"Neft böhranının birinci həmləsi hakimiyyətin üzünü millətin yanında nöyütdən də qara elədi"
Cəmil Həsənli: "Çox təəssüf ki, biz yalnız hakimiyyətdən deyil, dostlarımızdan da zərbə aldıq"
Demokratik Qüvvələrin Milli Şurası ölkədəki bahalaşma dalğasına etiraz məqsədilə aprelin 5-nə mitinq təyin edib. Milli Şuranın sədri Cəmil Həsənliyə suallarımız da əsasən mitinq hazırlıqları, həmçinin martın 15-də keçirilmiş "Talana son!" aksiyasının nəticələri haqda oldu:
– Milli Şura aprelin 5-də növbəti mitinqə hazırlaşır. Martın 15-də keçirilmiş ötən mitinqlə bağlı müzakirələr isə hələ də davam etməkdədir. Sizcə, bu uzun müzakirələr nə ilə bağlıdır?
– İlk növbədə martın 15-də keçirilmiş mitinqin doğurduğu təəssüratlar üzərində dayanaq. Həmin mitinq sözün tam mənasında kəskin "ideoloji mübarizə" şəraitində hazırlanmışdı. Hökumət bütün gücünü, əlində olan inzibati resursları mitinqə qarşı səfərbər etmişdi. Bir vaxtlar cəmiyyəti səksəkə həddində saxlayan "Soyuq müharibə" istilahları ilə desək, psixoloji təzyiqdən tutmuş, informasiya diversiyasına qədər hər şey törədildi, siyasi məqsədlərlə sosial şəbəkələrə müdaxilə edildi, "facebook" səhifəsi və profilləri oğurlayaraq, mitinqin vaxtı məsələsində vətəndaşları aldatmaq, məlumat çaşqınlığı yaratmaq, çəkindirmək kimi əməllərə əl atıldı. Milli Şuraya qarşı bu psixoloji savaşın baş qərargahı Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzində yerləşirdi. Daxili İşlər Hazirliyi isə qanunsuz izləmə, siyasi fəalların güdülməsi, yerlərdə profilaktik söhbətlərin aparılması, insanların mitinqə gəlməsinə süni maneələr yaradılması kimi praktik işlərlə məşğul idi. İcra strukturları tərəfindən məktəb direktorları, idarə və müəssisələrin rəhbərlərinə ciddi xəbərdarlıq edilmişdi. Bütün bunlar Prezident Administrasiyasından idarə olunurdu.
Şübhəsiz ki, belə çəkindirici profilaktikanın aparılması hakimiyyətin ciddi narahatlığının ifadəsi idi. Nəzərə almaq lazımdır ki, etirazın dinc forması kimi, mitinq keçirmək vətəndaşın konstitusiyada təsbit edilmiş hüququdur. Bu baxımdan, yuxarıda adıçəkilən dövlət qurumlarının açıq və gizli üsullarla əhalini çəkindirməsi, icazəli mitinqə qarşı pozuculuq işi aparması, Milli Şuranın dinc tədbirinə qarşı psixoloji təzyiq, diversiya üsullarından istifadə edilməsi ölkə qanunlarına ziddir, birbaşa Konstitusiyanın pozulmasıdır.
