MTN-də saxlanılan jurnalist Rauf Mirqədirov Leyla və Arif Yunusların məhkəməsində ifadə verdi
Mətanət Əzizova Yunusların məhkəməsinə məktub göndərib; Leyla Yunus onun təzyiq altında yazıldığını bildirir
Tanınmış hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun məhkəməsi faktiki qapalı şəraitdə davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən əvvəlki məhkəmə iclaslarında olduğu kimi, dünən də məhkəməyə gələnlər içəri buraxılmayıb. Məhkəmə zalı Leyla və Arif Yunusların kim olduğunu doğru-dürüst bilməyən, baxılan işin mahiyyətindən bixəbər olan xüsusi məqsədlə gətirilmiş adamlarla doldurulub.
“Əşyalarımızı əlimizdən alıblar”
Məhkəmə iclası başlayan kimi Leyla Yunus Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər heyətini ittiham edib. Xüsusən, hüquq müdafiəçisi ötən məhkəmə iclasında səhhəti pisləşən həyat yoldaşına qarşı hakimlərin biganə münasibətinə etirazını bildirib: “Əşyalarımızı əlimdən alıblar, qaytarın. Bizə qarşı zorakılıqlara son qoyun. Zalı boşaldın. Məgər siz görmürsünüzmü ki, Arif nə vəziyyətdədir? Dünən iki saat burada uzanmış vəziyyətdə qalıb. Siz hakim deyilsiz, faşistsiz, bunların hamısı da sizin göstərişinizlə baş verir. Çox xahiş edirəm, əgər məhkəmə zalında normal jurnalist varsa, bunları mütləq yazsın”.
Hakim Əfqan Hacıyev Leyla Yunusun ittihamına belə cavab verib: “Hamısını görürlər və yazırlar, narahat olmayın, özünüzü artistliyə qoymayın…”
Dünənki məhkəmə iclasında gürcü jurnalist Anna Daqidaşvili şahid qismində ifadə verib. O, Jurnalistlər Birliyinin üzvü olduğunu vurğulayıb və deyib ki, Tiflisdə konfransda olarkən erməni jurnalist Laura Baqdasaryanla tanış olub. Baqdasaryan ona Leyla Yunusla jurnalist kimi əməkdaşlıq təklif edib: “Həmin konfransda azərbaycanlılar, gürcülər və ermənilər iştirak edirdi. Azərbaycana qayıtdıqdan sonra Leyla Yunus mənə zəng vurdu, görüşdük, bir yerdə işləməyi təklif etdi, razılaşdım. Mənim işim müsahibələr təşkil etməkdən ibarət idi. Buna görə ayda 100-120 manat pul verirdi. Bəzən xaricdə olduğuna görə pulun verilməsi gecikirdi. Mənim VÖEN-im yox idi. Aldığım əməkhaqqını Leyla Yunusun verdiyi qəbzə qol çəkərək qəbul edirdim. Bir dəfə Leyla Yunusa zəng vuranda üstümə qışqırdı və işimdən razı olmadığını bildirdi. Sonradan bizim əməkdaşlığımız dayandı”.
“Şahnazaryanın ən yaxın dostu Asim Mollazadə idi…”
Jurnalist Əkbər Həsənov da şahid qismində dindirilib. O bildirib ki, peşə fəaliyyəti ilə əlaqədar Leyla və Arif Yunusları tanıyıb və onlarla ünsiyyətdə olub: “Arif Yunusun təklifi ilə iki dəfə Ermənistanda olmuşam. Bu, mənim üçün maraqlı səfər idi, sırf Qarabağa görə. Nümayəndə heyətinin tərkibinə Rauf Mirqədirov, Azad Isazadə, Arif Yunus da daxil idi. Arif Yunus Ermənistanda olanda bu ölkənin keçmiş milli təhlükəsizlik naziri, ”Həmrəylik" Araşdırma Mərkəzininn rəhbəri, politoloq David Şahnazaryanın təşkil etdiyi görüşlərdə iştirak edir, onunla daha sıx ünsiyyətdə olurdu. Yunuslarla əlaqəm 2012-ci ildə korlandı. Hər ikisi Badenbadenə getmişdilər. Yazışanda soruşdum ki, jurnalistləri niyə aparmamısız? Arif Yunus dedi ki, “jurnalistlərin orada nə işi var”.
