Məhəbbət Muradov: «Müraciətimin məqsədi son illər Müsavatdakı özbaşınalıqlar, qarayaxmalar, şərləmələrdən Sizi hali etməkdir»
Müsavat partiyası daxilində mübahisələr, qarşılıqlı ittihamlar səngimir. Istefa verənlər, başqan Arif Hacılını tənqid etdiyinə görə partiya sıralarından xaric edilənlər az deyil. Müsavatın Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Muradov partiyadan xaric edilməsilə əlaqədar özünün “facebook” səhifəsində orijinal bir ərizə yayıb. O, Müsavatın qurucusu, Azərbaycan Demokratik Respublikasının lideri Məhəmməd Əmin Rəsulzadənin ruhuna müraciət edib:
“Müsavatda öz fəaliyyətim haqda qısa məlumat verib, şərəflə yaratdığınız Müsavatda üzləşdiyim özbaşınalıqlarla sizi tanış edəcəyəm. Mən Məhəbbət Murad 31 oktyabr 1971-ci ildə Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşam. Siyasi mübarizəyə rəsmən 1993-cü ilin 5 dekabrında Müsavat partiyasının Sumqayıt şəhər təşkilatına rəsmi müraciətlə başlamışam. Siyasi həyatımda ikinci dönəm isə 1996-cı ildə Qubadlı rayon şöbəsinin yaradıldığını bilib, keçmiş sədr Valeh Ibrahimovun təklifilə həmin təşkilatda fəaliyyətimi davam etdirməyim olub. Müsavatda olduğum ildən Şura üzvu seçilmişəm. Müsavat Gənclər Təşkilatının yerli özəyinin yaradıcısı və sədri olmuşam. 1998-ci ildən sədrin müavini və katiblikdə təmsil olunmuşam.
Müsavatın istənilən tədbirində iştirak etmişəm. Demokratik düşərgənin istənilən razılaşdırılmış və razılaşdırılmamış mitinqlərinə, piketlərinə qatılmışam. Müsavatı məntəqələrdə şərəflə təmsil etmişəm, siyasi mübarizədə bir dəfə də olsun, müsavatçılığa xələl gətirməmişəm.
Yaşadığım yataqxanada 57 ailənin 90 faizi Müsavatın tərəfdarı olub. Mitinqlərə yataqxanadan təşkilatın çıxartdığı adamların ümumi sayına bərabər sayda tərəfdar cəlb etmişəm. 2003-cü ildə seçki bitər-bitməz, gecədən seçki saxtakarlığına qarşı etiraza, səsimin qorunmasına qalxmışam. Repressiyaya məruz qalmağıma baxmayaraq, Aynur Camalqızının “Yeni Müsavat”da çağırışı ilə “Bizim Azərbaycan” blokunun namizədi Isa Qəmbərin evinin qarşısına yığışanlar arasında tək yerli müsavatçı olmuşam.
2005-ci ildə “Müsavatın Himni”nin müəllifi Ramiz Rövşənin vəkili, 2010-cu ildə Müsavat irsinin araşdırıcısı Nəsiman Yaqublunun seçki qərargahının sədri və səlahiyyətli nümayəndəsi olmuşam. 2013-cü ildə seçkidə apardığım haqq-ədalət mübarizəsi sosial şəbəkələrdə canlı olaraq göstərilib.
Sizin müqəddəs ruhunuza müraciətimin məqsədi son illər Müsavatda, xüsusən də təmsil olunduğum Qubadlı rayon təşkilatındakı özbaşınalıqlar, qarayaxmalar, şərləmələrdən Sizi hali etməkdir. Başqa ünvan da zatən yoxdur.
Ulu öndər, Sizin ruhunuzu narahat etməkdə məqsədim pozulmuş hüququmu bərpa etməkdir”.
“Təşkilatdaxili məsələləri nizama salmaq partiya rəhbərinin borcudur”
“Indiki mərhələdə Müsavat Partiyasından istefa verənlərin piket keçirəcəklərini güman etmirəm. Kiminsə Müsavatın qərargahı qarşısında piket keçirmək niyyəti varsa, buyursun! Partiyada bütün haqlar qorunur, demokratiyadır” – bunu isə mətbuata açıqlamasında başqanlığa keçmiş namizəd Tural Abbaslı narazı müsavatçıların partiyanın qərargahı önündə haqqlarını tələb etmək üçün piket keçirmək iddialarına münasibət bildirərkən deyib.
Belə bir addım atılacağı halda, buna qadağa qoymağa kimsənin ixtiyarı olmadığını deyən Tural Abbaslı eyni zamanda bildirib ki, əgər kiminsə şikayəti varsa, piket keçirmək əvəzinə partiya rəhbərliyinə müraciət etməlidir: “Heç kim heç kimə nəyisə qadağan etmir. Ancaq hansısa bir şikayətləri varsa, partiya rəhbərliyinə müraciət edə bilərlər. O cümlədən partiya rəhbərinin borcudur ki, təşkilatdaxili məsələləri nizama salsın, şikayətçiləri dinləsin. Əgər şikayətlərə zamanında baxılmayıbsa, tələb etmək onların hüququdur. Şikayətə bəlli bir müddətdə cavab verilməlidir. Əks təqdirdə, istədikləri addımı ata bilərlər”.
Tural Abbaslı Məclis üzvlüyünə seçkilərdə ilk siyahıda adının olmamasına da münasibət bildirib. Müsavat funksioneri bununla bağlı deyib ki, prosedur qaydalara görə, Divana seçilmək üçün əvvəlcə Məclisə seçilməlisən: “Nə qurultayda, nə də sonra Məclisə seçildim. Budəfəki Divan seçkilərində namizədliyimi irəli sürə bilmərəm. Çünki bu seçkiyə, ancaq Məclis üzvləri qatılacaq. Məclisə seçilə bilsəm, o zaman Divana üzv olmağı düşünərəm. Lakin bütün bunlara rəğmən, mənim partiyada heç bir ada, statusa ehtiyacım yoxdur. Mən sıravi şəkildə də öz siyasi fəaliyyətimi davam etdirməyə hazıram”.