Müsavat Partiyasının qurultayından sonra açıq narazılığını bildirən finksionerlərdən biri də partiyanın Qubadlı rayon təşkilatının təşkilat məsələləri üzrə keçmiş sədr müavini və qurultay nümayəndəsi Məhəbbət Muradovdur.
Onun Moderator.az-a bildirdiyinə görə, qurultaydan qabaq rayon təşkilatlarında bir sıra özbaşınalıqlar baş verib, bu da istər-istəməz başqan seçiminə öz həlledici təsirini göstərib: “Bilirsiniz ki, Arif Hacılı məlum seçimdə sadəcə 28 artıq səs toplayaraq Qubaq İbadoğlunu keçib. Bir çox rayon təşkilatlarında İbadoğlu tərəfdarlarının qurultaya nümayəndə seçilmək imkanın məhdudlaşdırılması bu nəticəni doğurub. Müxtəlif bəhanələrlə rəqib tərəfin adamlarının hüquqlarını məhdudlaşdırmaq tendensiyası bizim rayon təşkilatından da yan keçməyib. Məsələn, belə adamlardan biri Elman Elxan oğludur. 3 il əvvəl yerli müsavatçılar tərəfindən qurultaya nümayəndə olaraq seçilən Elxan bəyi sosial şəbəkələrdə öz mövqeyini ifadə edən statuslarına və rayon partiya sədriylə polemikalara girdiyinə görə Müsavatın sıralarından uzaqlaşdırdılar. Halbuki nə partiya nizamnaməsində, nə də qurultayla bağlı əsasnamədə bu hərəkət üçün cəza nəzərdə tutan bir müddəa yox idi. Biz də bu öz özbaşınalığın qarşını almaq üçün partiyanın müvafiq qurumları, o cümlədən, Divan, MNTK, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi qarşısında məsələ qaldırdıq. Nə yazıq ki, bütün bu təşəbbüslərimizə barmaqarası baxıldı. Hətta məsələ MNTK-da araşdırılmadan Divanın müzakirəsinə çıxarıldı və qeyri-qanuni qərar qüvvədə saxlanıldı. Dərdimizi İsa bəyə çatdırmaq istədik. Başqan kimi partiyada baş verənlərə adekvat reaksiya verəcəyinə ümid bəsləyirdik. İsa bəy isə bizi qəbul etmədi. İllərlə həyatımızı, rahatlığımızı fəda etdiyimiz bir liderin bu hərəkəti bizdə təəssüf hissi yaratmaqla yanaşı, həm də bütün xəyallarımızı alt-üst etdi”.
Maraqlıdır ki, Məhəbbət Muradovun özü də eyni mübahisəli münasibətlə üzləşib. O, Müsavatın Qubadlı rayon təşkilatından qurultaya seçilən 12 nümayəndədən biridir. Təşkilat üzvləri bu səlahiyyəti ona 3 il əvvəl versələr də müxtəlif yollarla qurultayın keçirilməsi geçikdirilib. Bu müddət ərzində nümayəndələrdən biri dünyasını dəyişib. Daha sonra partiya yetkililəri Elman Elxanoğluyla yanaşı Məhəbbət bəyin də nümayəndə kimi səlahiyyətinə xitam verməyə çalışıblar. Fəqət müsahibimizin təşkilat üzərindəki nüfuzu bu planın baş tutmasının qarşısını alıb. Təşkilat üzvləri yenidən etimad göstərib Məhəbbət bəyə qurultayda onları təmsil etmək hüququ versələr də onun Qubadlı rayon təşkilatında tutduğu vəzifəyə qayıtmaq uğrunda apardığı mübarizə nəticəsiz qalıb.
Qubadlı müsavatçılarının qarşılaşdığı qanun pozuntuları bununla da bitmir. Müsahibimizin bildirdiyinə görə, qurultay qabağı təbliğat-təşviqat prosesində də ummadıqlar ögey münasibətlə üzləşiblər. “Əvvəla, başqanlığa namizədlər arasında ayrıseçkiliyə yol verilib. Rayon təşkilatında tərəfdarları sıxışdırılan Qubad İbadoğlunun üzvlərlə görüşü təşkil olunmayıb. Başqanlığa digər namizəd Arif Hacılı isə Qubadlı müsavatçılarıyla 2 dəfə görüşüb. Görüşün biri Bakıda, Müsavatın qərargahında, digəri isə Sumqayıtda şadlıq evlərindən birində keçirilib. Üstəlik, Müsavat Partiyasının rəhbər orqanlarınında təmsil olunan şəxslər tərəfindən rayon müsavatçıları arasında Qubad İbadoğlunun əleyhinə təbliğat kampaniyası aparılıb. Onun hökumətin projesi olduğu barədə şaiyələr yayılıb. İsa Qəmbərin namizədinin Arif Hacılı olduğu bildirilib. Bütün bunları yayanların başında isə Zöhrab Məhərrəmli dayanıb. Halbuki Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin Əsasnaməsinə əsasən hər bir namizədə eyni yanaşma sərgilənməli, onlara qarşı tərəfsizlik nümayiş olunmalıydı”.
