Qubad İbadoğlu: «Avropa Birliyinin Azərbaycanla bağlı indiyə qədər yürütdüyü strateji siyasət davam edəcək»
Avropa Birliyinin rəhbərliyində edilən dəyişikliklər barədə məlumat vermişdik. Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı vəzifəsini bundan sonra Yohannes Han icra edəcək. Han bu vəzifədə Azərbaycanla bağlı prinsipial mövqeyi ilə tanınan Ştefan Füleni əvəzləyəcək. O, vəzifəsinin icrasına oktyabrın 31-dən başlayacaq.
AB-dakı başqa dəyişikliklər isə belədir. AB Şurasının yeni prezidenti Polşanın xarici işlər naziri Donald Tusk seçilib. Qurumun xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa komissiyasının vitse-prezidenti postuna isə İtaliyanın xarici işlər naziri Frederik Moqerini seçilib.
Azərbaycan ictimaiyyətini maraqlandıran əsas sual AB rəhbərliyindəki bu dəyişikliyin ölkəmizlə münasibətlərə necə təsir edəcəyidir? AB-nın son zamanlar Azərbaycanda baş verən siyasi repressiyalara sərt mövqe sərgiləməsi bu mövzuda nikbin olmağa imkan verir.
Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə Milli Platformasının rəhbəri Qubad İbadoğlu hesab edir ki, AB rəhbərliyindəki yenilənmə təşkilatın Azərbaycanla bağlı yürütdüyü kursda dəyişikliyə səbəb olmayacaq. Yeni kadrların da AB-nın Azərbaycanla bağlı indiyə qədər yürütdüyü siyasətin davam etdirilməsi ilə məşğul olacağını düşünən Q.İbadoğlu vurğuladı ki, bu baxımdan Brüsselin Azərbaycandan istəkləri və münasibəti dəyişməz qalacaq: «Bir qayda olaraq köhnə rəhbərlik həll edib sona çatdırmadığı məsələləri yeni kimi seçilən rəhbərliyə təqdim edir. Avropa Birliyi kimi təşkilatların siyasətində insan faktoru ciddi rol oynamır. Ona görə Avropa Birliyinin strateji siyasəti dəyişməz olaraq qalacaq».
Xəyal