Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinin fəallarına qarşı başlatdığı repressiv siyasəti davam etdirmək niyyətində olduğunu göstərir. Vətəndaş cəmiyyətinin tanınmış simaları müxtəlif uydurma ittihamlarla artıq həbs ediliblər. Amma görünən odur ki, hakimiyyət bununla kifayətlənmək istəmir.
Leyla Yunusa qarşı uzun illər davam edən qarayaxma kampaniyasının nəticəsi olaraq, hüquq müdafiəçisi hazırda dəmir barmaqlıqlar arxasındadır. Xədicə Ismayılı da eyni aqibətin gözlədiyi hakimiyyətin bu məşum ssenarisindən görünür. Jurnalist özü də “facebook” səhifəsində həbsilə bağlı mesaj aldığını bildirib: “Mən hökumətin hüquq-mühafizə orqanlarının işçilərindən belə bir mesaj almışam. Mesajda deyilir ki, onlar məni təyyarə meydanında gözləyəcəklər. Əgər qorxuya düşərək qayıtmayacağımı güman edirlərsə, yanılırlar. Avropa Şurası Parlament Assambleyasının sessiyasından sonra ölkəyə qayıdacağam”.
Vidadi Mirkamal: «Xədicə İsmayıl ilə bağlı baş verənlər Leyla Yunusun həbsi qabağı ssenariyə bənzəyir»
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal bildirdi ki, hakimiyyətin artıq uzun müddətdir ki, cəmiyyətdə apardığı repressiya siyasəti səngiməyib. V.Mirkamal hesab edir ki, hazırda baş verənlər də hakimiyyətin daxildə yürütdüyü siyasətdən əl çəkmək niyyətində olmadığını göstərir: «Azərbaycanın daxilində hakimiyyətin yürütdüyü siyasətlə bağlı istər yerli ekspertlərin, istərsə də beynəlxalq təşkilatların nümayəndələrinin açıqlamaları onu deməyə əsas verir ki, hakimiyyətin repressiya dalğası hələ səngiməyəcək. Beynəlxalq təşkilatların nümayəndələri İlham Əliyevlə təmaslarından sonra nikbin açıqlamalar vermirlər. O mənada Xədicə İsmayıl ilə bağlı baş verənlər Leyla Yunusun həbsi qabağı ssenariyə bənzəyir. Leyla Yunus da həbsindən öncə oxşar açıqlamalar verirdi. Xədicə İsmayıl fədakar jurnalistlərdən biridir. O Azərbaycandakı haqsızlığa qarşı səsini ucaldır. O, uzun müddət hakimiyyətin korrupsiya layihələrini araşdırıb, bu layihələrdə hakim ailənin üzvlərinin iştirakını ortaya çıxarıb. O mənada cəmiyyətin bu məsələyə təpki verməsi çox vacibdir».
V.Mirkamal onu da bildimrdi ki, baş verənlərə toplum reaksiya verməlidir. Çünki həbs olunacağı ilə bağlı L.Yunus, S.Həzi də çıxış edirdi. «Həm Milli Şura, ümumiyyətlə demokratik ictimaiyyət buna etiraz səsini ucaltmalıdır. Çünki əgər belə olmasa hakimiyyət hər bir fədakar insanı, jurnalisti bu formada hədələyib, ssenarisini həyata keçirə bilər. Baş verənlərlə bağlı ziyalılar, müxalifət düşərgəsi, gənclər öz sözünü deməlidir. Prosesin qarşısını alaraq, Xədicə İsmayılın müdafiəsi mövqeyindən çıxış etmək lazımdır», deyə V.Mirkamal vurğuladı.
Mirvari Qəhrəmanlı: «Bu Xədicə İsmayıla, cəmiyyətə qarşı bir psixoloji təzyiqdir»
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da bildirdi ki, X.İsmayıl QHT təmsilçisi olmadığı üçün onu «ermənipərəstlərdən» qrant almaqda ittiham edə bilmirlər. M.Qəhrəmanlı vurğuladı ki, ona görə X.İsmayıla qarşı «ermənipərəst» müstəvisində fərqli yanaşma sərgiləyirlər: «Xədicə İsmayıl müstəqil jurnalist kimi çıxış edir. Bu onun haqqıdır. Hazırda vətəndaş cəmiyyətinə qarşı ciddi basqının fonunda Xədicə İsmayılın da həbsi sadəcə olaraq hakimiyyəti gülünc vəziyyətə qoyacaq. Bu eyni zamanda Xədicə İsmayıla, cəmiyyətə qarşı bir psixoloji təzyiqdir».
Xəyal