Onlardan biri AXCP-yə üzv olmaq, digəri isə dəstək istəyir
İki siyasi məhbus həbsxanadan AXCP sədri Əli Kərimliyə məktub yazıb. Onlardan biri ACP üzvü İlqar Rzayev digəri isə ADP Gənclər Təşkilatının sədr müavini Rəsul Mürsəlovdur. Ilqar Rzayev Əli Kərimliyə yazdığı məktubda bildirib ki, onun apardığı prinsipial mübarizəni dəstəkləyir və bundan sonra özünü AXCP sıralarında görmək istəyir: “Sizin mübarizənizi dəstəkləyirəm, bu yolda sizə uğurlar arzulayıram və özümü AXCP sıralarında görmək istəyirəm”.
Rəsul Mürsəlov isə yazıb ki, o, daim demokratiya uğrunda mübarizədə öndə olub: “ADP Ictimai Palatada təmsil olunmadığı halda ADP Gənclər Təşkilatı adından təşkilatçılıq etmiş, bütün mitinqlərin fəal iştirakçısı olmuşam. Buna görə də dəfələrlə təzyiq və təqiblərə məruz qalmışam. ”Eurovision” müsabiqəsi ərəfəsində keçirilən aksiyalardan sonra Zaqatalada yaşayan ailəmə qarşı polis tərəfindən təzyiqlər başlayıb. Bundan başqa Zaqatala-Balakəndə təşkilatlanma aparmağım rejimi daha da hiddətləndirmiş və sonda 25 iyul 2012-ci ildə saxta ittihamlarla həbs edilmişəm”.
Rəsul Mürsəlov sonda AXCP sədrindən dəstək istəyib.