– Amma bütün bu pozuculuq cəhdlərinə baxmayaraq, 15 mart mitinqi kütləvi oldu…
– Bəli, bu qədər inzibati resursların, bu qədər maliyyə imkanlarının, total psixoloji təzyiqin, çəkindirmə, aldatma üsullarının işə salınmasına baxmayaraq, hökumət istəyinə nail ola bilmədi. Milli Şura 15 martda maliyyə böhranına, Azərbaycan hakimiyyətinin vətəndaşa qarşı yönəlmiş talançılıq siyasətinə qarşı uğurlu bir etiraz aksiyası keçirdi. Hakimiyyətin nəzarətində olan bir sıra media orqanları quraşdırılmış, montaj edilmiş görüntülər vasitəsilə mitinq haqqında yanlış təsəvvürlər yaratmağa cəhd göstərsələr də, yenə uğursuz oldu. Biz Milli Şura olaraq, nəinki xalqın etirazını ifadə edə bildik, eyni zamanda, bu etirazın informasiya təminatını da təşkil etdik. Mitinq meydanında – "Məhsul" stadionunda "Talana son!" deyib hayqıran adamlar qonşu ölkələrdən gətirilməmişdi. Onlar Azərbaycan gəncləri, pensiyaçılar, 21 fevralda manatla bağlı verilmiş qərarla həyatına müdaxilə edilmiş minlərlə insanlar idilər. Onların arasında yüzdən artıq elmlər doktoru, professor var idi. Biz onların çoxunu adbaad tanıyırıq. Amma biz onu da bilirik ki, hökumətin siyasətinə etiraz edənlərin sayı mitinqə qatılanların sayından dəfələrlə çoxdur. Əhalinin əsas məlumat mənbəyi olan televiziya kanalları üzərində hakimiyyətin total nəzarəti var. Bizim mitinq çağırışlarımız media orqanı kimi, "Azadlıq" qəzeti və sosial şəbəkələr vasitəsilə aparılırdı. Kiçik istisnalarla, qalan bütün informasiya orqanları ya açıq, ya da gizli formada mitinqin əleyhdarları düşərgəsində yer almışdı.
Mitinqdə iştirak edənlərin sayı ilə bağlı biz heç kəslə mübahisəyə vaxt sərf etmək fikrində deyilik. Qoy Daxili İşlər Hazirliyi hesab eləsin ki, meydanda 600 nəfər adam iştirak edib. Hakimiyyətə yarınmağın müxtəlif üsullarını axtaran bəziləri də bunu qoy lap həqiqət kimi qəbul eləsin. Biz bundan narahat deyilik, çünki niyyətlərimiz qutsaldır, hədəflərimiz millətimizin haqqı və hüququdur. Amma, axı indi Daxili İşlər Nazirliyi yeganə informasiya mənbəyi deyil, mitinqin bütün gedişi canlı göstərilib. Təkcə "Azadlıq" qəzetinin saytında 130 mindən çox adam mitinqin gedişilə tanış olub. Bu, kütləvi aksiyalara artan marağın aydın ifadəsidir. Digər tərəfdən, Daxili İşlər Nazirliyi belə mənasız üsullarla mitinqçilərin sayını deyil, əhalinin onsuz da bu quruma sarsılmış inamını daha da azaldır. Baxın, bir tərəfdən, nazirlik 600 nəfər iştirakçının iştirakı barədə açıqlama yayır, elə həmin gün bütün dünyada geniş şəbəkəsi olan BBC öz məlumatında bildirir ki, 15 mart mitinqi "son bir neçə il ərzində Azərbaycan müxalifətinin keçirdiyi ən böyük aksiyalardan biridir". Gerçək olan budur ki, 15 mart mitinqinin həyəcanı altında hökumət mediada, sosial şəbəkələrdə, "müxalifət" adı ilə idarə etdiyi düşərgədə bütün gücünü ortaya qoysa da, nəticədə çox pərt vəziyyətə düşdü. Halbuki, bütün bu hoqqabazlıqlara ehtiyac yox idi. 15 mart mitinqi dinc aksiya, konstitusiya çərçivəsində keçirilən bir tədbir kimi nəzərdə tutulmuşdu. Hakimiyyət orqanlarının vəziyyəti dramatikləşdirməsi, Milli Şuranı radikalizmə çəkməsinin ağıllı bir izahı yoxdur. Ona görə də bütün bunlar bizim təmkinimizi pozmadı. Biz hakimiyyətin yarıtmaz siyasətinə qarşı Milli Şuranın millətimizin maraqlarını ifadə edən mövqeyini ortaya qoyduq.
– Bütün bu macəralar silsiləsində 15 mart mitinqilə bağlı Sizin üçün gözlənilməz nəsə oldumu?
