«Bu, siyasi qərardır və Müsavat başqanlığına iddiamı geri götürmək üçün təzyiqdir»
Xəbər verildiyi kimi, Müsavat Divanının üzvü, partiyanın başqanlığına iddiaçı, Iqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad Ibadoğlu bugünlərdə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində 6 saat dindirilib.
Bu və başqa məsələlər barədə “Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı baş verənlərin həm peşəkar fəaliyyəti, həm də Müsavat başqanlığına iddiasıyla əlaqəli olduğunu istisna etməyib. Q.Ibadoğlu bildirib ki, kimlərsə onun bu prosesdə iştirakını istəmir və yaradılmış baryerlərlə, əngəllərlə bunu həyata keçirir: “Indiki halda Müsavat başqanlığına iddiamı gerçəkləşdirib, onu namizədlik statusuna gətirmək niyyətindəyəm. Heç bir şərtlə, təkliflə onu dəyişmək niyyətində deyiləm. Həbs olunmaqdan da heç bir qorxum yoxdur. Nəzərə almaq lazımdır ki, bu həbs mənim fəaliyyətimin, əlaqələrimin, malik olduğum resursların daha ciddi şəkildə məhdudlaşdırılması deməkdir. Indiki halda, mən görürəm ki, resurslarımın məhdudlaşdırılması prosesi gedir. Söhbət təkcə maliyyə resurslarından getmir. Söhbət vaxtdan, eyni zamanda kampaniya üçün müəyyən hazırlıq işlərindən gedir. Hesab edirəm ki, indiki vaxtda bu istiqamətdə fəaliyyət göstərməliyəm, amma məni başqa müstəviyə çəkiblər. Hansı ki, 3 aydır bu proses başlayıb və mən hər zaman gözləmişəm ki, müəyyən müzakirələrdə iştirak edəcəm. Amma çox maraqlıdır ki, bu müddət ərzində mənə elə bir müraciət olmur. Iddianı ortaya qoyanda bəlli olur ki, mən bu işlə bağlı ifadə verməliyəm, bank hesablarıma həbs qoyulmalıdır. Hesab edirəm ki, bu, siyasi qərardır və bir qrup tərəfindən mənim Müsavat başqanlığına iddiamın (hələ ki, elan etməmişəm) geri götürülməsinə bir təzyiqdir. Amma mən iddiamı ortaya qoymuşam və yaxın zamanda namizədliyimi qeydə aldırmaq niyyətindəyəm”.
Müsavat başqanının müavini Gülağa Aslanlı da hesab edir ki, Q.Ibadoğlunun özünə qarşı yönələn hadisələri başqanlığa namizədliyilə əlaqələndirməsini səslənən versiyalardan biri kimi xarakterizə etmək olar: “Hər bir versiyanın yaşamaq hüququ var. Bunu təsdiq və ya inkar edən fakt ortada yoxdur. Lakin bu, sadəcə, bir versiya kimi yaşamaq hüququ olan bir məlumatdır”.
Nigar