Elxan Şahinoğlu: «Barış İsrailə hava-su kimi lazım idi»
«Netanyahu tərsliyinə rəğmən, anladı ki, Türkiyə ilə münasibətləri nizamlamadan bölgədəki durumunu normallaşdırmayacaq»
Hazırda Türkiyə ətrafında ciddi proseslər cərəyan etməkdədir. Son günlər baş verən olaylar və cərəyan edən proseslərin fonunda Ankaranın nümayiş etdirdiyi çevik diplomatik siyasət diqqətdən qaçmamalıdır. Olaylar sırasında ilk olaraq PKK terror təşkilatının martın 21-dən atəşkəs elan etməsini qeyd etmək lazımdır.
Təşkilat həbsdə olan PKK lideri Abdulla Öcalanın çağırışı ilə əlaqədar atəşkəs elan etdi. PKK-nın rəhbərlərindən biri Murat Karayılan bildirib ki, Türkiyədə parlament və hökumət komissiya yaradıb qanuni zəmin hazırlarsa, PKK-nın silahlı qruplarını Türkiyədən çıxara bilərlər. Bundan başqa, daha bir mühüm olay Israilin “Mavi Mərmərə” əməliyyatında buraxdıqları səhvlərdən dolayı üzr istəməsidir. Onu qeyd etmək lazımdır ki, bu üzr Israilin diplomatiyası tarixi boyu 3-cü addımıdır. Mövzu ilə bağlı sualları “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluya ünvanladıq.
– PKK-nın atəşkəs elan edərək, Türkiyədən geri çəkilməsi qərarının arxasında nə dayanır?
– Bu qəfil verilən qərar deyil. Ərdoğan hakimiyyətə gəldiyi 2002-ci ildən bu yana terrora son qoyulması üzərində düşünüb. Ancaq ilk illərdə baş nazirin başını postmodern hərbi çevrilişlərlə mübarizə qatdığından terror probleminin həllinə əli çatmırdı. O yalnız bir neçə ildir ki, bu işə girişib. Hamıya aydın oldu ki, PKK terrorunu yalnız güc yoluyla həll etmək mümkün deyil. PKK-nın dağlarda 5 min üzvünün olduğu deyilir və bu rəqəm dəyişməz olaraq qalır. Halbuki, bu illərdə elə bu qədər də PKK terrorçusu məhv edilib, yəni nə qədər məhv edirsən, yerinə başqaları gəlir. Etiraf etməliyik ki, Türkiyənin kürd əhalisinin bir qismi bu terror hərəkatına dəstək verirdi. Buna görə də sonda məsələni danışıq yoluyla həll etməyə qərar verildi. Bir ara Ərdoğan problemi Öcalansız həll etmək istədi. Ancaq bu alınmadı. Osloda görüşlər keçirildi, başqa təmaslar qeydə alındı. Buna baxmayaraq, Öcalanın dəstəyi olmadan bu danışıqlar uğur qazanmadı. Belə olan halda hökumət Öcalanın yanına emissarlar göndərdi və ortaq razılaşma əldə edildi.
– Razılaşma konkret nədən ibarətdir?
– Ərdoğanın konkret yanaşması bəllidir: Tək dövlət, tək bayraq və tək millət. Ərdoğan bundan kənara çıxan heç bir həll planını qəbul etməyəcəyini əvvəlcədən açıqlamışdı. Abdulla Öcalan da sonda bundan kənara çıxan həll planlarından vaz keçdi. Öcalan 1980-cı illərin əvvəllərində dövlətə qarşı terror mübarizəsinə “müstəqil Kürdüstan” şüarı ilə başlamışdı, sonradan bu istəyindən bir addım geri çəkilərək, “muxtariyyət və ya federativ quruluş” dedi. Ancaq həbs müddətində bunun da baş tutmayacağını anlayaraq, Türkiyədə kürdlərin haqlarının artırılması istəyini dilə gətirdi. Öcalanın və onun tərəfdarlarının bu istəyi isə artıq Ərdoğanın yanaşması ilə üst-üstə düşürdü. Onsuz da bu illərdə Ərdoğan az iş görməmişdi, kürdlərin yaşadığı bölgələrdə fövqəladə vəziyyət rejimi ortadan qaldırılmış, kürd dilinin istifadəsinə yaşıl işıq yandırmışdı.
