Siyavuş Novruzov sosial şəbəkələrlə bağlı qanunun qəbulundan danışdı
Fuad Qəhrəmanlı: «Sosial şəbəkələr hakimiyyətin korrupsioner mahiyyətini əyani şəkildə cəmiyyətə təqdim edir»
Hakimiyyətin sosial şəbəkələrə qarşı “allergiya”sının olması həmişə aydın görünüb. Gənclərin 10 Mart “əsgər ölümlərinə son” aksiyası isə sosial şəbəklərə hücumu intensivləşdirdi. Gənclər təyin etdikləri aksiyaları, tədbirləri sosial şəbəkələrdə “event” yarôadaraq həyata keçirdirlər.
Bu prosesdə ən önəmli rolu “Facebook” sosial şəbəkəsi tutur.
Xatırlayırsınızsa, bir müddət əvvəl millət vəkili Fəzail Ağamalı “Facebook”un zərərli olmasından, hakimiyyət əleyhinə təbliğatın tribunasına çevrilməsindən danışmışdı və “Facebook”un bağlanmasının vacibliyini vurğulamışdı. Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov da internetdə partlayıcı qurğuların yayılmasının narahatlıq doğurmasından danışmışdı.
Ən maraqlı “arqument”lə isə millət vəkili Siyavuş Novruzov çıxış edib. Millət vəkili bildirib ki, sosial şəbəkələrə nəzarət olunmalı, bunun üçün xüsusi qanun qəbul edilməlidi. “Insanların şərəf və ləyaqətini aşağılayan, onlara etikadan kənar sözlər yazan insanlar məsuliyyət hiss etməlidir”.
Siyavuş Novruzovun leksikonuna bələd olanlar bilir ki, millət vəkili müxalif düşərgədəki insanlara qarşı zaman- zaman etikadan kənar fikirlər söyləyib. Son müsahibəsində isə Rəhim Qazıyevi “şərəfsiz” adlandırıb. Bəs millət vəkilinin şərəf və ləyaqəti aşağılaması mənfi nümunə deyilmi, bu təhqirlərin məsuliyyətin kim daşımalıdır?
Görünən budur ki, sosial şəbəkələrə qarşı hücumun səbəbi insanlara qayğı ilə bağlı deyil.
Dünyada gedən proseslərdə, inqilab baş verən ölkələrdə sosial şəbəkələrin rolunun danılmaz olduğunu nəzərə alsaq, hakimiyyətin narahatçılığını başa düşmək olar.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, sosial şəbəkələrin ölkədəki ictimai-siyasi həyatda rolu getdikcə artır. Artıq ölkədə on minlərlə insan sosial şəbəkələrdən istifadə edir. “Hakimiyyətin 20 illik siyasəti cəmiyyəti informasiya blokadasında saxlamaq olub. Sosial şəbəkələr isə informasiya blokadasını dağıdaraq, insanaları məlumatlandırır. Məhz bu şəbəkələr vasitəsilə insanlar hakimiyyətin korrupsioner mahiyyətini, antixalq siyasətini əyani şəkildə izləyir. Digər tərəfdən, sosial şəbəkələr insanları səfərbər edir, cəmiyyətin təşkilatlanmasını stimullaşdırır. Son aksiyalar da onu göstərdi ki, hakimiyyətin bu sahədə ciddi qorxusu var. Buna görə də hakimiyyət seçki ilində insanların fəallığının qarşısını almaq üçün sosial şəbəkələrdə məhdudiyyət yaratmaq istəyir. Ancaq bu cəhd uğursuz olacaq, artıq internet qlobal dünyanın tərkib hissəsidir və demokratikləşmə prosesinə xidmət edir”.
Fuad Qəhrəmanlı hesab edir ki, hakimiyyətin xilası, islahatlar aparmaq və dinc demokratik keçidi təmin etməklə mümkün ola bilər.
İlham Hüseyn