Azərbaycandakı son repressiya dalğası gözlənildiyi kimi beynəlxalq aləmin sərt təpkisi ilə üzləşdi. Ölkədəki tanınmış hüquq müdafiəçilərinin həbsi artıq konkret dövlətlər səviyyəsində bəyanatların qəbulu ilə nəticələndi. Maraqlıdır ki, hakimiyyətə qarşı bu dəfəki təzyiqlərdə fərqli bir məqam da nəzərə çarpır. Söhbət beynəlxalq reaksiyada hakimiyyətin repressiv siyasətinin davam edəcəyi təqdirdə Avropa Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsinin sual altına düşə biləcəyinin altının cızılmasından gedir. Ekspertlər hesab edir ki, beynəlxalq aləmin Avropa Yay Olimpiya Oyunları ilə bağlı Ilham Əliyev qarşısında şərt irəli sürməsi gözlənilir. İrəli sürülən şərt isə Azərbaycanda repressiv siyasətə son verilməsi və siyasi məhbusların azadlığa buraxılması ilə bağlı olacaq. İddialara görə, əks təqdirdə Avropa Yay Olimpiya Oyunlarının boykot olunması gündəmə gələ bilər. Təsadüfi deyil ki, Avropa Yay Olimpiya Oyunlarının təşkilatçısı Saymon Kleq demişdi ki, “Amnesty International” təşkilatı Azərbaycandakı siyasi məhbuslarla bağlı ona müraciət edib və tədbiri boykot etməyə çağırıb. Doğrudur, o, bu məsələ barədə heç nə deyə bilməyəcəyini bildirib. Amma fakt ondan ibarətdir ki, artıq beynəlxalq təşkilatlar kampaniyaya başlayıb.
Bundan başqa vaxtilə ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Kozlariç də bəyan etmişdi ki, siyasi məhbuslar azadlığa buraxılmasa, bu, Avropa Yay Olimpiya Oyunlarına kölgə salacaq. Sadaladığımız təzyiqlərə «Freedom House» insan hüquqları təşkilatının prezidenti David Kramerin də mövqeyini əlavə etmək olar. ABŞ dövlət katibinin sabiq müavini hakimiyyətə qarşı konkret sanksiyalara çağırıb. Britaniyalı deputat, Avropa Parlamentinin üzvü Moli Skot Kato (Molly Scott Cato) da “New Internationalist” internet jurnalındakı Azərbaycanla bağlı məqaləsində ölkəmizə qarşı sərt addımlar atmağın tərəfdarı kimi çıxış edib.
Razi Nurullayev: «Qərbin Azərbaycandakı repressiyalara diqqət ayırması ölkəmizlə bağlı ciddi ölçülərin götürülə biləcəyinə işarədir»
AXCP sədrinin müavini Razi Nurullayev bildirdi ki, hakimiyyətin yürütdüyü siyasət nəticəsində bütün dünyaya məlum olub ki, insan haqlarının durumu Azərbaycanda çox ciddi şəkildə pozulur, demokratik inkişafın qarşısı ciddi şəkildə alınır. Və bu addımlar artıq insan haqlarının pozuntusu kontekstindən çıxaraq, siyasi repressiyalara çevrilib: «Bu siyasi repressiyalarla bağlı artıq beynəlxalq aləmin reaksiyası gəlməkdədir. Hakimiyyət ümid edir ki, Qərbin başı Suriya və Ukraynada baş verənlərə ciddi qarışıb. Amma dünyada baş verənlərə baxmayaraq, Qərbin Azərbaycandakı repressiyalara diqqət ayırması ondan xəbər verir ki, Qərb Azərbaycanla bağlı ciddi ölçülər götürə bilər. Ona görə mən gözləyirəm ki, qarşıdakı aylarda Azərbaycana qarşı təzyiqlər daha da artacaq. 2015-ci ildə Azərbaycanda beynəlxalq yarışın keçirilməsi ölkəmizə diqqəti artıracaq. Belə bir vəziyyətdə isə hakimiyyət geri çəkilməyə məcbur olacaq».
Mirvari Qəhrəmanlı: «Qərb hakimiyyətlə onun başa düşdüyü dildə danışmalıdır»
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə hesab edir ki, Qərbdən gələn sərt bəyanatların bundan sonra sayı artaraq, mətni daha da sərtləşsə də hakimiyyət bunlardan nəticə çıxarmır: «Bu cür bəyanatlar sivil ölkələr üçün nəzərdə tutulub. Azərbaycan hakimiyyəti isə ona ünvanlanan mesajları nəzərə almır. Ona görə bəyanatların hansı sərtlikdə qəbul olunmasının fərqi yoxdur. Düşünürəm ki, artıq Qərb Azərbaycan hakimiyyətinə münasibətdə bəyanatlardan konkret addımlara keçməlidir. Mən Azərbaycana qarşı sanksiyaların tətbiqinin tərəfdarı deyiləm. Çünki sanksiyalardan əziyyət çəkən daha çox xalq olur. Amma eyni zamanda hakimiyyətlə onun başa düşdüyü dildə danışmağın zamanıdır».
Xəyal