Türkiyənin PKK istiqamətindəki uğurları
– Ancaq Türkiyədə indiki razılaşma birmənalı qarşılanmır, bunun əleyhinə olanlar da var…
– Əleyhinə olanlar var. Bu hər bir demokratik cəmiyyət üçün normaldır. Hətta Azərbaycanda da dostlarım və həmkarlarımdan “Türkiyə hökuməti PKK-ya təslim oldu” və ya “Bu razılaşma Türkiyəni parçalayacaq” kimi ittihamlar eşidirəm. Ancaq mənim bu ittihamları səsləndirənlərə qarışılıqlı sualım var: Nə təklif edirsiz, axı dağlarda gizlənən terrorçularla və onların Türkiyədəki tərəfdarlarıyla 30 illik silahlı mübarizə nəticə vermədi, terrorçunun biri öldü, yerinə bir başqası gəldi, yenədəmi qardaş ölkə şəhidlərlə üz-üzə qalmalı və zəifləməliydı? Bu illərdə Türkiyə terrorla mübarizədə 30 min insanını itirdi, yüz milyardlarla dollar xərclədi, xarici dövlətlər terrordan yararlanaraq Türkiyəni zəiflətməyə çalışdılar. Bu elə belə də davam etməliydimi? Terrorçular atəşkəs elan edib, silahlı toqquşmalara son qoyub mübarizələrini siyasi müstəviyə keçirmək istəyirlərsə, bunun nəyi pisdir ki? Məgər, biz də Qarabağ separatçılarına bunu təklif etmirikmi? Şimali Irlandiya örnəyi göz qabağındadır. Irlandiya Respublika Ordusu uzun onilliklər Şimali Irlandiyanın müstəqilliyi tələbi ilə Ingiltərəyə qarşı terror yoluyla mübarizə apardı, ancaq anlayandan sonra ki, bu yolla heç nəyə nail olmayacaq, silahlarını yerə qoydu, siyasi mübarizəsini parlament çərçivəsinə keçirtdi. Əlbəttə, terror probleminin həllində hər şey hamar olmayacaq, müxtəlif çətinliklər qeydə alınacaq, ancaq önəmlisi Türkiyədə geri dönüşü mümkün olmayan proses başlanmasıdır.
– PKK probleminin həlli Türkiyəyə daha hansı dividendlər vəd edir?
– Söylədiklərimdən əlavə Türkiyə üçün daha iki müsbət dividenddən danışmaq istərdim. Birinci dividend Türkiyənin kürdlər yaşayan bölgələrinin rahatlanmasıdır. Həmin bölgələrin bir qismi inkişafdan kənar qalmışdı. Çünki terror və partlayışlar bu bölgələrə yatırım qoymağa imkan vermirdi, hansı iş adamı təhlükəli bölgədə zavod və fabrik açar. Indi isə bu yol açılır. Həm özəl sektor, həm də dövlət həmin bölgələrin inkişafı planını həyata keirməyə başlayacaq. Bu isə bütövlükdə Türkiyəyə hüzur gətirəcək. Insan toxdursa, iş yeri varsa, ailəsini dolandıra bilirsə, özünə və ətrafdakılarına niyə problem yaratsın ki? Ankaranın PKK terrorunu son qoymasından ikinci qazancı Türkiyəni zəiflətməyə çalışan bəzi xarici dövlət və qrupların təsir imkanlarından qurtulmasıdır.
– Ankaranın eyni vaxtda Israillə də problemini həll etməsi təsadüf idi, yoxsa hardasa planlaşdırılmışdı?
– Israilin baş naziri Benyamin Netanyahu tərsliyinə rəğmən, anladı ki, Türkiyə ilə münasibətləri nizamlamadan bölgədəki durumunu normallaşdırmayacaq. Bu barış Netanyahunun özünə də hava-su kimi lazım idi. Çünki Israil Suriya və Iran böhranlarının həllində ABŞ-la yanaşı bölgə ölkələri ilə də əməkdaşlığa ehtiyac duyur. Bu rola isə köhnə və inanılmış tərəf müqabili Türkiyə yarayır. Ankara da Təl-Əviv kimi Suriyada Əsədin devrilməsini və demokratik cəmiyyətini qurulmasını, o cümlədən Iranın nüvə silahına yiyələnməməsində maraqlıdır. Türkiyə-Israil gərginliyi Vaşinqtonun da işini çətinləşdirirdi. Və sonda ABŞ prezidenti bölgədəki iki müttəfiqi arasında gərgin münasibətlərə son qoymaq qərarını verdi və Netanyahuya təzyiq etdi. Israil-Türkiyə barışı Azərbaycanın da işinə yarayır. Çünki bir müddət rəsmi Bakı Ankara ilə Təl-Əvivin arasında qalmışdı, nə Türkiyə, nə də Israildən imtina edə bilirdi. Artıq belə bir seçimdən qurtulmuşuq.
Növbədə erməni problemidir
– Ankaranın PKK və Israildən sonra üçüncü uğurlu gedişi nə olacaq?
– Indi söyləyəcəyimin Ankaranın üçüncü və ya dördüncü gedişi olacağını bilmirəm. Ancaq müşahidələrimə görə deyə bilərəm ki, Ankara Ermənistan məsələsinin həllinə də girişəcək. Ermənistan və erməni lobbisi “soyqırımın” qeyd ediləcəyi 2015-ci ilə ciddi hazırlaşır, Türkiyəyə beynəlxalq aləmdə ciddi problemlər vəd edirlər. Ankaranın bu problemdən qurtulmağın – erməni lobbisini tərksilah etmənin yolu 2015-ci ilə qədər Ermənistanla sərhədin açılması və bu ölkə ilə diplomatik münasibətlərindən keçir. Doğrudur, Ərdoğan Qarabağ ətrafındakı torpaqlar boşaldılmadan belə bir addım atmayacağını vəd edib. Ancaq Ankara Bakını sonsuza qədər gözləyən də deyil. Odur ki, Bakı ilə Ankaranın bu ətrafda dialoqunu genişləndirməyə ehtiyac var. Yaxınlarda Türkiyə, Azərbaycan və Ermənistan prezidentlərinin üçlü görüşünü də istisa etmirəm. Üçlü prosesdən hamının qazanclı çıxmaq şansı var.
Xəyal