Rusiya və Azərbaycan hava hücumundan vahid müdafiə sistemi yaratmağa qərar verib. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyasının Müdafiə Nazirliyinin rəsmi saytı məlumat yayıb. Bu barədə qərar MDB ölkələri Baş Qərargah rəislərinin Bakıda keçirilən iclasında verilib. Iclas iştirakçıları MDB ölkələri hava hücumuna qarşı vahid müdafiə sistemi yaratmaq haqqında razılaşıblar.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun sədrliyi ilə keçən iclasda hava hücumuna qarşı müdafiənin inkişafı və radiolokasiya tanımasının vahid sistemi məsələləri müzakirə edilib. Postsovet məkanı üçün ümumi təhlükələrdən xəbərdarlıq etmə sistemini yaratmaq barədə qərar qəbul edilib. Yeni müdafiə sistemi bir çox üstünlüklər əldə olunmasına imkan verəcək.
Həmçinin nümayəndə heyətlərinin rəhbərləri MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin 2015-ci il üçün birgə tədbirlər Planını razılaşdırıb. Iclasın gedişində Qərargah rəhbərləri arasında minalardan təmizləmə haqqında razılaşma da əldə olunub.
Xatırladaq ki, aprel ayının 8-də Bakıda MDB ölkələri Baş Qərargah rəislərinin iclası keçirilib. Iclasda Azərbaycan Respublikası, Rusiya Federasiyası, Belarus Respublikası, Qazaxıstan Respublikası və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyətləri iştirak edib. Iclasın gündəliyinə uyğun olaraq nümayəndə heyətləri hərbi sahədə əməkdaşlıq üzrə bir sıra məsələləri müzakirə ediblər.
Iki ölkə arasında müdafiə sisteminin yaradılması birmənalı qarşılanmayıb və bəzi ekspertlər bunun milli maraqlara zidd olduğu qənaətindədilər.
Millət vəkili Zahid Oruc isə, “moderator.az” saytına açıqlamasında bildirib ki, bu sazişin Azərbaycanın milli maraqlarına zidd olduğunu iddia etmək doğru deyil: “Rusiya ilə bu saziş nə Azərbaycanın milli maraqlarına zərbə vurmur, nə də Qərbin Rusiya ilə formalaşdırdığı yeni münasibətlərə təsir göstərmir. Azərbaycan öz hava məkanını Rusiya əleyhinə müharibələrə açmamalıdır. II Dünya müharibəsi vaxtı Türkiyə hansı siyasət yürütdü? Bu nümunə konteksindən çıxış etdikdə Azərbaycanın mövqeyi daha ölçülü-biçili görünür. Biz bu razılaşma ilə Ukrayna əleyhinə bir şərait yaratmırıq. Biz Ukrayna məsələsində BMT-də öz hüquqi mövqeyimizi ortaya qoymuşuq”- deyə Zahid Oruc bildirib
Maraqlı məqam ondan ibarətdir ki, Rusiyanın Krımı ilhaqından sonra NATO bu ölkə ilə əməkdaşlığı ləğv edəciyini bildirdi. Yəni Azərbaycanla Rusiya arasında məlum saziş, NATO ilə Rusiya münasibətlərinin kəskinləşməsi dövrünə təsadüf edir. Bunun ardınca isə aprelin 10-da NATO baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukaru Azərbaycana səfər etdi və iki ölkə arasındakı münasibətlər müzakirə olundu.
Bəs, Rusiya ilə Azərbaycan arasında imzalanmış saziş, NATO-nun Azərbaycandakı planlarına əngəl törədə bilərmi?
Vəfa Quluzadə: «Belə bir sazişin imzalanması ölkənin suverenliyinə ciddi təhlükə olardı»
Politoloq Vəfa Quluzadə bildirdi ki, iki ölkə arasında belə bir sazişin imzalanması inandırıcı görünmür: “Bu çox ciddi məsələdir və hesab edirəm ki, bu xəbər şayiədir. Azərbaycanın Rusiya ilə bu sahədə saziş imzalaması inandırıcı deyil. Rusiya Müdafiə Nazirinin müavini general Karnukov Azərbaycana belə bir təkliflə gəlmişdi. Ancaq Heydər Əliyev bu təklifi rədd etdi. Çünki Azərbaycan sərhədlərini rus əsgərləri ilə birgə qorumaq məsələsi və digər məsələlər ortaya qoyulurdu. Bu isə Azərbaycanın suverenliyinə ciddi təhlükədir. Biz, heç vaxt bu riskə getməmişik, bundan sonra da getməyəcəyik. Mən belə bir addımı mümkünsüz hesab edirəm. Bu çox təəssüf doğuran hal olardı”.
Cəsur Sümərənli: «Azərbaycanla Rusiya arasında hər hansı hərbi yaxınlıq NATO ilə münasibətlərə mənfi təsir göstərə bilər»
“Doktrina” CHAM-ın rəhbəri Cəsur Sümərənli hesab edir ki, belə bir sazişin imzalanması real görünmür və daha çox dezinformasiyaya oxşayır: “Indiki vəziyyətdə Azərbaycan və Rusiya arasında belə bir sazişin imzalanması inandırıcı görünmür. MDB Müdafiə Nazirlikləri arasında isə bu proses çoxdan gedir. Yaxın perspektiv üçün MDB daxilində belə bir sistemin yaradılması real görünmür. Azərbaycanla Rusiya arasında hər hansı hərbi yaxınlıq NATO ilə münasibətlərə mənfi təsir göstərə bilər və Qərbdə Azərbaycana etimadı azalda bilər. Onsuz da indiyə qədər aparılan balanslaşma siyasəti zərbələr vurub və bunun mənfi fəsadları ortadadır. Azərbaycan hakimiyyəti Rusiyadan çəkinir və ötən il 4 milyard dollarlıq saziş imzalanıb. Bu, NATO-Azərbaycan əməkdaşlığına ciddi zərbə idi. Təbii ki, Rusiya imkan verməyəcək ki, NATO-Azərbaycan əməkdaşlığında ciddi irəliləyişlər olsun. Indi yayılan xəbər isə, daha çox Rusiyanın arzusudur. Ola bilər ki, Rusiya belə bir təklif irəli sürüb, Azərbaycan tərəfi də qıcıqlandırmamaq üçün etirazını bildirməyib”.
Akif