Əliyevlər hakimiyyətinə qarşı sanksiyaların qatı tərəfdarının səfəri nə vəd edir?
Fuad Qəhrəmanlı: «ABŞ mesaj verir ki, demokratiya və insan haqları ilə bağlı problem həllini tapmayınca, münasibətlərin inkişafı mümkün deyil»
ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisi Tom Malinovski iki həftədən sonra Bakıya gəlməyi planlaşdırır. Səfərdə məqsəd Azərbaycanda insan hüquqları, demokratiya və vətəndaş cəmiyyətinin problemlərilə bağlı rəsmi Bakı ilə dialoqu bərpa etməkdir.
Məlumatlara görə, səfər zamanı həmçinin Azərbaycanda vətəndaş cəmiyyətinə və qərb institutlarına qarşı repressiya dalğası fonunda iki ölkə arasındakı münasibətlərdə yaranmış hazırkı problemlərə də toxunulacaq.
Dövlət katibinin digər köməkçisi Viktoriya Nulandın bu ilin fevlarında Bakıya səfəri zamanı ABŞ və Azərbaycan arasında bu məsələlərə dair dialoqun başlandığı elan edilib.
Bundan sonra ABŞ-da bəzi müşahidəçilər Obama Administrasiyasını vətəndaş cəmiyyətinə qarşı təqiblərə son qoyulmadığı halda Azərbaycanın rəsmi şəxslərinə qarşı sərt tədbirlər görməyə çağırıblar.
Vaşinqtondakı mənbələr Malinovskinin səfərinin detallarını açıqlamır. Lakin səfər Azərbaycanda hökumət və hökumətyönlü mətbuatın ABŞ-ı Azərbaycanın imicinə zərər vurmaqda, mövcud hakimiyyəti dəyişməyə can atmaqda ittiham edən materialların dərci fonunda baş tutacaq.
Bundan əlavə, ABŞ dövlət katibi Con Kerri ermənipərəst xadim kimi təqdim olunur.
Dövlət Departamentinin nümayəndəsi Mari Xarf çərşənbə günü bu yazıları “tamamilə əsassız və ədalətsiz” adlandırıb.
Eyni zamanda o, həbsdə olan jurnalist Xədicə Ismayılın taleyindən narahatlığını bildirib, onun dərhal azad edilməsinə çağırıb. M.Xarf Azərbaycan hökumətini öz vətəndaşlarının fundamental hüquqlarına hörmətlə yanaşmağa, öz fikrini azad ifadə etmə imkanlarının təmin olunmasına çağırıb (“Turan”).
Malinovskinin səfəri son baş verənlərin fonunda maraq doğurmaya bilməz. ABŞ dövlət katibinin Azərbaycanda çevrilişdə ittiham olunması ilə yanaşı, N.Məmmədov etiraflarda bulunur. N.Məmmədov etiraf edir ki, Azərbaycan hakimiyyəti yürütdüyü siyasətə görə sərt beynəlxalq təzyiqlərlə üz-üzədir.
Onu da xatırlatmaq yerinə düşər ki, Malinovski bir müddət əvvəl Azərbaycan haqqında məqalə ilə çıxış edərək maraqlı mülahizələr irəli sürmüşdü. O demişdi ki, diktatorların korrupsiya vasitəsilə əldə etdiyi maliyyə vəsaitlərinə sanksiya tətbiq etmədən o ölkədə insan hüquq və azadlıqları ilə bağlı ciddi uğur qazanmaq mümkün deyil.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, Malinovskinin səfəri ikitərəfli münasibətlərin perspektivi baxımından mühüm əhəmiyyət daşıyır. Çünki ikitərəfli münasibətlərdə nəinki soyuqluq var, Azərbaycan hakimiyyəti hətta ABŞ-ı ölkəmizdə dövlət çevrilişi etməkdə ittiham edir. Azərbaycana qarşı kampaniyanın başında dövlət katibi Kerrinin durduğunun müxtəlif formalarda dilə gətirildiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, bu isə münasibətləri qarşıdurma səviyyəsinə keçirən məqamdır: “Bu onu göstərir ki, dövlətlərarası münasibətlərdə artıq son ittihamlar dilə gəlir. Bu isə siyasi qarşıdurma deməkdir”.