– Oldu. Çox təəssüf ki, biz yalnız hakimiyyətdən deyil, dostlarımızdan da zərbə aldıq. Mitinqin effektini azaltmaq üçün müxtəlif təxribatlara əl atıldı. Biz hökumətdən və onun nəzarətində olan media orqanlarından bunu gözləyirdik. Əgər xatırlayırsınızsa, hələ Milli Şuranın ötən ilin 12 oktyabrında keçirdiyi mitinqində İŞİD-in tərs tutulmuş bir bayrağı qaldırılmışdı. Bu, MTN-in xüsusi əməliyyatı idi, həmin tərs bayrağın görünməsi ilə informasiyanın getməsi arasında vur-tut 30 saniyə fərq oldu. Deməli, informasiya əvvəlcədən hazır imiş. Amma işləmədi, çünki peşəkarlıqdan uzaq olan primitiv bir əyləncə idi. 9 noyabr mitinqində İslam kartı ilə oynamağa cəhd göstərdilər. Biz vaxtında cəmiyyəti məlumatlandırdıq, bu plan da pozuldu. 15 mart mitinqinin qarşısını almaq mümkün olmayanda, xüsusi xidmət orqanları onun effektini azaldan təxribatlara əl atdılar. Bu məqsədlə mitinq başlamazdan 30-40 dəqiqə əvvəl, adam az olan vaxt ətrafdakı hündür mərtəbəli binanın damından kamera ilə çəkilmiş meydanın görüntüsü "Mitinq "quş uçuşu" məsafəsindən" adı altında bizim çox hörmət etdiyimiz "Azadlıq" radiosunun Azərbaycan xidmətinin səhifəsində yerləşdirildi və şəklin sol tərəfində də 16:31 zaman göstəricisi qoyuldu. Bax, bu, bizim üçün doğrudan da gözlənilməz oldu. Birincisi, ona görə ki, Azərbaycan cəmiyyətinin qarşısında böyük xidmətləri olan, hazırda isə hökumətin repressiyaları ilə üzləşən bir informasiya orqanı cəmiyyətdə mitinq haqqında yanlış təəssüratlar yaratmağa cəhd etmişdi. İkincisi və bundan daha betəri isə o idi ki, Azərbaycan xüsusi xidmət orqanlarının bu təxribatı "Azadlıq" radiosu kimi mötəbər bir quruma necə yol tapmışdı? Burada xüsusi xidmət orqanlarının məqsədi etibarlı bir informasiya orqanına istinadən mitinqi gözdən salmaq idi. Ona görə də sol tərəfində "16:31" zaman göstəricisi, sağ küncündə isə "Azadlıq Radiosu RFE/RL" brendi olan bu təxribat hökumətin nəzarətində olan medianın mitinq "təhlillərində" başlıca istinad nöqtəsi idi. Biz özümüzü tənqidə açıq bir qurum hesab edirik. Amma REAL-ın icra katibi Natiq Cəfərlinin mitinqdə səsləndirilən fikirləri tərsinə şərh edib aksiyanın hədəflərini tamamilə arzuolunmaz istiqamətə yönəltməsi də bizim üçün bir qədər gözlənilməz oldu. Rəğbətlə yanaşdığımız NİDA Gənclər Təşkilatının mitinq müzakirələri də bizdə bəzi suallar doğurdu. Biz özümüzə dost hesab etdiyimiz hər iki quruma hörmətlə yanaşırıq, amma xatırlatmaq istəyirik ki, bizim bu qurumlara etimadımız onların mövcud təşkilat strukturlarından, sosial baza və siyasi imkanlarından çox böyükdür.
– Hökumətin yeritdiyi siyasət etiraz aksiyalarını zəruri edir. Bu baxımdan, 5 aprel mitinqi ilə bağlı proqnozlarınız nədən ibarətdir?