Müsahibimizin bildirdiyinə görə, nizamnaməyə zidd bütün halların əsasən qurultaydan öncə baş verdiyi deyilsə də qurultayın özü belə bir sıra mübahisə doğuran hərəkətlərlə yadda qalıb: “QHTK-nin 5-ci və 9-cu maddəsi kobudcasına pozulub, səsvermə adlı siyahı ilə keçirilib. Qurultayda bəzən nümayəndələr kollektiv halda səsveməyə qatılıb. Hətta Arif Hacılının təbliğatçıları olan Nemət Kərimli və Elman Fəttahın eyni səsvermə kabinasında səs verdiyi və Arif bəyin onlara müdaxilə etməsi foto-obyektivlərə yaxalanıb”.
Arif Hacılı partiyada xəfiyyə sistemi yaradıb
Müsavatçı mübahisəli şəkildə başqan seçilən Arif Hacılının hazırdakı fəaliyyətindən də gileylidir: “Başqan seçiləndən sonra onun təyin etdiyi müşavirlərin hamısı öz tərəfdarlarıdır. Bu fakt onu göstərir ki, Arif bəy Müsavatın deyil, bir qrup tərəfdarlarının başqanı ola biləcək keyfiyyətdədir. Onun başqan olduqdan sonra təyin etdiyi 4 müşavirdən üçü Qubaq İbadoğlunu təhqir və tənqid edən partiya üzvləridir. Onlardan biri Azər İsmayıldır ki, gizli qrup yaradaraq Qubad İbadoğlunun tərəfdarlarını partiyadan sıxışdırıb çıxarmaq, ağır təhqirlərə məruz qoymaqla məşğul olub və olmaqdadır. Digər müşavir Cahangir Əmirxanlı ağsaqqal yaşda olmasına baxmayaraq sosial şəbəkələrdə Qubaq İbadoğlunu dəstəkləyənləri ağır şəkildə təhqir edir. Üçüncü müşavir isə Arif Hacılıya rəsmən çuğulçuluq edib, digər qrup arasındakı söz-söhbətləri ona çatdırmaqla məşğul olub. Özünə bu cür xəfiyyə sistemi yaradan birisi Müsavat kimi köklü və tarixi partiyaya başqan olacaq mənəvi yükə malik deyildir.
Niyə məhz Qubad İbaqoğlu?
Arif Hacılının bu günkü əməllərindən xeyli gileylənən müsavatçı niyə məhz Qubad İbadoğlunu dəstəklədiyinə də aydınlıq gətirdi: “O, yalnız siyasətçi deyil, həm də gözəl ziyalıdır. Beynəlxalq əlaqələri var. Bir neçə dildə fikrini səlis ifadə edə bilir. İctimai dəstəyə malikdir. Sosial sifarişə cavab verən siyasi liderdir. Məhz buna görə də Qubad İbadoğlunun ətrafında Müsavatın ən aydın kəsimi yer alıb-Vurğun Əyyub, Hikmət Hacızadə, Adil Qeybulla, Ellada Məmmədli, gənclər təşkilatının keçmiş sədri Əhliman Abbas, Mehman Cavadoğlu, Tofiq Yaqublu və s. kimi görkəmli ziyalılar. Bəs, Arif Hacılının yanında kim var?-öz qohum-əqrəbası və Gülağa Aslanlı. O Gülağa Aslanlı ki, Azadlıq radiosunda Qubaq İbadoğluyla debatı zamanı öz səviyyəsini göstərdi. Sübut etdi ki, lazım gələrsə, hətta öz partiyadaşının ailə üzvllərinə belə iftira atacaq səviyyədədir. Təəssüf ki, o, bu cəsarəti Arif Hacılıdan alır”.
Başqan partiyanı öz ailə müəssisəsinə çevirib
Arif Hacılının Müsavat kimi ciddi bir partiyanı ailə müəssisəsi kimi gördüyünü deyən Məhəbbət Muradov daha sonra bunları dedi: “Partiya üzvü olmayan Vaqif Hacıbəyli Müsavatın daxili işlərinə qarışmaqla bu barədə dediklərimi təsdiqləyir. Vurğun Əyyub kimi ölkədə ziyalılığı və təmizliyi ilə tanınmış siyasətçiyə çamur atan digər qardaş Mustafa Hacıbəyli anlamalıdır ki, bu ziyalılar Müsavatın əsas simalarıdır. Onlarsız bu partiya çox yoxsul görünər. Hacıbəyli qardaşları heç olmasa Qubad bəyin qardaşından dərs alsınlar. Baxsınlar Vüqar Bayramovun mövqeyinə, düşünsünlər. Tanınmış iqtisadçı alim olan Vüqar bəy onlardan fərqli olaraq Müsavatın daxili işlərinə qarışmır”.
Söhbətimizin sonunda Qubadlı müsavatçısı öz partiyasının seçkili orqanlarında təmsil olunanları təsnifatlandırmağı da yaddan çıxartmadı: “Hesab edirəm ki, bu orqanları əsasən 4 qrupa ayırmaq olar- haqq edənlər, qaragüruhlar, zahiri görünüşünə görə seçilənlər, boş qalmış yerlər bazarlıqla gətirilənlər. Bir zamanlar Müsavat Partiyasının Məclisi MM-lə müqayisə olunurdu. Onun ziyalı arsenalı Milli Məclisdən belə zəngin idi. İndi isə bu Məclis heç Müsavatın gerçək simasını belə ifadə etmir”.