«Dəyişiklik olmasa, itkilərin sayı daha da artacaq»
Ordudakı əsgər ölümləri ilə bağlı hərbiçi-ekspert Üzeyir Cəfərov bir müddət əvvəl maraqlı açıqlama vermişdi. Ekspert bildirmişdi ki, dünyasını dəyişən əsgərlər yalnız Milli Orduda xidmət etməyiblər. Onların arasında Daxili Qoşunlarda, Sərhəd Xidmətində, FHN-də də xidmət edənlərin də olmasına baxmayaraq, yalnız Müdafiə Nazirliyinin adı hallandırılır. Maraqlıdır ki, elə ölən sonuncu əsgərimiz Elvin Niftizadə məhz Dövlət Sərhəd Xidmətinin Yevlaxda yerləşən hərbi hissəsində qulluq edirdi.
Milli Orduda xidmət edən əsgərlərimizin qeyri-döyüş şəraitində kütləvi şəkildə dünyasını dəyişməsi və bu ölümlərin əksəriyyətinin müammalı qalması danılmaz faktdır. Amma məsələ ondadır ki, Milli Ordunun əhatəsi də genişdir və orada xidmət edən əsgərlərin sayı istər Daxili Qoşunlar, istərsə də Sərhəd Xidmətində qulluq edənlərdən dəfələrlə çoxdur. Belə çıxır ki, problem ümumilikdə sistemdədir.
Hərbiçi-ekspert Cəsur Sümərinli hesab edir ki, əsas problemlərdən biri də artan müdafiə xərclərinin hərbi qulluqçuların sosial təminatına xərclənməməsidir: “Vəsait əsasən daşınan texnikaya yatırılır. Eyni zamanda, Müdafiə Nazirliyində ciddi idarəetmə, həmçinin rəhbərlik problemi var. Müdafiə Nazirliyinin mövcud rəhbərliyi Silahlı Qüvvələri idarə olunmayan duruma salıb. 20 ildir ki, müdafiə naziri, Baş qərargah rəisi eyni vəzifəni bölüşür. Onlar bu vəzifədə qaldıqları müddətdə itkilərin sayı daha da artacaq. Parlament, cəmiyyət qarşısında hesabatlılıq da yoxdur. Silahlı Qüvvələrə təsir imkanları da süni şəkildə məhdudlaşdırılıb. Ona görə də itkilərin ardı-arası kəsilmir”.
C.Sümərinlinin sözlərinə görə, eyni sözləri Dövlət Sərhəd Xidməti haqqında da demək olar: “Eyni sistem, eyni qapalılıq Sərhəd Xidmətinə də aiddir. Məsələn, ötən il biz Sərhəd Xidmətində olan problemlərlə bağlı bu quruma 20-yə yaxın sual ünvanlamışdıq, amma heç birinə cavab ala bilmədik. Onlar üçün cəmiyyətin mövqeyi, ictimaiyyətdən gələn suallar heç nədir. Müdafiə Nazirliyində rəhbərliklə bağlı gedən proses Dövlət Sərhəd Xidmətində də sirayət edib. Belə qənaətdədirlər ki, onları heç kim dəyişməyəcək. Bu halda da, şəxsi mənafelər ordunun mənafeyindən üstün olur və ortaya bu cür problemlər çıxır”.