Şahid dövlət ittihamçısının, vəkillərin və təqsirləndirilən şəxslərin suallarını cavablandırandan sonra Arif Yunus qısa çıxış edib. Bildirib ki, onların Ermənistana səfərləri əslində, beynəlxalq təşkilatlar elmi konfranslarında iştirakı olub: “Bizə beynəlxalq qurumlardan dəvətnamələr gəlirdi. Ora dəvətnaməsiz getmək olmaz. Əks halda, sərhəddə yoxlayıb, cinayət işi açarlar. Mən Ermənistanda yox, orada keçirilən beynəlxalq tədbirlərdə olmuşam. David Şahnazaryan müşavir olub. Onun ən yaxın dostu Asim Mollazadə və Vəfa Quluzadə idi. Bizə söz azadlığı ilə bağlı jurnalist lazım idi. Əkbərə dedim, razılaşdı. Hamıya pul verilib. Özü də bu pulları ermənilər yox, təşkilat verib. Indi hamı birdən-birə vətənpərvər olub. Siz Ermənistana getməyinizlə bağlı MTN-ə müraciət etmişdinizmi? Mən 3 dəfə müraciət etmişdim. O konfransa 100-ə yaxın adam getmişdi. Soruşurdular ki, özümüzü necə aparaq? Onlara deyirdim ki, burada necə aparırdınızsa, orada da elə aparın. Unutmayın ki, siz düşmən ölkəyə gedirsiniz, elə edin ki, sonra söz-söhbət olmasın. Əkbərin ermənilərə nələr demək istədiyini burada açıqlamaq istəmirəm…”
Mirqədirov həbsdə tanınmaz hala düşüb
Dövlətə xəyanətdə ittiham edilərək, ötən ilin aprelindən həbsdə olan və hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan jurnalist, “Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov da dünənki məhkəmə iclasında şahid qismində dindirilib. Mirqədirov məhkəmə zalına gətirilərkən onun zahirən kəskin dəyişdiyi, hədsiz arıqladığı diqqət çəkib.
Rauf Mirqədirov ifadəsində bildirib ki, Leyla və Arif Yunusları 1990-cı illərdən tanıyır: “Ermənistanda keçirilən tədbirlərə Arif Yunus vasitəsilə dəvət olunurdum. Orada hər il tədbirlər keçirilirdi. 2002-ci ildə Arif Yunusa dedim ki, məni ödənişli layihəyə yazsınlar ki, qonorar alım. Belə də elədilər. Bundan başqa, Sülh və Demokratiya Institutunun şəbəkə layihələrindən də pul alırdım. 2006-cı ildə getdiyim Ermənistan səfərində koordinator Arif Yunus olub. Arifə qarşı heç bir iddiam yoxdur. Iki dəfə Ermənistanda konfransda olmuşam. Hərəsində də 150 dollar almışam. Mənə konfrans təşkilatçılarından dəvətlər gəlirdi. Biz Ermənistanda olanda Iran səfirliyi tərəfindən mənə təxribat təşkil olunmuşdu. Amma burada bu haqda danışmaq istəmirəm…”
“Mətanət Əzizova mənim rəyimlə Çexiyada sığınacaq alıb”
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da dünən dindirilən şahidlər arasında olub. O, istintaqa ifadəsini təsdiqləyərək bildirib ki, Yunuslarla münasibətləri normal olub: “Amma mən onların layihələrində iştirak etməmişəm. O layihələr haqda məlumatım olmayıb. Arif Yunusa qarşı iddiam yoxdur”.
Hakim hazırda Çexiyada mühacirətdə olan Qadın Krizis Mərkəzinin sədri Mətanət Əzizovanın məhkəməyə məktub göndərdiyini elan edib. Həmin məktubda Mətanət Əzizova istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Leyla Yunusdan dəfələrlə pul aldığını bildirib. Qeyd edib ki, Qadın Krizis Mərkəzi qeydiyyatdan keçmədiyi üçün xarici donorların bu quruma ayırdığı qrantlar “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” Cəmiyyətinin hesabına köçürülüb. Leyla Yunus da həmin vəsaitləri Qadın Krizis Mərkəzinə verib.
