Fuad Qəhrəmanlı: “Ölkədəki real vəziyyəti təhrif etmək İlham Əliyev üçün ənənəyə çevrilib”
“Xarici dairələr var ki, çalışırlar Azərbaycanda sabitlik pozulsun, inkişaf dayansın, Azərbaycan asılı vəziyyətə düşsün. Biz bunu bilirik. Mən Prezident kimi gündəlik fəaliyyətimdə bu qüvvələrə qarşı açıq mübarizə aparıram”. bunu Azərbaycan prezidenti İlham Əliyev Beyləqanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Yəqin ki, İlham Əliyev daxili düşmənlər dedikdə Leyla Yunusu, İntiqam Əliyevi, Rəsul Cəfərovu, Seymur Həzini və digər siyasi məhbusları nəzərdə tutur. Bu ölkədə bütün vicdanlı adamlar, daxili düşmən kateqoriyasındadır.
Ümumiyyətlə, ölkə başçısının bütün müşavirələrində, rayon səfərlərindəki çıxışlarında heç bir yeni fikir eşidilmir. 20 ildir eyni ittihamlar, eyni arqumentlər səsləndirilir.
Ölkə başçısı daha sonra Beyləqan sakinlərinə bunları deyib: “Bütün azadlıqlar – söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı var. Heç bir senzura yoxdur. Facebook, Twitter, internet var. İndi bir milyondan artıq Azərbaycan vətəndaşı facebookda fikirlərini paylaşır və yaxud hansısa məlumat əldə edir. Heç də hər bir ölkədə belə deyil, senzuralar, məhdudiyyətlər var. İndi bəzi digər tədbirlər görülür. Bizdə isə bu, sərbəstdir, azaddır. Çünki Azərbaycan cəmiyyəti azad cəmiyyətdir və bu, bizim böyük nailiyyətimizdir”.
Azərbaycanda internet fəaliyyətinə görə həbs olunanları hamı tanıyır, yazdıqlarına görə döyülən, həbs olunan, hətta öldürülən jurnalist nümunəsi də var. Azadlıqların bu qədər boğulduğu ölkədə, bütün azadlıqların olduğunu dilə gətirmək üçün “böyük istedad” tələb olunur.
Sonda isə, ölkə başçısı müxalifəti yenə də milli satqın adlandırıb: “Xüsusilə gənclər arasında iş aparılır, müxtəlif fondlar vasitəsilə guya ki, hansısa layihələrin icrası üçün vəsait ayrılır. Əslində gəncləri öz dövlətinə qarşı çevirmək, istiqamətləndirmək üçün işlər aparılır. Biz bunları bilirik.Bu gün Azərbaycanın uğurlu inkişafını heç də hər kəs qəbul etmir. Ölkə daxilində də milli satqınlar var ki, onlar xarici antiazərbaycan dairələrinə öz vicdanını satıblar. Yardım adı altında Azərbaycana hər il milyonlarla dollar pul ötürülür. O pul müxalifət qurumlarının cibinə gedir. Düzdür, bizim müxalifət pula o qədər meyllidir ki, o, ayrılan qrantların 70-80 faizini öz cibinə qoyur. Ona görə o pullar onu göndərənlərin iradəsi ilə xərclənmir. Ancaq fakt budur. Biz bunu bilirik, burada heç nəyi gizlətmək mümkün deyil. Bütün bank hesablarına nə qədər gəlir, kimə gəlir, o pul sonra hara gedir və bilin ki, verilən o vəsait ölkəmizin maraqlarının əleyhinə işləyən vəsaitdir”.-deyə İlham Əliyev bildirib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, İlham Əliyev öz zorakı və repressiv siyasətinə haqq qazandırmaq üçün, müxalifəti satqın, anti-milli qüvvə kimi qələmə verir: “ Artıq ölkədəki real vəziyyəti təhrif edərək danışmaq, İlham Əliyev üçün ənənəyə çevrilib. Ancaq, İlham Əliyevin Avropa Şurasındakı çıxışı zamanı üzləşdiyi suallar göstərdi ki, nəinki ölkə xaricində, ölkə xaricində də Azərbaycandakı real vəziyyətdən xəbərdardılar. Yəni, ölkədəki real vəziyyəti ört-basdır etmək mümkünsüzdür. İlham Əliyevin Beyləqan sakinləri ilə görüşdə səsləndirdiyi fikirlər də, bu yalanların kuliminasiya nöqtəsidir. Azərbaycan hakimiyyəti 37-ci illərin ritorikası ilə danışmağa başlayıb. Bütün avtoritar rejimlər öz zorakı hakimiyyətlərini qorumaq üçün demokratik tələblər səsləndirən adamları “milli satqınlar”, “vətən xaini” kimi qələmə veriblər. Mövcud hakimiyyət hər zaman ölkədəki vəziyyətin ideal olduğunu iddia edib və xalq tərəfindən dəstəkləndiklərini qabardıblar. Müxalifəti gözdən salmaq üçün də, “xarici qüvvələr” arqumentindən istifadə ediblər və bununla öz siyasətlərinə haqq qazandırıblar. Eyni zamanda “xarici qüvvə” ifadəsini tez-tez işlətməklə, özlərini milli maraqların yeganə təmsilçisi kimi təqdim etməyə çalışıblar”.
Ekspert onu da əlavə etdi ki,əslində ölkənin milli maraqlarını satışa çıxaranlar mövcud hakimiyyətdə təmsil olunan şəxslərdi: “ Azərbaycanın real müxalifəti, Azərbaycan xalqının və dövlətinin maraqlarını təmsil edir. Seçkilərdə müxalifətin xalqdan dəstək alması da, onu göstərir ki, ölkə vətəndaşları indiki hakimiyyətdən xilas olmaq istəyir.Ancaq, İlham Əliyev hakimiyyəti bütün seçkiləri saxtalaşdırır və zorakı siyasətlə hakimiyyət kürsüsünü zəbt edir. Əslində, Azərbaycan xalqının iradəsinə ziddi addımlar atan, milli maraqları alver predmetinə çevirən məhz bu hakimiyyətdir. Hakimiyyət öz korrupsiya maraqlarına görə ölkənin iqtisadi, siyasi, hərbi maraqlarını arxa plana atıb. Aparılan siyasət ölkə vətəndaşlarını sosial böhran vəziyyətinə salıb və adamlar ölkəni tərk etmək istəyir. Bir sözlə,ölkədəki real mənzərə o qədər aydındır ki, bunu sübuta yetirmək üçün geniş analizlərə ehtiyac yoxdur. Müxalifət isə, ölkədəki problemləri dilə gətirdiyi üçün, korrupsiyalaşmış hakimiyyəti ifşa etdiyinə görə İlham Əliyev hakimiyyətinin qəzəbinə düçar olur və repressiyalara məruz qalır”.
Akif