Aprelin 15-də Konqo Respublikasının paytaxt Brazavildə keçirilən "Mədən sənayesində şəffaflıq təşəbbüsü" (MSŞT) təşkilatının beynəlxalq idarə heyətinin 29-cu toplantısı başa çatıb. Toplantıda Azərbaycanı qiymətləndirmə hesabatının müzakirəsi keçirilib. Qiymətləndirmə komitəsi müzakirələrdə iştirak edən hökümət rəsmiləri, investorlar və vətəndaş cəmiyyəti tərəflərinə qərar qəbul etmək üçün 4 mümkün variant təqdim edib. 1) Qərarın yeni hesabat qəbul edilənədək təxirə salınması, 2) ölkənin MSŞT statusunun aşağı salınması, 3) ölkənin MSŞT-dəki fəaliyyətinin müvəqqəti dayandırılması, 4) ölkənin MSŞT-dən çıxarılması. Maraq konfliktlərinə görə Azərbaycan nümayəndə heyətinin iştirak etmədiyi müzakirələr nəticəsində MSŞT İdarə Heyəti ölkənin MSŞT-dəki statusunun aşağı salınmasına qərar verib. Belə ki, Azərbaycanın statusu əvvəlki tamhüquqlu üzvdən namizəd üzvə endirildi. Bununla yanaşı, İdarə Heyəti növbəti 1 il üçün tədbirlər planı hazırlanmasına qərar verdi. Bu tədbirlər yerinə yetiriləndən sonra Azərbaycan əvvəlki statusunu bərpa edə biləcək.