövqe nümayiş etdirməmələrini, neftə, kürüyə, siyasi maraqlarına görə Azərbaycandakı anti-demokratik duruma göz yummamalarını istəyirik, Azərbaycan hakimiyyətini tənqid etməklə yanaşı, öz maraqları üçün belə bir hakimiyyətlə əməkdaşlıq, işbirliyi edən avropa rəsmilərini də tənqid edirik.
Yazıda qeyd olunur ki, “yüzlərlə alman bizə baxıb gülürdülər”. Bəli, gülən vardısa, aksiya iştirakçılarına deyil, Azərbaycan hakimiyyətinin rəzil mövcudiyyətinə gülürdülər. Gülürdülər və onlara qəribə gəlirdi ki, facebookda 1 statusuna görə 17 yaşında gənci həbs edən hakimiyyət var. Həmçinin, alman rəsmilərini tənqid etməyimizlə yanaşı, yüzlərlə sıravi almana da Azərbaycan həqiqətlərini çatdıra bildiksə, deməli, bir şeyləri bacardıq. Buna görə biz utanmırıq, utanmamalıyıq. Qoy, utanan Azərbaycan hakimiyyəti olsun! Çünki utanılası vəsflərin hamısına o sahibdir.
Yazıda keçir ki, aksiyada iştirak edənlər oturum almaq üçün iştirak edirdilər. Aksiyanı Avropa Demorkatiyaya Dəstək Alyansı təşkil etmişdi və orada iştirak edən hər kəslə şəxsən maraqlanmışdıq. Hətta, Elman Mustafazadənin də orda iştirak edəcəyindən xəbərimiz var idi. Aksiyada iştirak edənlər içərisində yalnız 5-6 nəfər oturumsuz soydaşımız var idi. Əksəriyyəti oturumu olan soydaşlarımız təşkil etməsi ilə yanaşı, Almaniya vətəndaşlığı olan, eləcə də İsveçdən, Belçikadan və Hollandiyadan gələn həmvətənlərimiz də var idi. Öz şəxsimə gəlincə, bilməyənlər üçün bilgi olsun: Mən oturum cavabını almışam və mənim oturum almaq üçün Almaniyada aksiya keçirmək və aksiyada iştirak etmək kimi bir ehtiyacım yoxdur. Özü də Alman hökümətini, onun Azərbaycanla bağlı ikili mövqe nümayiş etdirməsini tənqid edən aksiyada iştirak etməklə Almaniyada oturum almağı düşünmək çox sadəlövlük, ya da məntiqsizlikdir.
Görün, həm də nəyə görə qınağa məruz qalırıq: Azərbaycandakı ictimai və siyasi durumu Avropada səsləndirdiyimizə görə Elman bəy xəcalət çəkir. Onun sözlərinə görə, xaricdəyiksə, iqtidar-müxalifət söhbətini yığışdırmalı, Azərbaycan hakimiyyətini təbliğ edən, tədbirlərini, hətta bayramlarını və yaslarını belə Heydər Əliyev adına tort və halva ilə yola verən, Qarabağ, Xocalı adına dövlət büccəsindən milyonlar mənimsəyib, lakin xarici diplomatiyada 1 sentlik iş görməyən Azərbaycan diasporasının ətrafında birləşməliyik. İnsanlar anlamırlar ki, Qarabağın geri qaytarılması istiqamətində görülən ilk ən böyük iş Azərbaycanda milli bir hakimiyyətin qurulmasından keçir. İnsanlar anlamırlar ki, Qarabağ Avropa rəsmilərinin qarşısında çıxış etmək üçün Əliyev rejiminin əlində bir vasitədir. Avropalılar Azərbaycan hakimiyyətinin qarşısında “sənin insan haqları kimi böyük problemin var” – faktını qoyarkən, Azərbaycan hakimiyyəti “yox, bizim Qarabağ kimi problemimiz var” – deyərək qarşılıq verir, bir az ömrünü uzadır. Və ya Azərbaycan hakimiyyəti guya Qarabağ məsələsini ildə bir dəfə bir tədbirdə qaldırarkən “bizim Qarabağ kimi böyük bir problemimiz var, onu həll etmək lazımdır” – deyəndə, avropalılar “yox, sənin insan haqları kimi böyük problemin var, birinci onu həll elə, sonra Qarabağdan danışarsan” – deyir. Beləcə, Qarabağ Əliyev rejiminin əlində haqsızlıq üzərində qurulmuş hakimiyyətlərini uzaqmaq üçün bir vasitə, bir bazarlıq olur.
Avropalılara Azərbaycan həqiqətlərini deməkdən utanmamalıyıq, olan ölkəmiz budur: Rüşvətxor, gənclərin ömürlərini kəsən, həbsxanalarda çürüdən, valideynlərini ürək ağrısından öldürən, vətəni satan, vətəndaşını əzən, təhsilimizi, səhiyyəmizi, hərbimizi, ümumumilikdə bütün Azərbaycanı iflic vəziyyətinə salan hakimiyyətin idarə etdiyi bir məmləkət. Utandığından xariciyə “Azərbaycan gül-çiçək içərisindədir”, və ya “mübarizəni ancaq Azərbaycanda aparmaq lazımdır” deyən insan, onda nə üçün gedib Azərbaycanda yaşamırsan və ya nə üçün gedib sən də Azərbaycanda mübarizə aparmırsan?! Hər kəs, xüsusilə də hakimiyyətin Avropadakı nümayəndələri və nala-mıxa vuraraq gah müxalifətçi, gah hakimiyyət adamı olan bütün ikitərəflilər bilsin ki, gördüyümüz işlərə kölgə salmaq istəsəniz də, Avropada yaşayan siyasi mühacirlərin birliyinin varlığına qarşı hücuma keçsəniz də, biz birliyimizi, birliyimiz nəticəsində də gücümüzü təmin edəcəyik.
Qeyd olaraq, deyim ki, Avropa Demorkatiyaya Dəstək Alyansının 22 oktyabr tarixində Berlində keçirdiyi sözügedən aksiyası barədə müxtəlif mətbuat orqanlarına məlumat göndərmişdik. O cümlədən də Musavat.com-a. Lakin Musavat.com həmin məlumatı vermədi. Fəaliyyətimizə kölgə salmağa çalışan yazını isə yayımladı. Yazının sonunda redaksiyasının “qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq” kimi qeyd qoymasını bu baxımdan səmimi qəbul etmirəm.