Yaxud Novruz Məmmədovun etiraf «tvit»i
Əvvəlki yazılarımzda da vurğulamışdıq ki, Azərbaycan hakimiyyəti “tərbiyəsiz uşaq” imici formalaşdırıb. Necə ki, uşaqlar nadinclik edəndə, pis uşaqlara qoşulanda, valideynlərin danlağına tuş gəlir, eləcə də Azərbaycan hakimiyyəti bugün “üzü danlaqlı” vəziyyətə düşüb. Kerrinin məktubu, Avropa Parlamentinin qəbul etdiyi qətnamə, Barak Obamanın Azərbaycanla bağlı çıxışı da növbəti və daha kəskin danlaq oldu. Konkret ifadə etsək, bu gün bütün dünya Azərbaycan hakimiyyətindən vətəndaşa hörmət, insan haqlarına sayğı tələb edir. Azərbaycan hakimiyyəti isə “yaxşı eləmişəm” tipli açıqlamalarla tənqidləri qulaqardına vurur. Beləliklə da danlanmağa, tənqid olunmağa vərdiş ediblər.
Vəziyyət o həddə çatıb ki, artıq tənqidləri inkar etmək üçün də arqument qalmayıb.
PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “tvit”ində də bu etiraf hiss olunur. Novruz Məmmədov öz “Twitter” səhifəsində yazıb: “Prezident Obamanın sözləriylə desək, yerlər var ki, orada bir müxalifət partiyası, bir QHT belə yoxdur, orada demokratiyadan və insan haqlarından danışmaq olmaz. Amma o yerlər Qərbin ”strateji tərəfdaşı”dır, qəzetləri də, TV-ləri də, QHT-ləri də susurlar… Maraqlıdır”.
Göründüyü kimi Novruz Məmmədov səslənən tənqidlərin əsassız olduğunu sübut etməyə çalışmır. Sadəcə olaraq, başqa nümunələr göstərərək, rejimin “yük”ünü azaltmağa çalışır.
Yuxarıda qeyd etdiyimiz kimi hakimiyyətin hazırkı mövqeyi “dəcəl uşaq”ın “taktika”sına uyğundur. Necə ki, bir uşağı danlayanda “təkcə məni görmüsən”, “filankəs də daş atıb da” kimi arqumentlərlə “silah”lanır, eləcə də hökumətimiz “başqa ölkələrdə QHT, ümumiyyətlə, yoxdur” deyərək, bəraət almaq istəyir.
Amma hakimiyyət unudur ki, başqa ölkələrdə vətəndaşı “ermənpərəst”, “vətən xaini” adı ilə damğalayıb həbs etmirlər. Başqa ölkələrdə ziyalını yaltağa, müəllimi dilənçiyə, həkimi cəllada çevirmirlər. Yəni o “başqa ölkələr”lə, Azərbaycan arasında fərq çoxdur. Bu ona bənzəyir ki, bir şəxsi cinayət üstündə yaxalayırlar və o “başqa oğrular da var də, niyə təkcə məni tutursunuz” deməklə günhasızlığını sübut etməyə çalışır.
Indiki məqamda Novruz Məmmədovun “tvit”i, digər rejim məmurlarının “arqument”ləri nəinki tutarlı deyil, hətta gülməli və məntiqsizdir. Ölkənin işıqlı gənclərini, savadlı hüquqşünaslarını, qələminə hörmət edən jurnalistlərini şərləyərk həbs edirlər, sonra da dünyadan tərif və alqış istəyirlər.
Bu “tərbiyəsiz uşaq” xüsusiyyəti o qədər inkişaf etdi ki, Avropa Parlamentinin də, Barak Obamanın da münasibəti qaçılmaz oldu. Yaxşı olar ki, Novruz Məmmədovun təmsil olunduğu hakimiyyət başqa ölkələrdə pis nümunələr axtarmaqdansa, Azərbaycanı yaxşı nümunəyə çevirməyə çalışsın.
Akif