Başqanlığa namizədlərin hər biri öz kriteriyalarını açıqlayıb
Tural Abbaslı: «Qurultayımızın nə vaxt keçiriləcəyini hakimiyyətin seçiminə buraxacağıq»
Müsavat Partiyası başqanlığına namizəd Səxavət Əlisoy partiyanın qurultayı haqda fikirlərini bölüşüb. O, “facebook” səhifəsində yazıb ki, biriləri özünü artıq başqan hesab edir və vəzifə bölgüsü aparır: “Bəzilərini dostları başqan görür.
Elələri də var ki, 5-6 min kilometrdən ismarış-ultimatum yollayır ki, filankəsdən savayı kimsə başqan postunda otura bilməz. Siyasi səriştəni və təcrübəni kriteriya kimi vurğulayanlar var, ”filankəs”in bu posta daha çox yaraşdığını iddia edənlər var, “behmənkəs”in başqan olduğu təqdirdə partiyanın ağ günə çıxacağını deyənlər var, siyasi koridorlarda çox şeylər danışanlar var”.
S.Əlisoy kimin namizəd ola biləcəyi haqda da fikirlərini açıqlayıb: “Bütün bunların hamısı normaldır. Hər kəsin danışmaq, düşündüklərini izhar etmək haqqı var. Deyilənlərə birini də mən əlavə etmək istəyirəm. Müsavat Partiyası tarixi bir partiyadır və milli dəyərlərimizdən biridir. Bu partiyada çoxlu sayda ziyalı başqan postuna layiqdir. Sadəcə, bu iddiaya düşən unutmamalıdır ki, əhalinin 90 faizindən çoxu, o cümlədən müsavatçıların da 90 faizindən çoxu Azərbaycan türkləridir. Odur ki, Müsavat Partiyasının başqanı türk oğlu türk olmalıdır və əminəm ki, belə də olacaq”.
Qeyd edək ki, bir neçə gün öncə partiyanın Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı da başqan olacaq şəxslə bağlı kriteriyalarını açıqlamışdı: “Müsavat başqanı bəlli kriteriyalara cavab verən şəxs olmalıdır. Ən əsası Rəsulzadə-Elçibəy yoluna, siyasi-ideoloji xəttinə sadiq, siyasi qabiliyyəti olan, təcrübəli, fiziki və mənəvi cəhətdən güclü şəxs başqan ola bilər. Mən elə bilirəm ki, Müsavatda belə adamlar var”.
Qeyd edək ki, Müsavat Partiyası qurultayı sentyabrın 27-də keçirmək istəyir.
Partiyanın Divan üzvü Tural Abbaslı “hafta.az”a açıqlamasında qurultayın keçirilməsi haqda danışıb: “Digər məsələlər barədə qərar verməyi isə məclis divana həvalə edib. Divan yer və digər texniki işlər barədə qərar verəcək. Bu şərtlərdən hansısa alınmasa, qurultayı keçirə bilməyəcəyik. Diskussiyalar daha çox yerlə bağlıdır. Partiya daxilində müzakirə olunur – qurultayı Əmircanda keçirək, ya yox? Hazırda şadlıq saraylarına da müraciət edilir, rəhbərlərlə danışıqlar aparılır. Qurultayın sentyabrın 27-dən irəli çəkilməsi isə müzakirə olunmayıb”.
Müsavat funksioneri bildirib ki, qurultayı hakimiyyət nə vaxt istəsə, onda keçirəcəklər: “Bakı Şəhər Icra Hakimiyyəti sonuncu cavabda Əmircandan başqa yer ayıra bilməyəcəklərini dedi. Bundan başqa, bildirirdilər ki, şadlıq sarayları ilə anlaşıb onlara da xəbər verməklə tədbiri keçirə bilərik. Biz indi 800-1000 nəfər tutumu olan şadlıq saraylarını araşdırırıq. Qurultayı keçirmək istəyirik. Hakimiyyət bizə nə vaxt istədiyimiz yeri versə, onda qurultayı keçirəcəyik. Qurultayımızın nə vaxt keçiriləcəyini hakimiyyətin seçiminə buraxacağıq. Hökumət istəsə, qurultayı 2015-dən sonra, istəsə 2014-də keçirəcəyik. Partiyanın əsas işi seçkilərə hazırlıqdır, illərlə qurultayla məşğul olmaq deyil”.