Eldar İbrahimov qanunsuz villaların kimə məxsus olduğunu hər kəsin bildiyini bəyan elədi
Milli Məclisin Aqrar siyasət komitəsinin dünən keçirilən iclasında torpaqların qanunsz istifadə edilməsinə və zəbt olunmasına görə Cinayət və Inzibati Xətalar məcəllələrinə nəzərdə tutulan dəyişikliklərlə əlaqədar qanun layihələrinin müzakirəsi aparılıb.
Qafqazinfo xəbər verir ki, komitə sədri Eldar Ibrahimov çıxışında qeyd edib ki, qanunsuzluğa yol vermiş vəzifəli şəxslər daha çox müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılmalıdırlar: “Axı, hamı bilir ki, vəzifəli şəxslərin icazəsi olmadan bu işlər görülə bilməz. Ona görə də onlarla bağlı qanunvericilikdə sərtləşdirilmənin tutulması çox vacib addımdır. Elə bir neçə gün öncə Binəqədi rayonunda baş vermiş dəhşətli yanğınla, faciə ilə bağlı çıxışında da dövlət başçısı bu məsələlərə, torpaqların zəbt olunmasına toxundu, çox yaxşı qeyd etdi ki, bu cür qanunsuzluğa yol vermiş adamlar, vəzifəli şəxslər cəzalandırılmalıdır. O, çıxışında hətta, ”Dostluq" Parkı deyilən ərazidə qanunsuz şəkildə vilların tikilməsinə toxunaraq dedi ki, oradakı ərazini zəbt edən və qanunsuz villa tikənlərin kimliyi də bilinmir və bunlar aradan qaldırılmalıdır.
Mən də cənab prezidentin dediklərinin tərəfdarıyam. Vəzifəli şəxsin icazəsi olmadan kim gedib torpaq zəbt edə, orada, ev, villa tikə bilər? Ancaq cənab prezidentin də dediyi kimi, kimdən soruşursan, deyir mənimki deyil, mənim xəbərim yoxdur…Axı, necə xəbərin yoxdur, necə xəbərin olmaya bilər? Axı, əslində hamı bilir ki, o villalar, o qanunsuz, hasarlanmış torpaqlar kimindir. Həmin villalar göydən gəlib yerə düşməyiblər ki? Həmin villaların kimlərə məxs olduğunu onların sahibləri də, elə o ətrafda yaşayan sadə insanlar da bilirlər. Amma onlar, qanunsuzluğa yol verənlər özlərini bilməməzliyə, görməməzliyə vururlar ki, bunların da qarşısı alınmalıdır".
Eldar Ibrahimov bu fikirləri ölkə başçısının qanunsuz villaların kimə məxsus olduğunu bilməməsi barədə dediklərinin səmimi olmadığını ortaya qoyub. Hər halda deputat iddia edir ki, həmin villaların kimə məxsus olduğunu hamı, hətta sadə insanlar da bilir. Deməli, ölkə başçısı da villaların kimə məxsus olduğunu bilməyə bilməz. Yox əgər ölkə başçısı sadə insanların bildiyini bilmirsə, deməli, yerində deyil.