İllərdir dözülməz şərtlər altında yaşayan Azərbaycan vətəndaşları, manatın dəyər itirməsindən sonra bir qədər də çıxılmaz vəziyyətə düşüb. Lakin bu vəziyyət Azərbaycan hakimiyyətini qətiyyən maraqlandırmır, heç nə olmamış kimi ənənəvi qaydada davam edirlər. Niyəsini isə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı izah edib. Fuad Qəhrəmanlının "facebook" səhifəsində paylaşdığı yazını təqdim edirik:
"Niyə hökumət "Antiböhran proqramı" hazırlamır? Bəlkə bu, onunla bağlıdır ki, hakimiyyət rasionallıq hissini itirdiyi üçün vəziyyəti doğru qiymətləndirə bilmir?
Yox, məncə iqtisadi böhranın simptomlarını iqtidarda daha yaxşı hiss edirlər.
Məncə, bu onunla bağlıdır ki, iqtidarda mövcud siyasi, iqtisadi sistemin özünün böhran yaradan səbəbə çevrildiyini və səmərəli antiböhran tədbirlərinin ilk növbədə mövcud idarəetmə sisteminin demontajını nəzərdə tutmalı olduğunu yaxşı anlayırlar. Məsələn, antiböhran proqramı inhisarçılığın, korrupsiyanın aradan qaldırılması, müstəqil məhkəmələrin yaradılmasını və s. ehtiva etməlidir. Aydındır ki, bu da ilk növbədə oliqarxların ittifaqına çevrilmiş avtoritar rejimdə mövcud siyasi strukturlaşmanı və idarəetmə münasibətlərinin dəyişdirilməsi zərurətini meydana gətirəcək. Bu isə siyasi islahatların başlaması deməkdir. Hətta bütün bunların qarşısı kəsilsə və siyasi islahatlar yubadılsa belə monopliya və korrupsiyanın azaldılması, iqtisadi azadlıqların genişləndirilməsi və maliyyə axınının şəffalaşdırılması, investitsiya qoyuluşlarının hüquqi təminatının yaradılması və s. tədbirlər ona gətirib çıxaracaq ki, maliyyə kapitalı hakimiyyətin nəzarətindən çıxacaq.
Bu halda iki problem yarana bilər:
Birincisi odur ki, bu halda artıq rejimə sədaqətli olmaq,hər cür çirkaba bulaşaraq hakimiyyətə xidmət etmək maddi zənginlik əldə etməyin təminatı və yeganə yolu olmaqdan çıxacaq. O zaman siyasi sədaqətin yaratdığı maddi dəyər,mənfəət də aradan qalxacağı üçün məmur korpusunu nəzarətdə saxlamaq çətinləşəcək. Bu isə siyasi və sosial təzyiqlər qarşısında hakimiyyətin "biz və bizim payımıza göz dikənlər" formulu ilə özünü qorumasını çətinləşdirəcək.
İkinci səbəb isə budur ki, yuxarıda sadaladığımız iqtisadi dəyişikliklər olacağı təqdirdə kapital siyasi nəzarətdən çıxacaq və birbaşa hakimiyyətlə bağlılığı olmayan və öz biznes, mülkiyyətinin toxunulmazlığını hüquqi təminat altına almış burjaziya meydana çıxacaq. O halda bu müstəqil biznes adamları öz kapitallarını siyasətə cəlb etməklə iddialarını daha da genişləndirmək və yeni imkanlar qazanmaq istəyəcəklər. Bu isə kasıb müxalifətin zənginləşməsi və siyasi proseslərin canlanması demək olardı.
Bu səbəblərdən mövcud siyasi sistem özünü yeniləmə və dəyişikliklərə uyğunlaşıb islahatlara getmək imkanlarını itirib. Bu artıq qapalı sistemdir və belə sistemlər islahatlar yolu ilə deyil, kütləvi xalq etirazları yolu ilə dəyişdirilirlər. Bizim kimi cəmiyyətlərdə zora söykənən qapalı sistemlər müxalifətin əks təbliğatı qarşısında dayana bilsələr də, böhranları həll və idarə edə bilmədikləri üçün xalqın get- gedə aqresssivləşərək onu məhv etməsinin qarşısını heç bir halda önləyə bilmirlər".