Bundan öncə daha bir ABŞ rəsmisi Nulandın Bakıya səfər etməsini xatırladan F.Qəhrəmanlı bildirdi ki, səfərdən sonra bir sıra istiqamətlərdə, insan haqları ilə bağlı birgə komissiyanın yaradılması razılaşdırılmışdı. Amma nəinki bu razılaşma yerinə yetirilmədi, əksinə, münasibətlərin normalaşması ilə bağlı göstərilən səylər heç bir nəticə vermədi, münasibətlər daha da gərginləşdi: “Əslində Nulandın səfəri münasibətlərin normallaşması istiqamətində göstərilən son cəhdlərdən biri idi. Çünki Malinovski dövlət katibinin insan haqları üzrə köməkçisidir. Bu səfərlə ABŞ o mövqeyini ifadə edir ki, Azərbaycandakı problemlər məhz insan hüquqları ilə bağlıdır. Çünki insan hüquqları ilə bağlı məsələni bu sahəyə məsul şəxs həll etməlidir”.
F.Qəhrəmanlı hesab edir ki, ABŞ həm də onun mesajını verir ki, demokratiya və insan haqları ilə bağlı problem həllini tapmayınca, münasibətlərdə hər hansı fərqli, yeni çalarların meydana çıxması mümkün deyil: “Amerikanın Azərbaycanda çevriliş etməyə hazırlaşdığı ilə bağlı ittihamların rəsmi mətbuatda səsləndirilməsi təsadüfi deyildi. Çünki insan hüquqlarına, repressiyalara görə ABŞ-dan Azərbaycana münasibətdə getdikcə təzyiqlərin artdığı hiss olunur. Artıq nəinki ABŞ, beynəlxalq təşkilatların iştirakı ilə Azərbaycan problemlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində addımlar müşahidə olunmaqdadır. Bu isə onu göstərir ki, artıq proses çağırış fazasını çoxdan bitirib. Çünki əvvəllər Azərbaycan hakimiyyətinə ünvanlanan çağırışlar səslənirdisə, indi hakimiyyətin demokratiya və insan hüquqlarının təmin olunması ilə bağlı konkret addımlara sövq edilməsi yaşanır”.
F.Qəhrəmanlının qənaətincə, N.Məmmədovun “böyük təzyiqlərin olduğunu” dilə gətirməsi ondan xəbər verir ki, artıq Qərb sadəcə olaraq çağırış etməklə kifayətlənmir, hakimiyyətə qarşı konkret təzyiq mexanizmləri işə düşüb. “Təzyiqlərin də getdikcə daha da güclənəcəyi gözlənilir. Hakimiyyət təmsilçilərinə qarşı sanksiyaların tətbiqi, onların bank hesablarının dondurulması ilə bağlı mətbuatda gedən məqalə də əslində təsadüfi deyil. Hakimiyyət anlayır ki, proseslər bu istiqamətdə gedəcəyi təqdirdə bu məsələlər gündəmə gələcək. Görünür, hakimiyyətdə belə məlumatlar var ki, bu istiqamətdə hazırlıqlar gedir”, deyə F.Qəhrəmanlı vurğuladı.
F.Qəhrəmanlı bildirdi ki, hadisələrin gedişi göstərir ki, ABŞ Azərbaycanla münasibətlərin normallaşmasında maraqlıdır. Amma münasibətlərin normallaşması ABŞ-ın demokratiya sahəsində güzəştlərə getməsi ilə əldə edilə bilməz.
Hikmət