Əbülfəz Qurbanlı: «Demək olar ki, hər gün yeni-yeni gənclər, tələbələr partiyaya üzv olmaq üçün müraciət edir»
AXCP Gənclər Komitəsi dünən təşkilata qoşulan yeni üzvlərlə görüşüb. Bu barədə “Azadlıq”a məlumat verən komitənin sədri Əbülfəz Qurbanlı bildirib ki, ümumiyyətlə, son dövrlərdə partiyaya gənclərin axını var. Onun sözlərinə görə, hər gün yeni-yeni gənclər, tələbələr AXCP-yə üzv olmaq üçün müraciət edir.
“Yeni qoşulan gənclərlə hər həftə görüşlər keçiririk. Təkcə Bakıda fəaliyyət göstərmirik, həm də bütün regionlara səfərlər edirik. Oradakı cəbhəçilərlə görüşürük, yeni üzvlər qəbul edirik. Martın 30-da da Gənclər Komitəsinin rəhbərliyindən bir neçə nəfərin iştirakıyla Göyçayda səfərdə olduq. Rayon şöbəsinin üzvləri və sıralarımıza yeni qoşulan 8 gənclə görüşdük. Onların arasında xanımlar və tələbələr də var. Bakıda isə bu dəfə geniş tərkibdə tədbir keçirdik. Üzvlük üçün müraciətlərdən belə görünür ki, hər həftə belə böyük tədbirlərimiz olacaq”, – deyə Əbülfəz Qurbanlı bildirib.
AXCP Gənclər Komitəsinin Vətəndaş Həmrəyliyi Partiyasının akt zalında keçirdiyi tədbirdə partiyaya 30-a yaxın gənc üzv qəbul edilib. Tədbirdə Xalq Cəbhəsinin tarixindən, hakimiyyəti dövründən danışılıb. Daha sonra Azərbaycandakı hazırkı ictimai-siyasi durumdan, partiyanın məqsədlərindən, Gənclər Komitəsinin fəaliyyətindən söz açılıb. Gənclər təkliflərini səsləndiriblər, həmçinin onları maraqlandıran suallara cavab tapıblar.
Bəyim