Müsavat Partiyasında qurultaydan sonra yaranmış gərginlik səngimək bilmir. Qısa müddət öncə bir sıra rayon təşkilatları yeni seçilmiş başqana etiraz əlaməti olaraq partiya sıralarını tərk etmişdilər. İndi bənzər etiraz səsləri digər rayon təşkilatlarından yüksəlir. Arif Hacılıya etimadsızlıq göstərənlərdən biri də Zəngilan müsavatçılarıdır.
Rayon təşkilatının sədri və Müsavat Partiyasının Məclis üzvü Rüfət Əliyev Moderator.az əməkdaşıyla söhbətində Arif Hacılının başqan seçilməsinə qarşı olduqca kəskin mövqeyini bildirdi. Rüfət Əliyev bu seçimin ədalətsiz olduğunu, partiya nizamnaməsinə cavab vermədiyini vurğuladı.
Onun bildirdiyinə görə, Qurultayın Say komissiyasının üzvü olub, səslərin sayılması prosesi şəffaf keçirildiyindən hər hansı ciddi qanun pozuntusuyla qarşılaşmayıb: “Bununla belə səsvermə Müsavat üzvlərinin gerçək iradəsini ifadə etmir. Çünki seçkinin nəticələri qurultaydan əvvəl saxtalaşdırlmış, Qubad İbaqoğlunun bir sıra tərəfdarları müxtəlif yollarla qurultayda iştirak etmək hüququndan məhrum olunmuşdular. Bu da istər-istəməz qurultayda bu cür nəticənin ortaya çıxmasına zəmin hazırlamışdır”.
Partiya fünksioneri baş verənlərlə bağlı mətbuatda xeyli müzakirələr getdiyindən eyni fikirləri təkrarlamaq istəmədiyini bildirərək sadəcə bizim vasitəmizlə Arif Hacılıya müəyyən mesajlarını çatdırmaq istədiyini bildirdi: “Bəri başdan deyim ki, mənim Arif bəyə heç bir qərəzim yoxdur. Hətta 2010-cu il parlament seçkilərində onun səlahiyyətli nümayəndəsi olmuşam. Gecəmi gündüzümə qatıb, öz iş həyatımı təhlükəyə atıb onun təbliğatının layiqincə aparılmasında əlimdən gələni əsirgəməmişəm. İndi isə üzümü ərklə ona tutub demək istəyirəm-Arif bəy, sizin üçün partiyanın başqanı olmağın nə qədər böyük şərəf olduğunu bilirəm. Dəfələrlə dilinizdən eşitmişəm ki, Azərbaycanda iki mühüm vəzifəni şərəfli post hesab edirsiniz. Bunlardan biri Azərbaycan Prezidenti, digəri isə Müsavat başqanı olmaqdır.
Amma lütfən, fikirlərimi qəribçiliyə salmayın, sizin seçildiyiniz şəkildə arzuladığınız vəzifələrə yiyələnmək nə sizə, nə də uzun illər yükünün altına çiyninizi verdiyiniz Müsavata yaraşır. Öz üzvlərinin iradəsinə xor baxan başqan imiciniz Azərbaycan xalqının beynində yaxşı əks-səda yaratmır. Nəyin bahasına olursa olsun, başqan seçilmək həvəsiniz vəzifəpərəstlikdən irəli gəlirmiş kimi görünür. Arif bəy, özünüzün və partiyamızın adı ətrafında yaranan bu xoşa gəlməz şübhə sisini sizin bir addımınız dağıda bilər. Bu addım isə istefanızdır.
İllərimizi verdiyimiz, rahatlığımızı itirdiyimiz Müsavat idealları naminə bu addımı atın! İnanın ki, sizin bu addımınız yalnız bizim partiyanın yox, həm də bütün siyasət camiəsinin tarixinə müsbət hadisə kimi düşəcək, yadda qalacaq. Siz bəlkə də başqan olmaq ehtirasınıza qalib gəlməklə ölkəmizin ən böyük siyasi-mənəvi bəlasına çevrilmiş “öz yerində olmamaq” sindromunun ortadan qaldırımasında böyük bir nümunə gösrətmiş olacaqsınız. Kim bilir, bəlkə də bu şəkildə başqan postunu tutmağınız da, ondan könüllü istefa verməyiniz də ilahinin sizə bəxş etdiyi bir fürsətdir. Bəlkə də ulu Tanrı bu yolla Sizi çox insanın əldə edə bilməyəcəyi bir xoşbəxtliyə-öz nəfsinə qalib gələrək tarixə düşmək potensialına çatdırıb. İlahi lütfü bir nemət olaraq görün və bu addımı atın, Arif bəy! İnanın ki, nə Allah, nə Azərbaycan xalqı, nə də bu xalqın ən dəyərli zümrəsi sayılan Müsavat üzvləri sizin bu sınaqdan üzüağ çıxmanızı əvəzsiz qoymayacaq.
Arif bəy, İlahinin Sizə bəxş etdiyi bu lütfü düzgün qiymətləndirməsəniz, bəlkə də arzuladığınız kimi Müsavatın başqanı ola biləcəksiniz. Amma həmin Müsavat indiki Müsavat olmayacaq. Siz başqan olaraq bir partiyaya deyil, bir ovuç yaxınlarınıza rəhbərlik edəcəksiniz. Bunu isə onsuz da edirsiniz. Nəticə etibarilə Sizi bir şəxsiyyət kimi əsla böyütməyən başqanlıq uğrunda mübarizəniz sonda partiyamızı “cırtdan” bir quruma çevirə bilər. Bax, o zaman M.Ə.Rəsulzadənin ruhu sizi və sizə qarşı laqeydlik göstərən bizi bağışlamayacaq.
Arif bəy, həbsxanada yatarkən prezidentə yazdığınız əfv ərizəsində bildirirdiniz ki, hamını buraxın, məni saxlayın. İndi özünüzü başqan hesab etdiyiniz partiyada hamı sizə görə istefa verir. Artıq o əfv ərizəsində yazdığınız fikirlərdə nə qədər səmimi olduğunuzu sübut etmək zamanı gəlib. Mən Sizə səslənirəm, Arif bəy, özünüzdə təpər tapın, bütün gedənləri Müsavata qaytaracaq o addımı atın. Bu ancaq sizin istefanızla reallaşa bilər. Buyurun, Arif bəy, yüksək ideallarımız naminə istefa verin!”