– Mitinqin kütləvi olacağını hesab edirik. Amma məsələ burasındadır ki, mitinq və nümayişlər yeridilən siyasətə qarşı cəmiyyətin yeganə etiraz forması deyil. Normal cəmiyyətlərdə dövlət gedən proseslər baradə öz vətəndaşlarını məlumatlandırmağa borcludur. Bunun ən sivil yolu televiziyalarda açıq müzakirələrin, debatların təşkilidir. Buyursunlar, ən savadlı, ən intellektli hesab etdikləri müvafiq sahələrə məsul olan vəzifəli şəxslərini, partiya funksionerlərini çıxarsınlar debata və açıq dialoqun gedişində kimin kim olduğunu vətəndaş özü müəyyənləşdirsin. Hökumət açıq müzakirələrdən qaçır, müstəqil və müxalifət mətbuatını boğur, iqtisadi və sosial vəziyyət günü-gündən pisləşir. Əhali sürətlə yoxsullaşır, onsuz da daim səksəkə içində yaşayan, geniş sosial şəbəkəsi olmayan orta və kiçik biznes ciddi təhlükə ilə qarşılaşıb. Biz illərdir deyirik ki, ölkənin iqdisadiyyatını neftdən asılı vəziyyətdə saxlamaq olmaz, qeyri-neft sektoru yaradılmalıdır. Nə qədər gərəkli olsa da, süd, pendir zavodu açmaqla, şoru mədəni üsullarla qablaşdırmaqla qeyri-neft sektoru yaratmaq mümkün deyil. Azərbaycanın yerləşdiyi coğrafi mövqeyə uyğun olaraq, yük daşımaları və nəqliyyat sektorunun inkişafı alternativ sahə kimi qurula bilərdi. Lakin bürokratik əngəllər, ölkənin vergi, gömrük, nəqliyyat, sərhəd, polis, təhlükəsizlik orqanlarındakı vəziyyət buna imkan vermədi. Siyasi istək də olmadı, nəticədə qərb-şərq və əks marşrutlar üzrə yükdaşımaların vur-tut 4 faizi Azərbaycan üzərindən həyata keçirilir. Neft pulları iqtisadi gözləntiləri olmayan qeyri-istehsal sahələrinə yönəldildi. Monopoliya və qanunsuz idxal kənd təsərrüfatını gəlirsiz sahəyə çevirdi. Təmtəraqlı proqramlar bəyan edilsə də, ortada ciddi bir şey yoxdur. Regionların sosial-iqtisadi inkişafı rayonlarda Heydər Əliyev mərkəzlərinin yaradılmasından o tərəfə keçmədi. Nəticədə, Bakıdan kənar rayonlar yenə də mərkəzdən verilən dotasiyalar hesabına yaşayır. İşsizlik baş alıb gedir. Çarəsizlikdən mənzilini kirayə vermək və buna bənzər işlər üçün vergi orqanlarından alınan VÖEN avtomatik olaraq vətəndaşın yeni iş yeri kimi qeydə alınır. Nəticədə yeni iş yerlərinin fantastik rəqəmləri (xüsusilə regionlarda) dövriyyəyə buraxılır. Ölkədə kiçik və orta biznesin oturuşmasına imkan vermədilər. Korrupsiyaya qarşı mübarizə məqsədilə yaradılan çoxsaylı və çoxprofilli komissiya, komitə və idarələrin sayı artdıqca, korrupsiyanın səviyyəsi də yüksəlir. Bu, uzun davam edə bilməzdi. İqtisadi qanunlara məhəl qoyulmayan, heç bir qabaqlayıcı tədbir görməyən, əhalinin başını inkişaf haqqında şirin nağıllarla qarışdıran, anti-böhran proqramı olmayan hökumət 21 fevral qərarı ilə böhranın ağırlığını xalqın üzərinə yönəltdi. Məlum oldu ki, az qala, inkişaf simvolu kimi təqdim edilən manatın arxasında iqtisadi güc yoxmuş, hər şeyi rüşvətlə əldə etməyə alışmış hökumət manatın dollara nisbətdə məzənnəsini də azad bazar qanunları, liberal iqtisadiyyat göstəricilərinə görə yox, məhz bazara pul atmaq hesabına saxlayırmış. Neft böhranının birinci həmləsi manatın saxta imicini dağıtmaqla yanaşı, bu saxta imiclə öyünən fərsiz hökumətin üzünü millətin yanında nöyütdən də qara etdi. Ən dəhşətlisi odur ki, uzun müddət manatı rüşvət, korrupsiya, maliyyə maxinasiyaları alətinə çevirmiş hakim elita indi onu iqtisadi mexanizmlərin işlənib hazırlanması, işə salınması hesabına deyil, əhalinin cibində qəpik-quruş axtarışı ilə xilas etmək istəyir. Xalqın cibinə girməyin ağlagəlməz yolları uydurulur.
Xəyal