Əyyub Kərim: «Elşad Abdullayev istintaq orqanından tələb etməlidir ki, qardaşının yoxa çıxması ilə əlaqədar hansı səbəbdən qəsdən adam öldürmə maddəsilə araşdırma aparılır»
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı son videolara hələ ki, rəsmi məlumat bildirilməyib. Xatırladaq ki, bu videoların ikisində MTN əməkdaşları Ilqar Abbasov və Fikrət Abbasovla Elşad Abdullayevin söhbəti əks olunub. Digər video isə milli təhlükəsizlik naziri Eldar Mahmudovun “qara işlərini” görən Sahib adlı şəxslə Elşad Abdullayevin danışığını əks etdirir.
MTN əməkdaşları və Sahib sabiq rektora bildirir ki, qardaşı Mahir Abdullayev qadın məsələsinə görə oğurlanıb. Mahir Abdullayevin oğurlanmasını isə DIN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları həyata keçirib. Onların iddiasına görə, Mahir Abdullayev MTN-in zirzəmisində saxlanılır.
Tanınmış hüquqşünas Əyyub Kərim Elşad Abdullayevin yaydığı videoları “Azadlıq”a şərh edərkən bildirib ki, ilk növbədə MTN bu məsələyə aydınlıq gətirməlidir: “Çünki Elşad Abdullayevlə söhbət edən şəxslər özlərini MTN əməkdaşları kimi təqdim edirlər, nazirin adını hallandırırlar. MTN bu məsələyə aydınlıq gətirməlidir. Bilinməlidir ki, bu adamlar həqiqətənmi MTN əməkdaşlarıdır, yoxsa sadəcə bu qurumun adından istifadə edən dələduzlardır. Dələduzdurlarsa, onlar məsuliyyətə cəlb olunubmu? Axı Elşad Abdullayev bu videoları xeyli əvvəl MTN-ə təqdim edib. Yox, MTN-nin əməkdaşlarıdırsa, onlarla bağlı hansı tədbir görülüb? Bütün bunlara aydınlıq gətirilməlidir”.
Elşad Abdullayevlə MTN əməkdaşlarının söhbətinə diqqət çəkən Əyyub Kərim bildirib ki, o hələ bir müddət əvvəl Mahir Abdullayevin işində qadın izinin olması ehtimalını irəli sürmüşdü: “Elə sizin qəzetə bu məsələ ilə bağlı müsahibələrimdə bildirmişdim ki, Mahir Abdullayevin yoxa çıxmasında qadın amili ola bilər. Videoda göründüyü kimi həmin şəxslər Elşad Abdullayevə bildirirlər ki, Mahir Abdullayev hansısa qadına görə oğurlanıb. Videoda başqa bir maraqlı məqam daxili işlər nazirinin müavini Əsgər Ələkbərovun qardaşı oğlunun oğurlanmasıdır. Mən bu barədə sizə müsahibələrimdə bildirmişdim. Elşad Abdullayev isə hətta buna görə pul yığılmasından da danışıb”.
Hüquqşünasın fikrincə, Mahir Abdullayevin işində Elşad Abdullayev əsasən qardaşının yoxa çıxması ilə bağlı başlanan cinayət işinin qəsdən adam öldürmə maddəsinə tövsif olunmasına diqqət çəkməlidir: “Mahir Abdullayevin yoxa çıxması ilə bağlı əvvəlcə adam oğurluğu maddəsilə cinayət işi başlanıb. Lakin sonradan iş qəsdən adam öldürmə maddəsinə tövsif olunubdur. Hazırda da bu maddə ilə istintaq gedir. Aydınlıq gətirilməlidir ki, istintaq orqanı hansı səbəbdən işi qəsdən adam öldürmə maddəsinə tövsif edib? Nə ilə əsaslandırıb bunu? Bununla bağlı qərarı Elşad Abdullayev görübmü? Görübsə, orda nə yazılması barədə ictimaiyyətə məlumat versin. Yox, ona qərarı göstərməyiblərsə, o zaman Elşad Abdullayev istintaq orqanından tələb etməlidir ki, qardaşının yoxa çıxması ilə əlaqədar hansı səbəbdən qəsdən adam öldürmə maddəsilə araşdırma aparılır. Bu çox vacib məsələdir və Mahir Abdullayev müəmmasının açılması üçün açar rolunu oynaya bilər”.
Əyyub Kərim videoda adı keçən “cəlilabadlı Şahin” barədə də maraqlı açıqlamalar verib: “Belə bir adam həqiqətən var və Cəlilabadda kifayət qədər nüfuzludur. Mən bu ada hələ bir neçə il əvvəl bir insidentlə bağlı cinayət işində rast gəlmişəm. O zaman Cəlilabadda bir qrup adam arasında insident baş vermişdi. Insidentə səbəb isə bir neçə gəncin dikbaşlığı olmuşdu. Onlar özlərini ”Reket Şahinin oğlanları” kimi təqdim etmişdilər. Bu həmin o “cəlilabadlı Şahin”dir. Mənə aydın deyil ki, istintaq niyə bu şəxsləri dindirmir? Dindiribsə, niyə bu barədə ictimaiyyətə açıqlama verilmir?”.
Azad