Mətanət Əzizova məktubunda həmçinin Leyla Yunusun Ermənistanda dəfələrlə tədbirlər keçirdiyini və buna görə qrantlar aldığını yazıb. Bildirib ki, Leyla Yunus Sülh və Demokratiya Institutunun xətti ilə keçirilən tədbirlərə görə ona pul verməyib: “2003-cü ildən həmin təşkilatın sədr müavini olmuşam. Aldığımız qrantlara dair sənədləşmə aparılıb, lakin ofisimiz söküldüyünə görə sənədlər məhv edilib. Möhürü, maliyyə hesablarını Leyla Yunus özündə saxlayırdı. Leyla Yunus bank hesablarına köçürülən pulları nəğd şəkildə gətirib bizə verirdi. Layihələr barədə soruşanda isə qrantların ”Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda" cəmiyyətinə yox, Sülh və Demokratiya Institutuna aid olduğunu deyirdi".
Leyla Yunus bu məktubun təzyiq altında yazıldığını bildirib. Qeyd edib ki, Mətanət Əzizova məhz onun hesabına Çexiyada sığınacaq alıb: “Ona prokurorluqda təzyiq olub. Mənə Praqadan sorğu daxil olmuşdu. Mən də prokurorluğun ona təzyiq etdiyini dedim. Ona görə də ona siyasi sığınacaq verildi. Mətanət mənim rəylərim əsasında siyasi sığınacaq alıb. O, prokurorluğa verdiyi ifadəsindən imtina etmişdi. Dedi ki, düz məlumat verməmişəm. Indi bilirəm ki, niyə belə yazıb. Çünki burada anası, bacısı qalıb. Onun ifadəsini təzyiq altında verilmiş kimi hesab etməyinizi xahiş edirəm”.
Dövlət ittihamını müdafiə edən prokuror Fərid Nağıyev deyib ki, Mətanət Əzizovaya qarşı təzyiqlər barədə deyilənlər əsassızdır: “Leyla Yunusova deyir ki, Mətanət Əzizovaya anası, ailəsilə təzyiq olunub. Əgər belə idisə, bunu Mirvari Qəhrəmanlıdan soruşmaq olardı. Doğrudan da belə bir hal olubsa, bunu anası təsdiqləyərdi”.
“Bir qardaşım Amerikada vəzifədədir…”
“Unibank”ın Idarə Heyətinin sədri Faiq Hüseynov da bu iş üzrə dindirilib. O bildirib ki, rəhbərlik etdiyi bankda Leyla Yunusun özünün və təşkilatının hesabları olub.
Dünənki məhkəmə iclasında həmçinin hazırda Rusiyada yaşayan, 2005-2007-ci illərdə “Bank Standart”ın Idarə Heyətinin sədri olmuş Səlim Pirimovun istintaqa ifadəsi elan olunub. Ifadədə Arif Yunusun hesabına 2 dəfə Ermənistandan, 2 dəfə isə başqa xarici dövlətdən pul köçürüldüyü bildirilib.
“Accessbank”ın işçisi Anar Həsənov da dünən məhkəmədə dindirilib. O, ifadəsində bildirib ki, Arif Yunus şəxsi hesabına 23 apreldə 18 min avro qoyub, aprelin 24-də isə depozitlərini bağlayıb. Onun vaxtından əvvəl depozitləri bağlamasından şübhələniblər.
Arif Yunus özü də bank hesablarına pul yatırması barədə şahid ifadələrinə münasibət bildirib: “Çoxları elə hesab edir ki, biz qrant hesabına yaşamışıq. Halbuki, mənim qardaşlarımın çox böyük imkanları var. Bir qardaşım Amerikada vəzifədədir. Digər qardaşım 1990-cı ildə hər şeyini satıb getdi, pullarını da mənə verdi. Mən də o pulları banka qoydum depozitlə. O, siyasi mühacir olduğuna görə gələ bilmirdi. Mənə dedi ki, o pullardan Türkiyədə bir ev al, hərdən orada görüşək. Bizim uşaqlarımız Avropada yaşayırlar. Çexiyada da ev aldım. O pullar mənim qardaşımın olub, banka qoymuşam”.
Məhkəmə prosesi avqustun 5-də 10.00-da davam edəcək.