Beynəlxalq təşkilat «təcili hərəkət» kampaniyasına başladı
İnsan haqları üzrə beynəlxalq təşkilat – “Amnesty International” “NIDA” Vətəndaş Hərəkatı fəallarının saxlanılması ilə bağlı “təcili hərəkət” kampaniyasına başlayıb. Təşkilat martın 8-də saxlanılan Məhəmməd Əzizov, Bəxtiyar Quliyev və Şahin Novruzlunun və martın 15-də saxlanılan Rəşad Həsənovun həbsini 10 mart aksiyası ilə əlaqələndirir.
Martın 8-də saxlanılan fəallar narkotik və qanunsuz silah əldə etmək və daşımaq, Rəşad Həsənov isə odlu silah saxlamaqda ittiham olunub.
Məhkəmə onlarla bağlı 3 aylıq həbs-qətimkan tədbiri seçib.
Insan haqları təşkilatı bildirib ki, fəalların ailə üzvləri partlayıcı maddə və narkotiklərin evə polis tərəfindən qoyulduğunu iddia edirlər.
“Təcili hərəkət” kampanisyasını başlayan “Amnesty International” fəalları Baş Prokurorluq və prezident Ilham Əliyevə məktub göndərməyə çağırır.
Martın əvvəlindən “narkotik” və “qanunsuz silah əldə etmək və daşımaqda” ittiham edilərək saxlanılan “NIDA” üzvlərinin yerli televiziya kanallarında etiraf görüntüləri yayılıb.
Təşkilat Azərbaycan prezidentilə prokurorluğa ünvalanan məktubda “vicdan məhbusları” saydığı gənclərə qarşı işgəncə və ya pis rəftara yol verməmək çağırışının əks olunmasını tövsiyə edib.
Hüquq Müdafiəçisi Intiqam Əliyevin fikrincə, nüfuzlu beynəlxalq təşkilatın NIDA-çıların qondarma həbsinə obyektiv qiymət verməsi müsbət haldır. “Bu o deməkdir ki, bu hadisə ilə bağlı dünya məlumatlıdı. Ancaq mən hesab edirəm ki, təkcə beynəlxalq təşkilatların qiymətləndirməsi ilə kifayətlənməməliyik. Bütün demokratik düşərgə həbs olunmuş gənclərin müdafiəsi ilə məşğul olmalıdı”.
Vəkil Əsabəli Mustafayev qeyd elədi ki, bu təşkilatın gəncləri “vicdan məhbusu” elan etməsi müsbət qiymətləndirilməlidi: “Hakimiyyət beynəlxalq təzyiqlərə məhəl qoymadığını sərgiləməyə çalışsa da, təcrübə göstərir ki, beynəlxalq təşkilatların bu cür qiymətləndirmələri hakimiyyəti geriyə addım atmağa məcbur edir. 2 aprel mitinqində həbs olunmuş fəallar da ”vicdan məhbusu” elan edilmişdi və indi azadlıqdadılar. Hakimiyyət bu təzyiqlərə birbaşa, vaxtında cavab verməsə də, əfv yazdırmaqla və digər yollarla həbs olunmuş insanları azadlığa buraxır”.
İlham Hüseyn