Kreml «rəngli inqilablar» təhdidiylə YAP iqtidarına qucaq açır
Rusiya mətbuatı son günlər Qərbin və NATO-nun Xəzərdə möhkəmlənmək istəyindən və “rəngli inqilab”lar törədəcəyindən yazır. “Nezavisimaya qazeta” nəşri də bu istiqamətdə material dərc edib. Nəşr paralellik apararaq qeyd edir ki, Xəzər sammiti ərəfəsində Azərbaycan hökumətinə ABŞ və digər beynəlxalq hüquq müdafiə təşkilatlarının təzyiqə başlaması heç də təsadüfi deyil.
Nəşr qeyd edir ki, Qərb Azərbaycanın müstəqil siyasəti və Rusiya ilə yüksək əməkdaşlığı ilə çətin ki barışacaq. Deməli, ölkədə “rəngli inqilablara” cəhdlər olacaq. Burada təkcə hüquq müdafiəsi ritorikası deyil, Dağlıq Qarabağ amili da istifadə olunacaq. Son günlər Azərbaycan hakimiyyətinin beynəlxalq arenada tənqid olunması, Barak Obamanın Azərbaycanla bağlı tənqidi çıxışı da Azərbaycana təzyiq kimi qiymətləndirilib. Eyni zamanda Ilham Əliyevin Putinin siyasətini davam etdirməsi və 2 ölkə arasındakı əməkdaşlığın daha da inkişaf etdiriləcəyinin mesajı verilir.
Aydın görünür ki, bu məqalədə həm Əliyev hakimiyyətinə dəstək ifadə olunur, həm də inqilab proqnozları ilə qorxutma yer alır.
Təbii ki, Azərbaycan-Qərb münasibətlərinin möhkəmlənməsi, tərəflər arasında iqtisadi-siyasi razılaşmanın əldə olunması Rusiyanın maraqları xaricindədir. Ümumiyyətlə, keçmiş sovet Respublikalarının Qərblə yaxınlşaması Rusiya üçün “qorxulu yuxu” təsiri bağışlayır. Son olaraq Ukrayna nümunəsi də bunu təsdiqlədi. Ukrayna “Assosasiya Sazişi”ni imzaladıqdan sonra, Rusiyanın planları pozuldu və təcavüzkar siyasətə əl atdı. Ancaq bütün bunlara baxmayaraq Ukrayna müstəqil siyasət yürütməkdə israrlı olduğunu ifadə etdi və proseslərin gedişi də Ukraynanın qalibiyyəti kimi qiymətləndirilir.
Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir və bu ölkənin demokratik dünyanın bir hissəsinə çevrilməməsi üçün Rusiya bütün vasitələrə əl atmağa hazırdır.
Eyni zamanda Azərbaycan hakimiyyəti də Qrəblə əməkdaşlıqda maraqlı deyil və getdikcə Rusiyaya yaxınlaşır. Azərbaycan hakimiyyəti Qərblə yalnız iqtisadi sahədə əməkdaşlığa can atır.
Belə bir şəraitdə Azərbaycanın Qərblə bütün körpüləri yandırması, Qərblə münasibətlərin geriyədönməz xarakter alması Rusiya üçün prioritetə çevrilir.
Bu tipli məqalələrin meydana çıxması da yaranmış fürsətdən yararlanmağa və Azərbaycan hakimiyyətini daha sürətlə Rusiyanın ovcuna düşməsinə nail olmağa hesablanıb. Çünki, Rusiya hakimiyyəti gözəl bilir ki, Azərbaycandakı rejim üçün əsas dəyər neft pulları, əsas düşmən isə demokratiyadır. Deməli, hər hansı inqilab hakimiyyətin maraqlarını alt-üst edir. Məhz buna görə də NATO-nun və ABŞ-ın Xəzərdə möhkəlnməsi məsələsi ortaya atılıb.
Akif